Azərbaycan mediasında dil xüsusiyyətləri məsələsi müzakirə olunmuşdur

 

 Sentyabrın 22-də Azərbaycan Mətbuat Şurasında "Mediada dil amili" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, bu, Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi çərçivəsində keçirilən ikinci toplantıdır.

MŞ-nin sədri Əflatun Amaşov layihənin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan mediasında dil xüsusiyyətlərindən danışmış, bu sahədə Şuranın apardığı monitorinq barədə məlumat vermişdir.

Mediada ədəbi dil normalarının tez-tez pozulmasının müşahidə olunduğunu qeyd edən Ə.Amaşov KİV-də ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqin nəticələrini açıqlamışdır. Bildirilmişdir ki, bu sahədə 21786 qanun pozuntusu qeydə alınmışdır. Araşdırmalar bir neçə istiqamətdə aparılmış, leksik, qrammatiküslub pozuntuları müəyyən olunmuşdur. Qrammatik pozuntular - morfolojisintaktik qaydalara əməl olunmaması istiqamətlərində qeydə alınmışdır. Pozuntuların 305-i leksik, 2061-i morfoloji, 7418-i sintaktik qaydalara əməl edilməməsi, 14056-sı üslub pozuntuları ilə bağlı olmuşdur. Leksik pozuntular əsasən dialekt və şivələrin, terminologiyaların və neologizmlərin istifadəsi ilə əlaqədar olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin əməkdaşı İlham Abbasov və başqaları mövcud sahədəki problemlərin aradan qaldırılması yollarından danışmışlar. Onlar həyata keçirilmiş layihənin, aparılan monitorinqin mediada ədəbi dil normalarının pozulması hallarının aradan qaldırılmasına kömək edəcəyini bildirmişlər. Mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilmişdir.

 

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.6.