Ölkədə sənaye məhsulunun 80 faizdən çoxu özəl bölmənin payına düşür

 

 2011-ci ilin yanvar-avqust aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

 

İlin ötən 8 ayında neft sektorunda azalma müşahidə edilsə də, qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi artmaqda davam edib. Bu sahədə artımın sürəti 10,4 faizə çatıb. Sənaye məhsulunun 76,3 faizi mədənçıxarma, 18,2 faizi emal, 4,9 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,2 faizini təşkil edib. Ümumi istehsalın 92,1 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 7,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb.

Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla belə, sentyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 242,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Mədənçıxarma bölməsində istehsalın həcmi 15,9 milyard manat olubqeyd edildiyi kimi, bu, ötən ilin müvafiq dövründəkindən 5,5 faiz azdır. Sahənin əsas məhsulu hesab olunan xam neft hasilatı 31,7 milyon ton, təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil edib. Neft hasilatı 7,1 faiz, qaz hasilatı isə 2,2 faiz azalıb.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 8 ay ərzində 1,9 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 587,9 min ton tikinti qumu, 227,5 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3,8 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bu sahədə istehsalın həcmi 9,8 faiz artmaqla daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb. Əksər qida məhsullarının, məsələn, kolbasa məmulatlarının, pendir və kəsmiyin, ətin, südün, kərə yağının, qəndin istehsalında artım olub.

Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 45,5 milyon manatlıq məhsul istehsal edilib. Neft məhsullarının istehsalında 5,4 faiz artım müşahidə olunub. Kimya sənayesi, əczaçılıq məhsulları, rezinplastik kütlə məmulatlarının istehsalı ilə məşğul olan müəssisələr 173,8 milyon manatlıq məhsul buraxıblar.

Sənayedə elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 8 ay ərzində 1025,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahədə 8,4 faizlik artım əldə edilib.

Tikinti materialları sənayesində 152,7 milyon manatlıq məhsul, o cümlədən sement, tikinti gipsi, hörmə üçün hazır beton qarışığı, beton yığma konstruksiyalar, kərpic və s. hazırlanıb.

 

 

Azərbaycan.- 2011.- 28 sentyabr.- S.6.