Qafqaz Müsəlmanları İdarəsinin sədri Mədinədə keçirilmiş «Təkfir amili fenomeni» adlı beynəlxalq konfransda iştirak etmişdir

 

 Sentyabrın 20-21-də Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərində "Təkfir amili fenomeni" adlı beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İki Müqəddəs Ocağın xadimi Kral Abdullah bin Əbdüləziz Al Saud və Səudiyyə Ərəbistanı Baş nazirinin ikinci müavini, daxili işlər naziri Əmir Naif bin Əbdüləziz Al Saudun təşəbbüsü ilə keçirilən konfransda müsəlman dövlətlərinin dini işlər və vəqflər nazirləri, müftilər və dini icma rəhbərləri, tanınmış din xadimləri iştirak etmişlər.

Konfrans çərçivəsində A.Paşazadə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, Türkiyə və Küveytin dini işlər və vəqflər nazirləri, Livan müftisi ilə görüşlər keçirmişdir. Görüşlərdə ikitərəfli əməkdaşlıq, qarşılıqlı səfərlər və informasiya mübadiləsi məsələləri müzakirə olunmuşdur.

Əmir Naif bin Əbdüləziz Al Saud ilə görüşdə şeyxülislam Səudiyyə Ərəbistanının rəhbərliyinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmışdır. Baş nazirin ikinci müavinionun salamlarını dövlətimizin başçısına çatdırılmasını xahiş etmiş, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini vurğulamışdır.

O qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyəcəkdir.

İSESKO-nun baş direktoru ilə keçirilmiş görüşdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. Səfər çərçivəsində azərbaycanlı zəvvarların builki həcc ziyarəti ilə bağlı məsələlər də müzakirə edilmişdir.

 

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.6.