Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır

 

 Azərbaycana tez-tez səfər edirəm və bu ölkəni çox sevirəm. Azərbaycan çox zəngin və gözəl bir ölkədir. Paytaxt Bakı günbəgün gözəlləşir. Bütün bu işlərin əsas təşəbbüskarı, sözsüz ki, Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində iştirak edən Fransanın Nəqliyyat Nazirliyinin nümayəndəsi Pyer Bönolyel demişdir. Ölkəmizin sürətli inkişafını yüksək qiymətləndirən qonaq diqqətə çatdırmışdır ki, Azərbaycan bir neçə ildən sonra dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcəkdir.

Düzdür, zaman baxımından 20 il heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, demək, qısa bir vaxtda böyük uğurlara imza atmaq mümkündür. Azərbaycanda müstəqillik illərində görülmüş işlər və nəzərdə tutulmuş layihələr bir daha göstərir ki, bu ölkəni xoşbəxt bir gələcək gözələyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, ümumiyyətlə, Cənubi Qafqazın inkişafına bir maneə olduğunu söyləyən Pyer Bönolyel bildirmişdir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunmalıdır.

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.