Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu müstəqil Azərbaycanın əsas prioritetlərindən biridir

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin "İnsan hüquqlarının milli səviyyədə müdafiəsində Ali Məhkəmənin rolu" mövzusunda Kiyevdə keçirilmiş "dəyirmi masa"da iştirak etmişdir. Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "dəyirmi masa" Avropa Şurası Nazirlər Komitəsində Ukraynanın sədrliyi və dəstəyi ilə təşkil olunmuşdur.  Avropa Şurasının üzvü olan 47 ölkənin Ali Məhkəmə sədrlərinin və ekspertlərinin iştirak etdiyi tədbirdə insan hüquqlarının müdafiəsi sahəsindəki mövcud problemlər müzakirə olunmuşdur.

"Dəyirmi masa"da Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna Ali Məhkəməsinin sədri Vasili Onopenko, Avropa İttifaqı Ali Məhkəmə Sədrləri Assosiasiyasının rəhbəri, Avstriyanın Ali Məhkəməsinin sədri İrmqard Qris nitq söyləmişlər. Venesiya Komissiyasının katibi Tomas Markert insan hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin icrasında Ali Məhkəmənin yeri və rolu, Almaniya Federal Ali Məhkəməsinin sədri Klaus Tolksdorf insan hüquqlarının milli səviyyədə müdafiəsində Ali Məhkəmənin rolu ilə bağlı əsas məruzələrlə, Çexiyanın Ali Məhkəməsinin sədri İva Brojova, Polşa Ali Məhkəməsinin və Ali Məhkəmənin Mülki Palatasının sədri Tadeuş Ereçinski, Latviya Ali Məhkəməsinin sədri İvars Biçkoviçs isə  məruzələrlə çıxış etmişlər. Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayevin "Məhkəmə hakimiyyəti və dövlət hakimiyyəti sistemində Azərbaycan Respublikası Ali Məhkəməsinin yeri" mövzusunda məruzəsi dinlənilmişdir. 

R.Rzayev qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün əsas prioriteti elan etmiş, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsini və təminatını ön plana çəkmişdir. Bu gün respublikamız insan hüquqlarının yüksək səviyyədə təminatı naminə dünya birliyinə sıx inteqrasiyaya, Avropa ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi önəm verir.

Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən  "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya qoşulmuşdur. Ali Məhkəmənin təcrübəsində beynəlxalq hüquqi aktlara, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarına, Avropa Məhkəməsinin presedent rolunu oynayan qərarlarına diqqət yetirmək və bu qərarlara istinad etmək fəaliyyətimizin əsas məqamlarından birinə çevrilmişdir. R.Rzayev müzakirə olunan mövzu ilə bağlı diskussiyalarda fəal iştirak etmiş, insan hüquqlarının milli səviyyədə müdafiəsi ilə bağlı "dəyirmi masa" iştirakçılarının suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 6.