Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 Ölkəmizdə İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulub. Bu prosesə daha da təkan vermək üçün respublikada fəaliyyət göstərən yerli və xarici informasiya texnologiyaları şirkətlərinin həmtəsisçiliyi ilə İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu yaradılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, son illər İKT sektorunun davamlı inkişafına zəmin yaratmaq məqsədilə mobil və sabit şəbəkə operatorlarının özəlləşdirilməsi, bazarın liberallaşdırılması, əlverişli rəqabət mühitinin və effektiv tənzimləmə mexanizminin yaradılması istiqamətində zəruri islahatlar həyata keçirilib və bu tədbirlər nəticəsində ölkənin İKT sektorunda gəlirlərinin həcmi dinamik olaraq artıb. Həmçinin 3G və 4G texnologiyasına uyğun xidmətlərin göstərilməsi prosesinə start verilib.

 

 Azərbaycan kosmik sənaye ölkəsinə çevrilir

 

 Dünyanın ən aparıcı tədqiqat mərkəzlərinin, alimlərinin gəldiyi yekun qənaət budur ki, XXI əsrdə informasiya, bio və nanotexnologiyalar elmi-texniki inqilabın əsasını təşkil edəcək. Bu, sənayecə inkişaf etmiş ölkələrdə elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətləri sayılır. Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması isə Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdəndir. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi altında atılan konkret addımlardan biri də  kosmik sənayenin inkişaf etdirilməsidir.

Ümumiyyətlə, dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır. Bütün bunlar dinamik inkişaf dövrünü yaşayan Azərbaycanın da xüsusi diqqətindədir.  Məhz bundan irəli gələrək Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq 2009-cu ilin avqustunda "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib. Dövlət proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi idi. Proqramda qeyd olunurdu ki, Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulub və artıq bununla bağlı müvafiq işlər görülüb.

Sözügedən sərəncam və dövlət proqramının icrasının təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Malayziyanın "Measat" şirkəti arasında Malayziyaya məxsus 46°Ş orbital mövqenin 20 illik icarəsini, həmçinin BƏHM ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital" şirkəti arasında peykin istehsalını və BƏHM ilə Fransanın "Arianespace" şirkəti arasında Azərbaycan peykinin orbitə çıxarılmasını nəzərdə tutan əsas müqavilələr imzalanıb. Peykin orbitə çıxarılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi davam etdirilir və peykin 2012-ci ilin son rübündə geostasionar orbitə çıxarılması planlaşdırılır.

Azərbaycan telekommunikasiya peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət göstərəcəyi, Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edəcəyi planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi, televiziya və radio yayımları, yüksəksürətli internet, multimedia xidmətləri göstəriləcək və korporativ VSAT şəbəkələri yaradılacaq. Digər tərəfdən bununla gələcək inkişaf üçün potensialın yaradılması, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi, qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, peyk sistemləri, onların idarə edilməsi və istismarı, eyni zamanda, kosmik sənayenin yaradılması və inkişafı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsinə şəraitin yaradılması kimi strateji məqsədlərə nail olunacaq. Həmçinin respublika ərazisinin peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi,  dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi, respublika ərazisində ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi, respublikanın beynəlxalq kosmik proqramlarda iştirakına şəraitin yaradılması qarşıya qoyulmuşdur. Kosmik sənayenin inkişafının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi, kosmik sənaye və peyk sistemləri sahəsində mütəxəssislərin hazırlanması, strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitorinqin aparılması, ümumiyyətlə kosmik sənayenin yaradılması və inkişafı da nail olunacaq əsas strateji məqsədlər sırasındadır.

Bununla yanaşı, Prezident İlham Əliyev  ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" 2010-cu il 3 may tarixində sərəncam imzalayıb.

 

Yeni möhtəşəm regional layihə

 

Cənubi Qafqazda həyata keçirilən transmiili layihələr və burada Azərbaycanın əsas söz sahiblərindən biri olması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda onun nüfuzunun daha da yüksəlməsində önəmli rol oynayır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövrdə də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur. Yeni layihələrin reallaşmasında yenə Azərbaycanın özünün əsas təşəbbüskar qismində çıxış etməsi isə artıq ölkəmizin beynəlxalq münasibətlər sistemində və qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət statusunu daha da gücləndirməkdədir. Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünü bu missiyaya xidmət edən yeni möhtəşəm regional layihə adlandırmaq olar.

Sözügedən layihə müasir dövrün tələblərinə müvafiq olaraq Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafına nə dərəcədə prioritet önəm verdiyinin daha bir mühüm göstəricisi sayıla bilər. TASİM Şərqi Avropa, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, Əfqanıstan, Pakistan, Çin və Hindistanı əhatə edəcək. Gözlənildiyi kimi, layihənin gerçəkləşməsi region ölkələrində internetə ucuz çıxışı, yüksək texnologiyaların daha da inkişaf etməsini, regional elektron bazarın yaradılmasını təmin edəcək. İlk dəfə layihə "Bakutel-2008" sərgi-konfransının iştirakçılarının (Türkiyə, ABŞ, Rusiya, Qazaxıstan, Hindistan, İran, Ukrayna, Malayziya, Misir, UNDESA, TAE, RRB və s.) siyasi dəstəyini alıb və supermagistral haqqında "Bakı Bəyannamə"si qəbul edilib. Kifayət qədər önəmli əhəmiyyətə malik TASİM layihəsi BMT miqyasında da dəfələrlə dəstəklənib. 2009-cu ilin oktyabrında İsveçrənin Cenevrə şəhərində təşkil olunan "İTU Telecom World 2009" sərgi və forumunda Azərbaycan pavilyonu ilə tanış olan BMT-nin baş katibi Pan Gi Mun ölkəmizin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan TASİM-i cazibədar və böyük region üçün vacib layihə kimi qiymətləndirib. Bunun ardınca BMT Baş Məclisinin İkinci Komitəsinin (İqtisadi və Maliyyə) iclasında layihə yekdilliklə bəyənilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Məclisinin 64-cü sessiyası zamanı Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb. 2009-cu ilin sentyabr ayından etibarən Azərbaycan nümayəndə heyəti qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar aparıb.

Qətnamə layihəsi dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyini bildirməklə yanaşı, Avrasiya regionunda "rəqəmli uçurum"un aradan qaldırılması baxımından TASİM-in mühüm rolunu qeyd edir və sözügedən təşəbbüsün həyata keçirilməsi istiqamətində regional səylərin əlaqələndirilməsinə dair Azərbaycan hökumətinin təklifini alqışlayır. TASİM kimi yeni və qabaqcıl təşəbbüsü təqdim edən qətnamə layihəsi müxtəlif ölkələr tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulublar. Onların sırasında ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan, Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna və Yaponiya xüsusilə qeyd oluna bilər.

2010-cu  ilin fevralında isə BMT Baş Məclisi özünün 66-cı plenar iclasında "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti"nin Cenevrədə keçirilmiş birinci mərhələsində və Tunisdə keçirilmiş ikinci mərhələsində qəbul olunmuş prinsipləri rəhbər tutaraq TASİM təşəbbüsünə həsr olunmuş qətnamə qəbul edib. Qətnamədə region ölkələrinin qloballaşmaqda olan dünya iqtisadiyyatına inteqrasiya prosesində, yoxsulluğun azaldılmasında, iqtisadi artımın təmin edilməsində, sosial inkişafda, qadınların cəmiyyətdə rolunun artırılmasında, tolerantlığın təmin edilməsində və yenə də "rəqəmli uçurumun" aradan qaldırılmasında informasiya-kommunikasiya texnologiyalarının xüsusi rolu qeyd edilərək, TASİM layihəsinin BMT tərəfindən dəstəkləndiyi vurğulanır. Qətnamədə eyni zamanda Azərbaycan hökumətinin TASİM layihəsinin təşəbbüskarı olması və onun layihənin reallaşması üçün region ölkələrinin bir araya gətirilməsi istiqamətində koordinasiya işlərinin həyata keçirilməsinə hazır olması birmənalı olaraq alqışlanır.

Hazırda ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafının əsas hərəkətverici qüvvəsi kimi daxili və xarici investisiyaların geniş miqyasda bu sektora cəlb edilməsi, ixracın sürətlə genişləndirilməsi, şəbəkə infrastrukturunun tam müasirləşdirilməsi, yüksək biliklərə və təcrübəyə malik olan yerli insan potensialının yetişdirilməsi və sair daxildir. Bu sferada görülən işlər nəticəsində 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə 500-ə yaxın yeni özəl müəssisə yaradılıb. 2010-cu il ərzində isə İKT, poçt və informasiya sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 32,1 faiz artaraq 1 milyard 23,2 milyon manat təşkil edib. 2009-cu illə müqayisədə artım tempi İKT sektorunda 35,5 faiz, o cümlədən telekommunikasiya sektorunda 32,8 faiz, poçt sektorunda isə 29,2 faizə çatıb.  İKT və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 80 faizi  qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

Bununla yanaşı, 2010-cu ildə ölkəmizdə müasır texnologiyaların tətbiqi daha da genişləndirilib, informasiya cəmiyyətinin inkişafı, internetin liberallaşdırılması davam etdirilib,  televiziya və radio proqramların yayım keyfiyyəti yüksəldilib, mobil telefon və kompyuter istifadəçilərinin sayı artıb, xarici əlaqələr genişlənib, qanunvericilik bazası daha da təkmilləşdirilib. Azərbaycan İKT ilə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi ilə də bu sahənin inkişafına önəm verdiyini  nümayiş etdirməkdədir. Bütün bunlar Azərbaycanda qabaqcıl texnologiyanın iqtisadiyyatda və digər sahələrdə nə dərəcədə geniş vüsət aldığını, qarşıdakı dövrdə bu sahə üzrə ölkəmizin əldə edəcəyi nailiyyətlərin daha da artacağını əyani göstərir.

 

Elmin sürətli inkişafı xüsusi diqqət mərkəzindədir

 

 İqtisadiyyatın texnoloji modernləşdirilməsini həyata keçirmək, elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas resurslarından birinə çevirən tədqiqatların və effektiv innovasiya sisteminin balanslaşdırılmış strukturunun formalaşdırılması istiqamətində də ölkəmizdə kifayət qədər böyük əhəmiyyətli işlər  görülməkdədir. Həmçinin, elmi iqtisadiyyatın formalaşması üçün biliyin genişmiqyaslı inkişafını təmin edən, dünya bazarında rəqabət üstünlüyü verən, optimal institusional struktur əsasında balanslaşdırılmış, inkişaf edən elm sektorunun yaradılması məsələsi də uğurla həll olunur. Bunun üçün qabaqcıl texnologiyaların transferi nəticəsində iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq və texnoloji cəhətdən modernləşdirilməsini həyata keçirmək üçün zəruri addımlar atılır.

Elmin inkişafının təmin edilməsi, bu sahədə həllini gözləyən problemlərin, sosial təminat məsələlərinin çözümü Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısının 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı da məhz elmi sferada həllini gözləyən bir sıra problemlərin çözümünə xidmət edir. Sərəncama uyğun olaraq elmi islahatlar aparmaq üçün dövlət komissiyası yaradılıb, həmçinin mövcud problemlərin həlli istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb.

Bundan başqa, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapıb.

Sözügedən sərəncamla "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya"nı və "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın reallaşdırılmasının Dövlət Proqramı" təsdiq edilib. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədləri kifayət qədər genişdir. Buraya ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi, Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili, respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən olunması kimi mühüm məqamlar daxildir.

Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun müasirləşdirilməsi, elmin hüquqi normativ bazasının yaradılması, elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi kimi məqsədlər də mövcuddur. Strategiyanın vəzifələri də olduqca genişdir. Bura həmçinin təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində tədqiqatların inkişafı, ətraf mühitin qorunması, maddi-texniki bazanın yaradılması, dövlətin inkişafını təmin etmək üçün elmin və müasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi, Azərbaycanın mədəniyyəti və tarixinin ümumi və kompleks tədqiqatı və sair daxildir. Bütün bunlar Azərbaycanın həm gələcək iqtisadi, həm də digər sahələr üzrə inkişafı baxımından olduqca zəruri xarakter daşıyır.

İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruri şərt kimi qiymətləndirilir. Hazırda İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulub. Bundan başqa, dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın tələbinə əsasən 2015-ci ilədək dövlət 5 min azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almasını maliyyələşdirəcək. Burada məqsəd Azərbaycan gənclərinin intellektual potensialını gücləndirərək siyasi və iqtisadi məkanlarda yeni zirvələr fəth etməkdir.

O da təqdirəlayiq haldır ki, elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin həcmi ildən-ilə artırılır, bu sahədə çalışan müəllimlərin əməkhaqları, tələbə, magistr və aspirantların təqaüdləri də dövlət başçısının müxtəlif vaxtlarda verdiyi fərman və sərəncamlara əsasən artırılır. Bütün bunlar Prezident İlham Əliyevin elmə, onun inkişafına, elmtutumlu sahələrə diqqət və qayğısının bariz ifadəsidir.

 

İnsan kapitalı potensialı daha zəngin hala gətirilir

 

 Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində inkişafın mühüm bazası və göstəricisi olan insan kapitalının formalaşdırılmasına hər zaman xüsusi diqqət yetirilir. Çünki istənilən ölkənin inkişafının əsasında ən əsas məqamlardan biri məhz insan kapitalının yaradılması, onun daha zəngin hala gətirilməsidir. Ölkəmizdə isə bu müstəvidə konkret addımlar atılmaqda, günü-gündən güclənən iqtisadiyyat fonunda böyük insan kapitalı yaradılmaqdadır. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan kapitalına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür".

Bütün bunlar öz növbəsində Azərbaycanın insan inkişafı indeksi baxımından möhtəşəm nailiyyətə imza atmasını, bu sahədə qazanılan uğurların miqyasının daim genişlənməsini təmin edir. Məhz bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı məkanındakı ölkələr arasında son 10 il ərzində aparıcı dövlət olub. Qeyd edilən fakt 2010-cu il noyabrın 4-də Bakıda təqdimat mərasimi keçirilən BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında da aydın şəkildə öz əksini tapıb. Təqdimat mərasiminin moderatoru olan BMT İnkişaf Proqramının rezident-əlaqələndiricisinin müavini Bahadur Eşonov bildirib ki, hesabatın Bakıda təqdim olunması Azərbaycanın ən yaxşı icraçılar arasında olması faktını təsdiq edir. Hesabatdan aydın olur ki, ölkəmizdə müasir dövrdə insanlar daha sağlam və uzunömürlü həyat sürür, həmçinin daha yüksək səviyyədə təhsil ala bilir və daha çox məhsul və xidmət növlərindən istifadə etmək imkanına malikdirlər. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında 2005-ci illə müqayisədə 34 pillə irəliləyən Azərbaycan 101-ci yerdən 67-ci yerə yüksəlib. Belə mühüm nailiyyətə imza atan Azərbaycan son on il ərzində postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malik olub. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bununla bağlı qeyd edib ki, Azərbaycanın uğuru dövlət siyasətinin əsas meyarında insan amilinin qərarlaşmasıdır: "Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi və iqtisadi strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə və onların qloballaşan müasir dünyaya inteqrasiyasını təmin etməyə imkan verir. Əlbəttə, belə bir mühitin yaradılması hərtərəfli islahatların həyata keçirilməsini, ilk növbədə, ölkə daxilində münbit şəraitin mövcudluğunu zəruri edir".

Beynəlxalq səviyyədə də açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yarada bilmiş Azərbaycan dünya miqyasında həm də siyasi və demokratik tərəqqi yolunda möhtəşəm nailiyyətlərə imza atan dövlətdir. Bütün bunlar həm də ondan irəli gəlir ki, demokratik dəyərlərin sürətlə inkişafı, dövlət tərəfindən həyata keçirilən Avratlantik məkana uğurlu inteqrasiya həm də Azərbaycan xalqının seçimi və əzmidir. Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət Azərbaycanın siyasi və mədəni təbiətinin, xüsusilə, onun insan amilinə verdiyi qiymətin bariz nümunəsidir. ATƏT, Avropa Şurası və Avropa İttifaqı tərəfindən inkişaf etdirilən "insan təhlükəsizliyi", "demokratik təhlükəsizlik" və "kooperativ təhlükəsizlik" konsepsiyaları Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu konsepsiyaların əsas qayəsi fərdin maraqlarının təmin edilməsidir. Dövlət isə  bunun üçün bir vasitə kimi çıxış edir.

Bütün bunlar ölkəmizdə insan, vətəndaş amilinə kifayət qədər yüksək qiymət verildiyini, insan kapitalının inkişafının məqsədyönlü dövlət siyasəti olduğunu göstərir. Bu da öz növbəsində qarşıdakı illərdə Azərbaycanın zamanın tələblərinə cavab verən sürətli tərəqqisini şərtləndirir.

 

 (ardı var)

 

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.4.