«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 35-ci cildi çapdan çıxmışdır

 

"Hər xalqın öz adət-ənənəsi var, öz milli- mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 35-ci cildindən - Prezident Heydər Əliyevin 2001-ci il avqustun 14-də verdiyi bəyanatından götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci il iyunun 21-dən 2001-ci il avqustun 30-dək olan dövrü əhatə edir.

Ümummilli lider Heydər Əliyevin geniş və dərin siyasi fəaliyyətini rəsmi sənədlərdə əks etdirən çoxcildlik əsərlərinin bu nəşrində müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlət quruculuğunun sürətlə inkişafı, bir sıra yeni istehsal müəssisələrinin açılışı, ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə dair zəngin materiallar yer almışdır.

Kitabda, eyni zamanda, Azərbaycanda səfərdə olmuş beynəlxalq təşkilatların rəhbərləri, bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələri ilə görüşlərə, danışıqlara dair materiallar, Rusiya Federasiyası, Latviya, Ukrayna və digər ölkələrin kütləvi informasiya vasitələrinə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin verdiyi müsahibələr toplanmışdır.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Yenicə çap olunmuş cilddə də ulu öndərin ATƏT-in baş katibi, ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində  keçirdiyi görüşlərin, apardığı müzakirələrin, həmçinin bu sahədə imzalanmış sənədlərin materialları və mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri də vardır. ATƏT-in baş katibi Yan Kubiş ilə görüşü zamanı dedikləri münaqişəyə yanaşmada ulu öndərin böyük həssaslıq göstərdiyini nümayiş etdirir: "ATƏT-lə əməkdaşlığımız bizə ən çox Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bir milyon insanın öz yaşayış yerlərinə qayıtması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün gərəkdir".

Bunlardan əlavə, kitaba ümummilli liderin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və bp şirkətinin Bakıdakı ofisində ən müasir texnologiya ilə təchiz edilmiş üçölçülü vizuallaşdırma mühiti zalının və Bakı poladəritmə zavodunun açılışı zamanı etdiyi çıxışlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli mərasimdə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərin istifadəyə verilməsi münasibətilə keçirilmiş tədbirdə və digər görüşlərdəki nitqləri daxil edilmişdir.

"Azərnəşr" nəşriyyatında çap olunan çoxcildliyin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 6.