Kimyaçılar ekologiya məsələlərini müzakirə ediblər

 

"Azərikimya" İstehsalat Birliyində "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq ekologiya konfransı keçirilib.

Üç gün davam edən konfransda Almaniya və Azərbaycanın ekologiya məsələləri ilə məşğul olan dövlət qurumlarının və ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfrans çərçivəsində "Azərikimya" və Almaniyanın GİCON şirkəti arasında "Əməkdaşlıq haqqında saziş" imzalanıb. Tədbirdə Almaniyanın Sumqayıtla tərəfdaş şəhəri olan Lüdviqshafenin nümayəndələri xanım Yudit Rader və Uve Frolixin "Çirkləndirilmiş ərazilərin yerli perspektivdən idarə olunması" və BASF şirkətinin nümayəndəsi Uve Ganqlitsin "Şirkətlərin ətraf mühitin idarə olunması konsepsiyası", GİCON şirkətinin təmsilçiləri Tilo Hok, Uve Kallert və Tomas Delşenin "Çirklənmə mənbəyi olan torpaqların risklərinin qiymətləndirilməsi, həmçinin bu çirklənmələrin insan orqanizminə və yeraltı sulara təsiri" mövzularında məruzələri dinlənilib. GİCON şirkətinin rəhbəri Yoxen Grossmann, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev və "Azərikimya" İB-nin ekologiya şöbəsinin böyük mühəndisi İlham Məhərrəmov Sumqayıtın və onun sənaye zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlər, həmçinin Almaniyanın ekologiya üzrə dövlət strukturları və ictimai təşkilatları ilə birgə həyata keçirilmiş tədbirlər barədə danışıblar.

Tədbirin sonuncu günündə bir sıra məruzələr dinlənilib və konfrans  iştirakçıları üçün ekskursiyalar təşkil olunub.

 

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 4.