İsrail KİV-i: «Türkiyə barəsində «Liberman planı» Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxara bilər»

 

Bu yaxınlarda İsrailin "Yediot Axronot" nəşri "Liberman planı" deyilən sənədi şərh etmişdir. Erməniləri və kürdləri dəstəkləmək yolu ilə Türkiyədən qisas almağa yönəlmiş bu plan ciddi narahatlıq doğurur və bir sıra səbəblər üzündən məntiqsiz görünür.

AzərTAc "İsruz" informasiya portalına istinadla xəbər verir ki, sözügedən planın həqiqətən bu nəşrdə qələmə verildiyi formada mövcud olması inandırıcı deyildir.

"Yediot Axronot" nəşrində qeyd edilir ki, İsrail XİN-in başçısı Aviqdor Liberman qondarma "erməni soyqırımı"nın tanınması məsələsini beynəlxalq miqyasda dəstəkləməyə hazırdır. Lakin bu nəşrin fikrincə, belə bir addım atılması İsrailin Azərbaycanla münasibətlərinin avtomatik olaraq pisləşməsi demək olardı.

"İzrus" portalında deyilir: "Azərbaycan müsəlman dünyasında İsrailin praktiki olaraq yeganə strateji tərəfdaşıdır. Üstəlik, məhz İsrail XİN başçısı Azərbaycanla strateji alyansın memarlarından biri olmuşdur. Bu səbəbdən onun başçılıq etdiyi "İsrail bizim evimizdir" (İBE) partiyası Merets, "Kadima" və "Likud" partiyalarından olan deputatların qondarma erməni soyqırımının tanınması haqqında qətnamənin Knessetdə qəbul edilməsi cəhdlərinə hər vasitə ilə mane olmuşdur.

Xarici işlər nazirinin müavini və İBE-nin deputatı Dani Ayalon təqribən dörd ay bundan əvvəl bəyan etmişdir ki, qondarma erməni soyqırımının Knesset tərəfindən tanınmasına əsla şans yoxdur. D.Ayalon demişdir: "Bu mümkün deyildir. Biz yüzillik tarixi olan mübahisəli məsələlər ucbatından müsəlman aləmində özümüzün əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlaya bilmərik".

 

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 1.