Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 147-ci və 149-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin ipoteka institutunun mahiyyətinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda formalaşdırdığı hüquqi mövqeyinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-13 sentyabr.-S.3.