Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin rolu artırılacaq

 

 Sentyabrın 29-da Bakıda "Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: əsas hədəflər və nəticələr" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarının məsul şəxsləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və diplomatik korpusun, sosial tərəfdaşların, transmilli şirkətlərin nümayəndələri iştirak etmişlər.

Konfransın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələri xanım Rikarda MakfollsKamran Fənnizadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış etmişlər.

Bildirilmişdir ki, tədbirin məqsədi hər bir yerinin, həmçinin transmilli şirkətlərdə olan yerlərinin işçilərin layiqli həyatla bağlı ehtiyaclarını ödəyə biləcək səviyyəyə çatdırılması istiqamətində səylərin gücləndirilməsidir.

Qeyd olunmuşdur ki, hazırda modern inkişaf mərhələsində olan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü islahatlar ilk növbədə hər bir insan üçün müasir tələblərə cavab verən yaşayış və şəraitinin yaradılmasına, nəticə etibarilə vətəndaş firavanlığının təminatına xidmət edir. İşçi insanların hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, layiqli əməyin təminatı istiqamətində dövlət siyasəti ilbəil gücləndirilir.

Sosial hüquqlar, o cümlədən işçi hüquqları ilə bağlı Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT və BƏT ilə fəal əməkdaşlıq edir. Ölkəmiz yenidən baxılmış Avropa Sosial Xartiyasının 18 maddəsinə qoşulmuş, BƏT-in 56 Konvensiyasını, o cümlədən  əmək hüquqları sahəsində 8 fundamental konvensiyasını ratifikasiya etmişdir.

Konfransın milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin daha fəal iştirakı, həmin şirkətlərlə sistemli şəkildə sosial dialoqun inkişafı üçün effektli üsulların müəyyən edilməsi istiqamətində ilkuğurlu bir addım olacağı, bu sahədə BƏT-in bütün lazımi dəstəyi göstərəcəyi diqqətə çatdırılmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycan hazırda BƏT-in fəal üzvlərindən biridir. Layiqli əmək şəraitinin təmin olunması məqsədilə Azərbaycanda görülən işlərə BƏT həmişə yaxından dəstək vermək əzmindədir.

Transmilli şirkətlər respublikamızın iqtisadiyyatında mühüm yer tutmaqla bərabər, layiqli əməyin təminatında da bir çox komponentlər üzrə müsbət təcrübəyə malikdirlər. Bununla belə, konfransda transmilli şirkətlərin bir qismində əmək qanunvericiliyinə zidd olan hallara toxunulmuş, belə halların aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.10.