Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 14 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

 Qərar N 8/27

 

 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Əliyev Şahin İslam oğlu 2011-ci il sentyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyası tərəfindən həmin seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyaları formalaşdırılarkən deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların təmsilçilik normalarının pozulduğunu bildirib, bununla bağlı müvafiq dairə seçki komissiyasının 15 avqust 2011-ci il tarixli 4/10 saylı qərarının qanunsuz olması səbəbindən ləğv olunmasını və həmin şəxslər haqqında qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini xahiş etmişdir.

 Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək, müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi Əliyev Şahin İslam oğlu dairə seçki komissiyasının 15 avqust 2011-ci il tarixli iclasında komissiyanın həlledici səs hüquqlu üzvü olaraq iştirak etmiş və qərardan həmin gün məlumatlı olmuşdur. Eyni zamanda qəbul olunmuş qərar həmin gün dairə seçki komissiyasının löhvəsindən asılmış və qərarın mətni tam şəkildə əks edilmiş iclas protokolunun surəti 22 avqust 2011-ci il tarixində  maraqlı şəxsə çatdırılmışdır.

Belə ki, müraciətin daxilolma tarixindən, 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 15 avqust 2011-ci il tarixli 04 saylı protokolundan və adı çəkilən dairə seçki komissiyası sədrinin məktubundan görünür ki, şikayətçi Əliyev Şahin İslam oğlu dairə seçki komissiyasının müvafiq qərarından məlumatlı olmuş və şikayəti şikayətvermə müddətinin ötürülməsi ilə vermişdir.

Yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındığından və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə qeri göndərilməsinə dair rəy verməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyiya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Ona görə də müraciətdə qeyd edilən qanun pozuntuları ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4.1.2-ci, 6 və 7-ci bəndlərinə əsasən   qərara  alır:

1. Vətəndaş Əliyev Şahin İslam oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 14 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

 

 19.09.2011

 

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.5.