«Göyərçin»in hədiyyələri

 

 1958-ci ildən ibtidai sinif şagirdləri və məktəbəqədər uşaqların sevimlisinə çevrilən "Göyərçin" jurnalı yaxşı bir ənənənin də yaradıcısı kimi də diqqət çəkir. "Göyərçin"in kitabxanası seriyasından balacalar üçün müxtəlif kitabçalar çap edilməkdədir. Hər bir kitabın da özünəməxsus mövzusu və janrları var. Balacalar üçün maraqlı olsun deyə, rəngli şəkillərlə, gözəl tərtibatla hazırlanmış bu kitabçalar müntəzəm surətdə onları sevindirməkdədir.

"Ulu yurd yerlərimiz" adlanan kitabçada balacalar həm Vətən haqqında çox şey öyrənəcəklər, həm də qədim diyarın tarixi ünvanlarından - Qobustandan, Azıx mağarasından, Gəmiqayadan, Beyləqandan, Naxçıvandan, Şamaxıdan, Abşeron abidələrindən xəbər tutacaq, Dərbənd, Bərdə, Qəbələ, Çardaqlı, Şabran, Göytəpə və s. haqqında ətraflı məlumat alacaqlar.

"Qoruq və yasaqlıqlarımız" adlı kitabçanın sayəsində balacalar Göygöl, Pirqulu, göl, Türyançay, Hirkan, Qarayazı, Qızılağac, İlisubaşqa qoruqlara səyahət edəcək, Qusarın, Abşeronun, Şəmkirin, İsmayıllının yaşıllığına vurğun kəsiləcəklər.

Uzun illər bu jurnalın baş redaktoru olmuş Tofiq Mahmud balacalar üçün maraqlı nağıllar qələmə alardı. "Arı adam" adlanan kitabçada məhz Tofiq Mahmudun uşaqlar üçün yazdığı nağıl və hekayələr toplanıb. Orada verilən məlumatdan aydın olur ki, Tofiq Mahmud Azərbaycanın gözəl guşələrini, meşələri, dağları, çəmənləri gəzməyi çox xoşlayarmış. Sonra da bu təəssüratları uşaqlar üçün yazılara çevirərmiş. Müəllifin "Çinar ömrü", "Arı adam", "Səyahət", "Bir tənbəlin taleyi", "Gözəllik", "İki dost" və başqa hekayələri uşaq aləminə çox yaxındır.

Uşaqlara hədiyyə edilən "Bulaq suyu" adlı kitabçada isə xalq yazıçılarının onlar üçün qələmə aldğı nağıl və hekayələrdən nümunələr verilib. Burada Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə İbrahimov, Əzizə Cəfərzadə və digərlərinin yaradıcılığına müraciət edilib.

"Qızılsaçlı gözəl" kitabçasında isə dünya xalqlarının nağılları toplanıb. Maraqlıdır ki, hər bir nağılın sonunda balacalara maraqlı suallarla müraciət edilir. Məsələn, "Bu nağıl hansı Azərbaycan nağılına oxşayır?" Yaxud da "Onların oxşar və fərqli cəhətləri nədir?" Bu kimi sualların qoyuluşu uşaqların həm yaddaşını təzələyir, həm də müqayisə aparmağı, müzakirəyə qoşulmağı formalaşdırır.

Kitabçaların bədii tərtibatını tanınmış fırça ustaları işləyib. Arif HüseynovKübra Salmanovanın hər bir mövzuya uyğun çəkdiyi rəsmlər maraqlıdır. Amma bir məsələdə duyduğumuz narahatlığı mütləq dilə gətirmək lazımdır. Kitabça azyaşlı uşaqlar üçün nəzərdə tutulduğundan şriftlər bir qədər böyük olmalı, adlar da aydın yazılmalıdır. Sadə bir misal: "Ulu yurd yerlərimiz" kimi maraqlı bir kitabçanın adını biz çox çətinliklə oxuduq. Uşaqlara təqdim edilən hər bir yazı nümunəsi aydınlığı ilə seçilməlidir. Ümumilikdə "Göyərçin" jurnalının həyata keçirdiyi bu layihəni ürəkdən alqışlayırıq. Mütaliəyə gedən yol məhz belə nəşrlərin oxunuşundan başlanır.

 

 

 F.XƏLİLZADƏ

 

Azərbaycan.-2011.-29 sentyabr.-S.7.