AzərTAc-ın sərəncamında ən mütərəqqi texnologiyalar vardır

 

 Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ölkəmizdə elektronika məhsulları istehsalı və satışı üzrə aparıcı şirkət olan AZEL-in nümayəndələri ilə görüş olmuşdur.

Görüşdə ölkəmizin müxtəlif dövlət strukturlarını və kommersiya müəssisələrini müasir texnologiyalarla təmin edən AZEL ilə AzərTAc arasında əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

AzərTAc-ın baş direktoru Aslan Aslanov beynəlxalq informasiya agentliklərinin bir sıra alyanslarının üzvü olan dövlət agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə əlaqədar innovasiya texnologiyalarının tətbiq edilməsinin vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, həmin sənədə uyğun olaraq agentlikdə yeni multimedia xidməti yaradılmışdır. AzərTAc-ın tikilməkdə olan yeni inzibati binasında əməkdaşların ən müasir texnologiyalarla təmin edilməsi nəzərdə tutulmuşdur.

AZEL-in prezidenti İqor Yakovenko şirkətin reallaşdırdığı yeni məhsullar, o cümlədən indiki dövrdə çox aktual olan arxiv məlumatlarının saxlanması, informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri barədə məlumat vermişdir.

Enerji mənbəyindən asılı olmayan yaddaş qurğuları sahəsində dünyada tanınmış lider olan SanDisk şirkətinin MDB ölkələrində satış üzrə regional meneceri Vitali Oginski isə innovasiyalı filəş-toplayıcılar sahəsində yeniliklər barədə məlumat vermişdir.

Görüşdə AzərTAc-ın mühəndis heyətinin informasiya-kommunikasiya texnologiyaları sahəsində yeniliklərlə mütəmadi tanış edilməsi və AZEL ilə əməkdaşlığın daha da genişləndirilməsi haqda razılıq əldə edilmişdir.

 

Azərbaycan.-2011.-10 sentyabr.-S.4.