Azərbaycan Avstriya ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır

 

 Sentyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər geniş müzakirə olunmuşdur.

Ə.Qarayev belə görüşlərin Azərbaycan-Avstriya ikitərəfli əməkdaşlığının genişlənməsinə xidmət etdiyini vurğulamışdır.  Bildirilmişdir ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.

Son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir bildirmişdir ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Nazir qeyd etmişdir ki, hazırda Bakıda dahi Azərbaycan bəstəkarı  Üzeyir Hacıbəylinin adını daşıyan III Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda dünyanın 10-dan çox ölkəsindən musiqiçilər iştirak edir. Bu, bizi çox sevindirir, ona görə ki, Vyanada da dahi bəstəkarımızın əsərləri səhnəyə qoyulmuş və müəllifinə çox böyük uğur qazandırmışdır.

Azərbaycanın turizm, muzey, kitabxana və digər mədəni sahələrdə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyən nazir bu istiqamətdə iki ölkə arasında mövcud potensialdan yetərincə istifadə edilməməsindən təəssüfləndiyini bildirmişdir.

Dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən bütün təşəbbüsləri dəstəklədiklərini bildirən Vyana şəhərinin vitse-meri Renata Brauner vurğulamışdır ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcəkdir.

Qonaq Azərbaycanda olmalarından və günbəgün yeniləşən Bakını gəzmək imkanı qazanmalarından məmnunluğunu ifadə etmişdir.

 

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.7.