Səsin minbir
naxışı
Sənət dünyası
Vətəndən
uzaqlarda Azərbaycana qanadlanan
bir xəbər musiqisevərlərin
sevincinə səbəb oldu. Səmərqənd şəhərinin məşhur
"Reğistan" meydanında YUNESKO-nun himayəsi
altında keçirilən "Şərq təranələri"
VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa
çatdı. Bu mötəbər
musiqi bayramında dünyanın 56 ölkəsindən
gəlmiş 400-dən artıq musiqiçi,
muğam nəzəriyyəçisi,
həmçinin Özbəkistanın ədəbiyyat, incəsənət,
mədəniyyət xadimləri, səfirlər və media nümayəndələri iştirak
edirdilər. Festivalın açılış mərasimində
Özbəkistan Prezidenti İslam
Kərimov bu möhtəşəm musiqi bayramı münasibətilə bütün iştirakçıları ürəkdən
təbrik etmişdi. Festivalda
Azərbaycanı xalq artisti
Nəzakət Teymurova təmsil edirdi. "Xarı bülbül"
Xalq Çalğı Ansamblının
müşayiəti ilə azərbaycanlı sənətkar xalq mahnılarını və muğam
dəstgahını oxudu. Məlahətli
səsi ilə tamaşaçıların rəğbətini
qazanan muğam
ustası bu festivalda YUNESKO-nun "Ən gözəl səs"
adlı xüsusi mükafatına layiq görüldü.
Xatırladaq ki, 1997-ci ildə keçirilmiş
I "Şərq təranələri" festivalında Azərbaycanı
təmsil edən müğənni Simarə İmanova ən
yüksək mükafata - "Qran pri"yə layiq
görülmüşdü. Sonrakı illərdə Alim
Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov
birinci, Zabit Nəbizadə ikinci yerə layiq
görülüblər. Amma Nəzakət Teymurova ilk Azərbaycan
muğam ustadıdır ki, məhz YUNESKO-nun "Ən gözəl
səs" adlı mükafatı ilə təltif edilib. Bu,
sadəcə, bir festival qələbəsi yox, YUNESKO kimi
mötəbər beynəlxalq mədəniyyət mərkəzinin
azərbaycanlı ifaçıya, milli musiqiyə, muğamlarımıza
verdiyi çox yüksək və nüfuzlu qiymətdir. Əlbəttə,
musiqimizin tanınması, muğam
ifaçılarımızın, müğənnilərimizin
beynəlxalq arenada belə yüksək dərəcədə
dəyərləndirilməsi
istiqamətində YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın böyük xidməti
vardır.
Qələbə sevincli müğənnimizlə
redaksiyada görüşdük. Qibtə ediləcək dərəcədə
yaddaşı və hafizəsi var. Bütün xalq
mahnılarının sözlərini əzbər bilir. Amma
yada salanda mütləq zümzümə etməlidir.
Avazından gözəl Qarabağın ətri gəlir. Bu səbəbdən
də onu dinləyəndə səsini içimizə çəkərək
ürəyimizin döyüntüsünə qatırıq. Nəzakət
xanım oxuduqca gözlərimiz önündə
Qarabağın minbir mənzərəsi açılır,
ana yurda gedən yollar görünür. Onun səsinin ahəngində
qəribə bir qüdrət var. Bu məlahətli və
yanıqlı səs dinləyicinin varlığında
qeyri-adi bir təlatüm yaradır. Ona qulaq kəsildikcə
bir laylay şirinliyi duyulur, ana əlinin sığalı hiss
edilir. Eləcə bu səsə qoşulub əlçatmaz,
ünyetməz yerlərin görüşünə getmək
istəyirsən.
Təbəssümlü görünsə
də, gözlərinin dərinliyində kədər və
xiffət duyulur: "Bilirsiniz, mən Qarabağda dünyaya gəlmişəm.
Uşaqlığım ağır illərə təsadüf
etdi. Bizim evimiz ermənilərin atdığı mərmilərin
dağıntısına məruz qaldı. Yurd-yuvamız əlimizdən
getdi. Ailədə on uşaq olmuşuq. Atamı da erkən
itirmişəm. Anamın sinəsi çox
dağlıdır. Bir tərəfdən yurd itkisi,
böyük bacımın qəfil ölümü -
bütün bunlar hamısı onun şirin laylalarına
ağır bir kədər qatıb. Deyirlər ki, Qarabağda
adi daşın da səsi olar. Mübaliğəsiz söyləyim
ki, anam Firəngizin çox yanılqlı, təsiredici səsi
var. Onun zümzümə etdiyi bayatılarında,
ağılarında elə sözlər var ki, onu sonralar
heç bir ədəbiyyatda oxumadım".
Səsinin hünərinə
dünyanı dolaşıb. Çox möhtəşəm
konsert salonlarında uğurla çıxış edib.
Tamaşaçılar onu saatlarla ayaqüstə
alqışlayıblar. Hətta elə müsabiqələr, tədbirlər
olub ki, ermənilərlə üz-üzə dayanmaq zorunda
qalıb. Bir vətəndaşlıq qeyrəti və hünəri
ilə onların xoşagəlməz səslərini Azərbaycan
muğamlarının gücünə batırmaq istəyib.
Elə bu sonuncu tədbirdə həm İrəvandan, həm də
Amerikadan gəlmiş ermənilər də iştirak edirdilər.
"Məni yandıran odur ki, bizim balabanı əlinə
alaraq dünyanı gəzən Civan Kasparyan adlı birisi bu
festivala da öz ismini qoyduğu nəvəsini gətirmişdi.
Balabanımız bu erməni "dığa"sının əlində
"dudik" adlanırdı". Amerikadan gələnlər
məhz balabanda Azərbaycan rənglərini, musiqilərini
çalırdılar. İrəvandan olanlar isə qədim
xalq mahnı və muğamlarımızı oxuyurdular.
Nəzakət Teymurovaya bu hadisə
çox ağır təsir edib. Nə cür əsəbi vəziyyətə
düşübsə, bir an ona elə gəlib ki, səsi
artıq batdı. Amma düşmənə olan sonsuz nifrəti
və vətən sevgisi köməyinə yetib.
"Qınamayın məni. Biz ifaçılar da belə yerdə
səsimizlə döyüşürük", - söyləyir.
Əlbəttə, fərəh duyulmalı haldır ki, belə
bir məqamda məhz azərbaycanlı ifaçı ən
yüksək mükafata layiq görülüb.
O, 1972-ci ildə Ağdam rayonunun Əlmədədli
kəndində doğulub. Uşaq vaxtından musiqiyə,
mahnı ifaçılığına böyük
marağı olub. Məktəblərindəki özfəaliyyət
dərnəyinin üzvü idi. Tez-tez Ağdam şəhərində
konsert verməyə gedərdilər. Amma heç kəs onun
müğənni olmasını istəmirdi. Bu səbəbdən
də orta məktəbin VIII sinfini bitirdikdən sonra Bakı
Baza Energetika Texnikumuna daxil olub. Amma ürəyi bu təhsil
ocağında axıradək oxumağa imkan verməyib.
Müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi Məktəbinə
daxil olub. Nəriman Əliyevin sinfində oxuyub. 1995-ci ildə
isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.
Xalq artisti, professor Arif Babayevdən dərs alıb. Elə həmin
ildən də Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının solistidir. İlk işi də "Leyli və
Məcnun"da baş rolu yaratmaq olub. Doğrudur, bu səhnədə
Leyli rolunun çox mahir, adlı-sanlı, yaddaşlara iz salan,
sənətdə öz yolu olan ifaçıları var. Amma
bu, bir həqiqətdir ki, Nəzakət Teymurovanın təqdim
etdiyi Leyli də fərqli alınıb. Gözləri qəmli,
sifəti təbəssümlü, zərif, səsinin ahəngində
ürəyinin çırpıntısı duyulan Leyli! Onun tərəf-müqabili
xalq artisti Mənsum İbrahimovun fikri çox
maraqlıdır: "Səhnəyə çıxana qədər
mən Nəzakət xanımı həmkarım kimi
görürəm. Tamaşada isə özgə aləmdir.
İnanırsınız ki, mən Mənsumluğumu da
unuduram. Qarşımdakı əlçatmaz gözəlliyin
önündə külə dönürəm. Hər dəfə
də belə olur. Tamaşadan sonra sağ qalmağıma heyrətlənirəm.
Nəzakət Teymurova həqiqətən bu Leyli
qatarının sırasında çox fərqli bir
ampluadadır".
Müəllimi Arif Babayev də onun
haqqında səmimi danışdı: "Tələbəm
çox olub. Hamısından da razıyam. Bəxtimdən gənclər
əvvəlcədən özlərinə, səslərinə
əmin olduqdan sonra mənim yanıma gəlirlər. Amma bu
qızın səsində, vallah, bulaq şirinliyi var. Bilirsiniz
də çay, okean, göl, dəniz, bir sözlə, nəhrlər
çoxdur. Amma meşədə, dağda, bir qayanın,
daşın altından bir ovuc su çıxır e, onun
dadı əvəzsizdir, müqayisəsi tapılmaz. Bax, Nəzakət
Teymurovanın da səsində bu cazibəni,
ecazkarlığı duyuram. Allah ona ömür versin. Hələ
nə qədər cavandır, səsi də yerindədir, qoy
opera səhnəmizdə çoxlu obraz yaratsın, gələcək
üçün də hamısı lentə
alınsın".
Obrazlar qalereyası rəngarəngdir.
Leylidən başlanan yol Şahsənəm ("Aşıq Qərib"),
Gülbahar ("Gəlin qayası"), xanəndə
qızlar ("Vaqif", "Natəvan",
"Koroğlu") kimi rolların təqdimindən
keçib.
Ümummilli lider Heydər Əliyev tərəfindən
2000-ci ildə əməkdar artist, ölkə Prezidenti
İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə
xalq artisti fəxri adına layiq görülüb. Nəzakət
Teymurova, eyni zamanda, Prezident mükafatçısıdır.
Onun səsinin yayıldığı
coğrafi ərazi də çox genişdir. Sənətçimiz
Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə,
İran, İsveçrə, Küveyt və digər yerlərdə
konsert proqramları ilə çıxış edərək
Azərbaycan muğamlarını məharətlə ifa
etmişdir. Dövlət səviyyəli tədbirlərdə,
yubileylərdə, xarici ölkələrdə keçirilən
Azərbaycan Mədəniyyət Günlərində müntəzəm
çıxış edən Nəzakət Teymurova həm də
pedaqoji fəaliyyətlə məşğul olur. Milli
Konservatoriyada və Musiqi Kollecində muğamdan dərs deyir.
Söhbət zamanı ürəyindən
keçən bir fikri də dilə gətirdi: "Elə istəyirəm
ki, xarici ölkələrdə təşkil olunan Azərbaycan
gecələrində, konsertlərdə balaban
ifaçılarımızın fəaliyyəti ayrıca bir
nömrə kimi salınsın. Gör neçə illərdir
ki, ermənilər bu alətlə dünyanı
dolaşırlar. Onlar "Sarı gəlin"ə də
sahib durmaq istədilər. Yaxşı ki,
ifaçılarımız indi bütün görüşlərdə,
beynəlxalq müsabiqələrdə, tədbirlərdə,
musiqili gecələrdə bu mahnını oxuyurlar. Elə mənim
özüm də uzun illər "Sarı gəlin"ə
yaxın dura bilmədim. Hazır deyildim. Amma indi onu hər
konsertimdə dilə gətirməsəm, ürəyim
partlar".
Əlbəttə, milli sərvət
sahiblik sevir. Laqeydlik, unutqanlıq onun əldən getməsinə səbəb
ola bilər.
Bir məsələ də var ki, ermənilər
dədə-babadan oğurluqla
məşğuldurlar. Cibində gizlətsən də, aparmağa çalışacaqlar.
Əsas odur ki, biz öz
sərvətimizin keşiyində
mətin dayanmaqla bərabər, onu özümüz işlədək,
nümayiş etdirək,
göstərək. Elə ifadələr,
sözlər var ki, onlar erməni
dilində yoxdur.
Məhz bizim özümüzə
məxsusdur. Eləcə də
xalq mahnılarının,
muğamların sözlərini
ermənicə qarşılığını
belə tapmayaraq azərbaycanca işlətməyin
özü də onların əliəyriliyindən
xəbər verir.
Nəzakət xanımın qovuşmaq
istədiyi müqəddəs
arzularından biri də doğma Əlmədədliyə dönməkdir. Tez-tez anası Firəngiz xanımın titrək səslə çəkdiyi ağı
onun da dilinin
əzbəridir:
Ağam gəl,
ay ağam, gəl,
Ölməmişəm, sağam, gəl.
Boynumda qəm
zənciri
Yolunda dustağam,
gəl!
Bu həm də
doğma yerlərin çağırışıdır. Səsi ilə salonlar titrədən, alqışlar qazanan, sevilən, şöhrətlənən
xalq artisti Nəzakət Teymurova nə vaxtsa candan əziz tutduğu Ağdama mütləq qayıdacaq!
Biz inanırıq ki,
YUNESKO-nun dəyərləndirdiyi bu gözəl səs Cıdır düzünü, Çalbayır
dağlarını, Dəli
dağı lərzəyə
gətirəcək...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2011.-22
sentyabr.-S.7.