Ramiz MEHDİYEV: Ekstremizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi dünyada baş verən proseslərlə əlaqədar getdikcə daha çox aktuallıq kəsb edir

 

 Xəbər verdiyimiz kimi, sentyabrın 21-22-də Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilmişdir.

Görüşdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.

Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi beynəlxalq görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev gündəliyin birinci məsələsi üzrə "Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin məruzəsi

 

- Hörmətli görüş iştirakçıları, xanımlar və cənablar!

Gündəliyin müzakirə edilən məsələsi - ekstremizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi dünyada baş verən proseslərlə əlaqədar getdikcə daha çox aktuallıq kəsb edir. Ekstremizm dövlətlərin və cəmiyyətlərin həyatında yeni hadisə deyildir. Onun bu və ya digər şəkildə təzahürləri bir sıra ölkələrdə olmuşdur və indi də vardır. Ekstremizmə ən ümumi formada müxtəlif məsələlərə ifrat baxışların tərəfdarı olmaq kimi tərif verilir. Lakin ekstremizm, sadəcə, radikal baxışların ifadəsi deyildir. Çox vaxt o, ciddi cinayətlər törədilməsinə səbəb olur.

Son onillikdə biz çox vaxt terror aktları, kütləvi iğtişaşlar və digər zorakılıq formaları ilə müşayiət olunan ekstremist fəaliyyətin qlobal genişlənməsinin şahidləri olmuşuq. Yoxsulluq, sosial-iqtisadi qeyri-bərabərlik, miqrasiya axınları, kənardan müdaxilə, münaqişə zonalarının mövcud olması dünyanın bir sıra regionlarında gərginliyin saxlanmasına və kəskinləşməsinə, bu da öz növbəsində ekstremist əhval-ruhiyyələrin güclənməsinə gətirib çıxarır. İstər ən yoxsul, istərsə də iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələri əhatə edən dünya iqtisadi böhranı da ekstremizmin artmasına təsir göstərməyə bilməzdi.

Müasir ekstremizmin xüsusiyyətləri arasında aşağıdakıları fərqləndirmək olar:

- Müxtəlif ekstremist qrupların regional və qlobal proseslərə təsirinin artması;

- Ekstremistlərin fəaliyyətində qəddarlığın artması;

- Ən yeni texniki nailiyyətlərdən, o cümlədən sosial şəbəkələr, internetdə forumlar kimi kommunikasiya sistemlərindən istifadə edilməsi;

- Ekstremist fəaliyyət formalarının müxtəlifliyi.

 Ekstremizmin çoxsaylı formaları arasında ən təhlükəli formalar kimi milli və dini ekstremizmi qeyd etmək lazımdır. Onların dağıdıcı potensialı olduqca böyükdür, çünki onlar böyük insan qruplarını, hətta bütöv xalqları da əhatə edə bilər.

Təəssüflə qeyd etməliyəm ki, ekstremizmin dağıdıcı nəticələri Azərbaycandan da yan keçməmişdir.

Məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin ərazisinin 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

Bu qədər genişmiqyaslı millətçi ekstremizm və separatizm nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qırılması faktları qeydə alınmışdır. Xocalıda heç bir təqsiri olmayan yüzlərlə qadın, uşaq, qoca öldürülmüşdür. 2000-dən çox dinc vətəndaşın həyatı bahasına başa gəlmiş və qarşıdurma xəttindən neçə kilometr kənarda törədilmiş onlarca terror aktı konkret məqsədin reallaşdırılması - Azərbaycan ərazisinin bir hissəsinin onun əlindən alınması üçün həyata keçirilmişdir. Bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir və bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir.

Qafqaz regionunda digər ekstremist qüvvələr də millətçilik kartı ilə oynamağa çalışırlar.

Onlar müxtəlif kütləvi informasiya vasitələrinin və internetin köməyi ilə millətçi dözümsüzlük, milli azlıqlar arasında ekstremist və separatçı əhval-ruhiyyələrin qızışdırılmasına yönəlmiş təbliğat aparırlar. Bir sıra hallarda bu qüvvələrin fəaliyyəti transsərhəd xarakteri daşıyır.

Bununla bərabər, millətçi ekstremizm bizim üzləşdiyimiz ekstremizmin yeganə forması deyildir. Dini, daha dəqiq desək, dini-siyasi ekstremizm də getdikcə genişlənməyə başlayır.

Bu gün müxtəlif ekstremist qruplar öz məqsədləri üçün radikal dini ideyalardan istifadə etməklə dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəlmiş fəaliyyəti həyata keçirməyə çalışırlar. Onlar cəmiyyətdə sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə çalışırlar.

Dini ekstremistlərin fəaliyyəti nəticəsində yaranan təhlükəni artıra biləcək bəzi risk amillərini qeyd etmək lazımdır.

Məlumdur ki, sovet dövründə dini təhsil sahəsində boşluq yaranmış, dini ənənələrin və baxışların nəsildən-nəslə keçməsində əlaqə kəsilmişdir. Bu, nəticə etibarilə əhali arasında dini savadsızlığın artmasına gətirib çıxarmışdır. Keçən əsrin 90-cı illərindən başlayaraq bu boşluq sürətlə dolmağa başlamışdır. Ekstremist təmayüllü çoxsaylı dini qruplar və təşkilatlar da bundan istifadə etməyə çalışırlar.

Onlar çox vaxt bu məsələdə marağı olan xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən maliyyələşdirilir.

Bu qruplar öz tərəfdarları sırasına ənənəvi din haqqında ən adi təsəvvürü olmayan insanları cəlb edir, onları yabançı və məhdud dini mədəniyyət bazasında öyrədir və ölkədə vəziyyətin sabitliyini pozmağa göndərirlər. Çox vaxt bu adamları xaricdə öyrədir, bu halda müəyyən dini ideyaların zorla qəbul etdirilməsi ilə kifayətlənməyib, döyüş vərdişlərinin öyrədilməsi də nəzərdə tutulur.

Dini ekstremistlər öz ideyalarını yaymaq və təsirini gücləndirmək üçün əhalinin müəyyən təbəqələrinin, xüsusən qaçqınların və məcburi köçkünlərin ağır sosial-iqtisadi vəziyyətindən də istifadə edir, müəyyən maddi nemətlər təklif olunması müqabilində tərəfdarlar cəlb edirlər.

Dini ekstremist qruplar öz baxışlarını, sadəcə, yaymırlar, onlar terror aktlarından, təxribatlardan və digər zorakı hərəkətlərdən istifadə etməklə məqsədlərinə çatmağa çalışırlar. Ölkəmizdə hüquq- mühafizə orqanları bu cür fəaliyyətin qarşısını almaq üçün bütün zəruri tədbirləri görürlər.

Məsələn, son illərdə Pakistanda Şimali Vəziristan ərazisində "Əl-Qaidə" düşərgələrində hazırlıq keçmiş qanunsuz silahlı dəstənin üzvləri məhkum edilmiş, "Sumqayıt camaatı" terror qrupu zərərsizləşdirilmişdir. Bundan əlavə, dini təmayüllü "Ceyşulla", "Hizbut-Təhrir", "Əl-Qaidə Qafqaz", "İmam Mehdinin şimal ordusu" və başqa terror təşkilatlarının özəkləri ləğv edilmiş, həmin təşkilatların 189 üzvü cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Xüsusi xidmətlər tərəfindən ölkədə beynəlxalq humanitar təşkilatlar adı altında fəaliyyət göstərən yeddi dini-ekstremist qrupun hüquqazidd fəaliyyətinin sübutları toplanmışdır. Nəticədə həmin təşkilatların dövlət qeydiyyatı ləğv edilmiş, onların fəaliyyəti qadağan olunmuşdur.

Dini ekstremist fəaliyyətin qarşısının alınması ilə əlaqədar son hadisələr arasında rəsmi qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının və bu partiya ilə əlaqədar şəriət qanunları ilə idarə olunan dövlət yaratmağa açıq çağırışlar edən dini icmaların üzvlərinin həbsini də qeyd etmək olar.

Bu təşkilatın üzvləri həbs edilərkən onlardan silah və sursat götürülmüşdür. Hazırda onların fəaliyyəti diqqətlə araşdırılır.

Dini xarakterli bir sıra ekstremist qruplar, məsələn, radikal vəhhabi təşkilatları özlərinin qanunsuz fəaliyyətini qonşu ölkələrin ərazisində, o cümlədən Rusiya Federasiyasının Şimali Qafqaz regionunda da həyata keçirirlər. Onlar Qafqazda vəziyyətin sabitliyini pozmağa, sonradan Şimali və Cənubi Qafqaz ərazisində dini-fundamentalist dövlət yaratmağa çalışırlar. Bununla əlaqədar xüsusi vurğulamaq istəyirəm ki, bizim hüquq-mühafizə orqanları rusiyalı həmkarları ilə səmərəli əməkdaşlıq qurmuşlar və bu əməkdaşlıq dini ekstremizmə qarşı mübarizə işində müsbət nəticələr verir.

Qeyd etdiyim faktlar ona dəlalət edir ki, millətçi ekstremizmlə bərabər, dini ekstremizm Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi risklərdir.

Azərbaycan Respublikası bu riskləri neytrallaşdırmaq üçün təhlükəsizliyin təmin edilməsi sahəsində əsas sənədlərdə, məsələn, Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinada nəzərdə tutulan kompleks yanaşmanı həyata keçirir.

Lakin ekstremizmin miqyasları, onun dövlətlərarası xarakteri bu təzahürə qarşı birgə mübarizə sisteminin təkmilləşdirilməsini, müxtəlif dövlətlərin uzunmüddətli səylərinin əlaqələndirilməsini zərurətə çevirmişdir. Bu gün həmişəkindən daha sıx əlaqəli şəkildə işləmək, beynəlxalq təhlükəsizlik üçün təhdid mənbəyi olan ayrı-ayrı şəxslərin və təşkilatların məsuliyyətdən yaxa qurtarmasına yol verilməməsi vacibdir.

Xüsusi qeyd etmək istəyirəm ki, ekstremist fəaliyyətə qarşı səmərəli mübarizə aparmaq üçün aşağıdakı istiqamətlər üzrə dövlətlərarası əməkdaşlığın gücləndirilməsi zəruridir:

- Ekstremist fəaliyyətin qarşısının alınmasına, o cümlədən bu fəaliyyətin həyata keçirilməsinə şərait yaradan səbəblərin aşkar edilməsi və sonradan aradan qaldırılmasına yönəlmiş profilaktik tədbirlər görülməsi;

- İctimai və dini birliklərin, digər təşkilatların, habelə ayrı-ayrı şəxslərin ekstremist fəaliyyətinin aşkar edilməsi, qabaqlanması və qarşısının alınması.

Bundan əlavə, beynəlxalq səviyyədə uzlaşdırılmış siyasət işləyib hazırlamaq üçün informasiya mübadiləsini genişləndirmək lazımdır. Özü də bu informasiya təkcə ayrı-ayrı ekstremist qruplaşmalara, onların törətdiyi və ya planlaşdırdığı aksiyalara deyil, həm də ekstremizmə qarşı mübarizə sahəsində qanunverici və institusional tədbirlərə aid olmalıdır.

Son onilliklərdə beynəlxalq ekstremizmə qarşı mübarizədə dövlətlərin səylərinin fəallaşması ekstremizmə, təcavüzkar separatizmə, beynəlxalq terrorizmə qarşı mübarizəyə yönəlmiş bir sıra beynəlxalq-hüquqi aktların qəbul edilməsində ifadə olunmuşdur. Azərbaycan Respublikası bu sahədə, demək olar ki, bütün beynəlxalq müqavilələrə qoşulmuşdur. Biz ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlərə uyğun olaraq xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir, mütəmadi olaraq informasiya, o cümlədən əməliyyat xarakterli informasiya mübadiləsi aparır, müvafiq sorğuları icra edir, ekstremizmə və terrorizmə aidiyyəti olan şəxslərin müəyyənləşdirilməsinə kömək göstəririk.

Bu halda əməkdaşlıq həm regional, həm də qlobal səviyyədə həyata keçirilir.

Biz bir sıra Avropa ölkələrinin və Amerika Birləşmiş Ştatlarının hüquq-mühafizə orqanları ilə uğurla əlaqə saxlayırıq. Azərbaycan terrorizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində 2001-ci il 11 sentyabr terror aktlarından sonra yaradılmış beynəlxalq koalisiyanın fəaliyyətinə töhfəsini verməkdə davam edir. Müvafiq beynəlxalq təşkilatlarla da qarşılıqlı fəaliyyət tənzimlənmişdir.

Azərbaycan ekstremizmə qarşı mübarizə işində başqa dövlətlərlə, xüsusən regiondakı qonşuları ilə hərtərəfli harmonik münasibətlər qurulmasına da böyük əhəmiyyət verir.

Hörmətli həmkarlar!

Azərbaycan Respublikası həmişə müxtəlif millətlərə və dinlərə mənsub insanların dinc yanaşı yaşamaq nümunəsi olmuşdur. Biz milli və dini tolerantlığın qorunub saxlanmasını və möhkəmlənməsini müasir demokratik dünyəvi dövlət kimi inkişaf etməyin ən mühüm şərtlərindən biri hesab edirik. Bizim milli siyasət xəttimiz Konstitusiyanın başlıca prinsiplərindən birinə əsaslanır: Azərbaycan Respublikası ölkənin bütün vətəndaşlarının ümumi və bölünməz Vətənidir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan bu xəttə dönmədən əməl etmək üçün həm dövlət səviyyəsində, həm də beynəlxalq səviyyədə hər cür səy göstərməkdə davam edəcəkdir. Bu məqsədə nail olmağı isə biz, o cümlədən ekstremizmə qarşı mübarizədə marağı olan bütün tərəfdaşlarımızla birgə əməkdaşlığın genişləndirilməsində görürük.

Diqqətinizə görə təşəkkür edirəm.

 

*  *  *

 

Akademik Ramiz Mehdiyev beynəlxalq tədbirin gündəliyinin üçüncü məsələsi barədə də məruzə ilə çıxış etmişdir.

(Məruzə qəzetin növbəti nömrəsində dərc olunacaqdır.)

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 6.