Azərbaycanda demokratik seçki ənənələri formalaşıb

 

 Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə edilən böyük tarixi nailiyyətlərdən biridir. 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmiş, prosesin fundamental hüquqi bazası formalaşdırılmışdır. Azərbaycanda keçirilən bütün seçkilər müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir.

 1993-cü ilin sonlarından etibarən ölkəmizdə keçirilən 4 prezident, 4 parlament, 3 bələdiyyə seçkisi, o cümlədən 4 referendum Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq  münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da rəğbətlə qarşılanmışdır. Xüsusən də, son illərdə keçirilmiş seçki və referendumlara dair beynəlxalq təşkilatların verdikləri rəylər də tam təsdiqləyir ki, Azərbaycanda  vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti kifayət qədər yüksəkdir.

Ölkə rəhbərliyinin siyasi iradəsi ilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə ölkəmizin əməkdaşlıq hüdudları daha da genişlənmişdir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində AŞ Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir. Seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə 2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın gözəl bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə, AŞ Venesiya Komissiyası, ATƏT DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarında bu təşkilatlardan alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Demokratik məzmununa görə dünyanın ən inkişaf etmiş ölkələrinin seçki qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini almışdır.

Azərbaycan Prezidentinin 2005-ci il 11 may tarixli "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" və 2005-ci il 25 oktyabr tarixli "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamları Seçki Məcəlləsinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verilməməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

"Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamla isə Mərkəzi Seçki Komissiyasına seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq, seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etmək tövsiyə olunmuşdur. Bu vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədi daşımışdır.

Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada məcəllə qəbul ediləndən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir. 2010-cu ilin iyununda Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatlarının təklifi ilə respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Bunlardan biri seçki kampaniyasının 75 gündən 60 günə endirilməsidir. Bu təklifdə məqsəd seçki praktikasının daha da təkmilləşdirilməsi olmuşdur. Həmin dəyişikliklərə qədər Azərbaycanda seçki kampaniyası 75 gün davam edirdi. Amma son illərdə qazanılmış təcrübə və hazırlıq səviyyəsi seçki kampaniyasını digər ölkələrdə olduğu kimi, daha demokratik şəkildə keçirməyə, resurslardan daha səmərəli şəkildə istifadə etməyə imkan verirdi. Bütün bunlar isə göstərmişdir ki, Azərbaycan da, əksər ölkələr kimi, seçki kampaniyasını iki ay müddətində keçirməyə tamamilə hazırdır.

Digər mühüm dəyişiklik seçkilərə qoşulmuş vətəndaşlara və partiyalara MSK tərəfindən ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir ölkədə seçkiyə qoşulmuş namizədlərə dövlət tərəfindən vəsait ayrılmır. Əksinə, seçkiyə qoşulmaq niyyətinə düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi üçün lazım olan vəsaitləri ya özləri birbaşa hesablarına ayırırlar, ya da onları dəstəkləyən seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Həm də indiyədək keçirilmiş seçkilər namizədlərə vəsait ayrılmasının neqativ tərəflərini üzə çıxarmışdı. Bu da ondan ibarət idi ki, bəzi vətəndaşlar seçkiyə yalnız dövlət tərəfindən ayrılan vəsaiti əldə etmək niyyəti ilə qoşulurdular. Onların seçki kampaniyasında iştirakı namizədliklərini qeyd etdirib dövlət tərəfindən ayrılan vəsaiti alana qədər davam edirdi. Seçki kampaniyasının digər hissəsində isə bu namizədlərin hər hansı seçki hərəkəti müşahidə olunmurdu. Azərbaycanın seçki praktikasını beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədilə namizədlərə vəsaitlərin ayrılmasının ləğv edilməsi olduqca təqdirəlayiqdir.

Bu günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil etmişdir. Kurslarda ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və 5 minədək məntəqə seçki komissiyasının sədri iştirak etmişdir. Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin rəsmiləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçki prosesində KİV-nin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şəraitin yaradılması isiqamətində yerli icra və bələdiyyə qurumlarının rolu" mövzularında mühazirələr oxunmuşdur.

DSK üzvləri, eləcə də məntəqə seçki komissiyalarının sədrləri seçkilərlə əlaqədar ixtisaslarını artırmışlar. Qeyd edək MSK 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan  Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir.

Demokratik seçkinin əsas şərti aşkarlıq, şəffaflıq və obyektivlikdir. Bütün demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunmuşdur. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.

 

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.1.