Uruqvay beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Özlərinin ürəyindən keçənləri həqiqət kimi qələmə verməyə çalışan Ermənistan kütləvi informasiya vasitələri beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə növbəti dəfə təhrif edilmiş informasiya yaymışdır.

Xatırladaq ki, Ermənistan KİV-in yaydığı məlumata görə, Cənubi Amerikadakı "Hay Dat" komitəsinin və Uruqvay-Ermənistan parlament qrupunun təşəbbüsü ilə Ermənistan-Uruqvay münasibətlərinə həsr olunmuş görüşdə Uruqvayın xarici işlər naziri Luis Almaqro Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən, guya, Dağlıq Qarabağın separatçı rejiminin tanınmasına tərəfdar olduğunu bildirmişdir.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir: "Azərbaycanın Buenos-Ayresdəki səfirliyi bu məsələni aydınlaşdırır. Səfirlik artıq Uruqvayın Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmışdır. Uruqvayın xarici işlər nazirinin müavini Roberti Karreras Azərbaycanın Buenos-Ayresdəki səfiri Məmməd Əhmədzadə ilə söhbətində vurğulamışdır ki, onun ölkəsi beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır, Azərbaycanın ərazi bütövlüyü və ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyir".

Azərbaycanın Buenos-Ayresdəki səfirliyi bu məsələni aydınlaşdırmaqda davam edir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 1.