Sinxua: Azərbaycan-Çin münasibətləri bütün sahələrdə yüksək səviyyədə inkişaf edir

 

 "Azərbaycan-Çin münasibətləri bütün sahələrdə, o cümlədən iki ölkənin parlamentləri arasında əlaqələr baxımından yüksək səviyyədə inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Çin parlamentlərarası dostluq qrupu yaradılmış, bu qrupda Çinin əsl dostları toplaşmışdır. Ümumçin Xalq Nümayəndələri Məclisində də müvafiq qrup yaradılmışdır. Bizə məlumdur ki, Çin parlamentində heç də  bütün dövlətlər üzrə bu cür qruplar yaradılmır".

AzərTAc xəbər verir ki, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun sədri, Milli Məclisin deputatı, Yeni  Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov bu  fikirləri Çinin Sinxua informasiya agentliyinə eksklüziv müsahibəsində söyləmişdir.

Onun sözlərinə görə, hər iki ölkənin parlament üzvləri bir neçə dəfə qarşılıqlı səfərlər etmişlər. Bu səfərlər zamanı həm fikir və təcrübə mübadiləsi aparılmış, həm də ikitərəfli münasibətlərin və dostluğun daha da inkişaf etdirilməsi üçün yaxşı təməl qoyulmuşdur. Bütün bunlar həm Azərbaycan və Çin parlamentləri arasında qarşılıqlı münasibətlərə, həm də iki ölkə və onların xalqları arasında dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərir.

Əli Əhmədov ikitərəfli iqtisadi əlaqələrdən söhbət açaraq bildirmişdir ki, iqtisadi əməkdaşlıq üzrə xüsusi hökumətlərarası komissiya indiyə qədər üç iclas keçirmişdir. Bu komissiyanın fəaliyyəti iki ölkə arasında ticari-iqtisadi münasibətlərdə mühüm rol oynayır. "2010-cu ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi təqribən bir milyard dollar olmuşdur. Bu, bir tərəfdən, iqtisadi sahədə yaxşı səviyyəyə çatmağımıza, digər tərəfdən bu  sahədə əməkdaşlığın daha da genişləndirilməsi  üçün yaxşı imkanlar olmasına dəlalət edir" - deyən Əli Əhmədov əlavə etmişdir ki, bu  yaxınlarda Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə işçi qrup yaradılmışdır. Bu fakt ölkələrimizin iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olmasını bir daha təsdiq edir.

Əli Əhmədov partiyalararası əməkdaşlıq məsələsinə toxunaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası öz ideologiyasına görə sağ-mərkəzçi partiyadır, Çinin hakim partiyası isə kommunist ideologiyasına xidmət edir. Buna baxmayaraq, mehriban qarşılıqlı əlaqələrə malik olan bu partiyalar arasında əməkdaşlığa heç bir maneə yoxdur.

 

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 1.