Təhsil infrastrukturu müasirləşdirilir

 

 "Hesab edirəm ki, indi vaxt gəlib, biz mövcud məktəblərin təmirinə daha çox vəsait ayıraq. Çünki buna daha böyük ehtiyac varE Təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir".

 

 İlham ƏLİYEV

 

 Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, maarifçilik ənənələrinin genişləndirilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir. Hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox dövlət proqramları və layihələr həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında daim vurğulayır ki, təhsilin infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan gənc nəslin intellektual inkişafına nail olmaq mümkün deyil. Bu sahədə problemi kəskinləşdirən məqamlardan biri də respublikanın əksər bölgələrində məktəb binalarının köhnə və yararsız hala düşməsi, qəza vəziyyətində olması ilə bağlı idi. Əksəriyyəti keçmiş SSRİ dövründə inşa olunmuş bu məktəblərin acınacaqlı vəziyyəti tədrisin keyfiyyətinin mahiyyətcə yeniləşməsinə ciddi əngəl törədirdi. Hələ 2002-ci il oktyabr ayının 4-də ümummilli lider Heydər Əliyev "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalamışdır. Həmin sərəncamda ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi nəzərdə tutulurdu. Bu mühüm sənədin icrası ilə bağlı o zaman Təhsil Nazirliyi müvafiq təhlillər aparmış, real vəziyyət ətraflı şəkildə öyrənilmişdi. Məlum olmuşdur ki, respublikada fəaliyyət göstərən 4513 ümumtəhsil məktəbinin 1248-i birtipli layihə üzrə tikilmiş, 3265-i isə uyğunlaşdırılmış binalarda yerləşdirilmişdir. Həmin məktəblərin 800-dən çoxu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə inşa olunmuşdur. 2003-cü il fevralın 17-də ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramı (2003-2007-ci illər)"nın təsdiq edilməsi haqqında verilən sərəncam bu istiqamətdə yaranmış problemlərin aradan qaldırılması sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədi olmuşdur. Təsdiq edilmiş proqrama müvafiq olaraq 2003-2007-ci illərdə respublika üzrə 44 min 698 şagird yeri olan 149 yeni məktəbin tikintisi, 175 məktəb üçün 1328 əlavə sinif otağının inşası, 408 məktəbin əsaslı təmiri aparılmışdır.

Problemin həllinin davamı 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda öz əksini tapmışdır. Bundan başqa, ölkə başçısının 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə (2006-2008-ci illər) Dövlət Proqramı" da uğurlu nəticələrə imkan yaratmışdır. Sözügedən dövlət proqramları ayrı-ayrı bölgələrdə, o cümlədən paytaxtın qəsəbələrində təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaratmış, orta ümumtəhsil məktəblərinin bərpası və yenidənqurulması, habelə yeni məktəblərin tikintisi prosesi geniş vüsət almışdır. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Dövlət başçısının "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə 25 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2003-2009-cu illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə diqqət və qayğının bariz təcəssümüdür.

Ümumiyyətlə, ötən ilədək Azərbaycanda 550 min şagird yerlik 2 minə yaxın yeni məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblərin faizi 73,3-dən 49-a, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 23-ə enmişdir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox  şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəblərin maddi-tədris bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılmışdır. Bundan başqa, məcburi köçkün uşaqlar üçün əlverişli təlim şəraitinin yaradılması məqsədilə 2001-2010-cu illərdə Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkün ailələrindən olan şagirdlər üçün 130-a yaxın orta məktəb tikilib istifadəyə verilmişdir.

Təhsilin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son 7 ildə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən, 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Perspektiv üçün əsas hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da regional inkişafa təkan verən fundamental əhəmiyyətli sənəd olaraq məktəblərin tikintisinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Proqrama əsasən, qarşıdakı beş ildə təhsil sahəsində həyata keçiriləcək işlər onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənəcəkdir.

2010-2011-ci dərs ili ərəfəsində isə respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilmiş, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilmişdir. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə ötən tədris ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 11975 müəllim stolu və stulu göndərilmişdir.

Bu dərs ilini 12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə qarşılayacaqdır. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə sinif otaqları inşa olunmuşdur. Ağcabədi, Bərdə, Şəki, Masallı, Gəncə, Şabran, Şəmkir, Lerik, Qobustan, Oğuz, Kürdəmir, Zaqatala və digər rayonlarda əksəriyyəti 480, 360, 220 şagird yeri olan müasir standartlara uyğun, yüksək səviyyəli, hər cür avadanlıqlarla təchiz edilmiş təhsil ocaqları istifadəyə verilmişdir. Cari dərs ili ərəfəsində 6 məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılmış, bir internat məktəbin, 480 şagird yerlik bir peşə məktəbinin tikintisi, bir peşə liseyinin təmiri başa çatmışdır. Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində avadanlıq verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, bu il paytaxtda 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq ötən dərs ilində 27 min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından keçmiş, 180 ümumtəhsil məktəbinə 1733 ədəd kompyuter, 148 məktəbə 402 notbuk, 14 məktəbə 1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə 30 printer verilmişdir. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 503-dən 1100-ə çatdırılmışdır. Yeni dərs ili ərəfəsində ölkə Prezidenti İlham Əliyev bir çox təhsil ocaqlarında - Bakıdakı 35, 150, 189, 225 orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, Xəzər rayonunun Şağan qəsəbəsində 1000 şagird yeri olan yeni məktəb binasının inşası ilə bağlı göstərişlərini vermişdir. Bundan başqa, dövlət başçısı Ağcabədi şəhərində Şahmat Məktəbinin, Şabran Uşaq Yaradıcılıq Mərkəzinin, Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir.

Respublika Prezidentinin 11 iyul 2011-ci il tarixli sərəncamına əsasən, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması yeni dərs ili ərəfəsində ölkəmizin ictimiai-siyasi və sosial həyatında mühüm və əhəmiyyətli hadisə olmuşdur. Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin qurulmasını təmin edəcək Milli Strategiyanın hazırlanması təhsilin inkişafının dövlət siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə tutulmasına, ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi müntəzəm diqqət və qayğıya əyani sübutdur.

Bu gün ölkədə həyata keçirilən  sosial-iqtisadi islahatların uğurları, ilk növbədə, davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların, o cümlədən insan kapitalının formalaşmasına yönəldilir. Təhsil infrastrukturunun təkmilləşdirilməsi sahəsində reallaşdırılan ardıcıl tədbirlər də məhz bu məqsədin gerçəkləşdirilməsinə xidmət edir.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.-2011.-15 sentyabr.-S.9.