Azərbaycan Prokurorluğu dövlətçiliyin maraqlarına xidmət

edən təsisat kimi ulu öndər Heydər Əliyev siyasəti və

 qayğısı nəticəsində təkmilləşmişdir

 

 Müasir və müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Oktyabrın 1-də Baş Prokurorluqda "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və milli prokurorluğun yaradılmasının 93-cü ildönümünə həsr olunmuş  mərasim keçirilmişdir.

Tədbirdə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının nümayəndələri iştirak etmişlər.

Mərasimdə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov, ilk növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümü ərəfəsinə təsadüf edən peşə bayramı günü münasibətilə prokurorluq orqanlarının bütün əməkdaşlarını və təqaüddə olan veteranları təbrik etmişdir. Z.Qaralov xüsusi vurğulamışdır ki, Azərbaycan Prokurorluğunun sivildemokratik məzmunda yenidən formalaşması, müstəqil dövlətçiliyin maraqlarına xidmət edən dövlət təsisatı kimi  təkmilləşməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində mümkün olmuşdur.

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyəti zamanı tam formalaşa bilməyən, Sovetlər İttifaqının tərkibində ideoloji mənafelərə xidmət göstərən, müstəqilliyimizin bərpasının ilk illərində işini qanun çərçivəsində qura bilməyən Azərbaycan Respublikası Prokurorluğu yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm dövlət təsisatlarından birinə çevrilmişdir. Müasir Azərbaycan Prokurorluğu iyirmi illik tarixi olan müstəqillik illərində Heydər Əliyevin dövlət quruculuğu siyasətinin uğurla reallaşdırılmasının nəticəsi olaraq bugünkü səviyyəyə çatmışdır.

Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da   keçirdiyi görüşün müstəsna əhəmiyyəti xüsusi qeyd edilmişdir.

Heydər Əliyev ideyalarını öz dövlətçilik siyasətinin təməl daşı kimi qəbul edən və möhtəşəm praktiki fəaliyyətini həmin ideyaların reallaşdırılmasına istiqamətləndirən Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq, cinayətkarlığa və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, bu sahədə işin təşkilinə məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə və məhkəmə orqanları, o cümlədən prokurorluğun fəaliyyətinin sivil məzmunda müasirləşdirilməsi və yeniləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılır. Bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, zamanın ruhunayeni reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusu, səlahiyyətləri və fəaliyyətində köklü dəyişikliklər baş vermişdir. Kadr siyasətində ciddi dönüş yaradılmaqla şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 

Xüsusi vurğulanmışdır ki, dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik bir addım olmuşdur. Üç illik müddət ərzində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir.

Prokurorluq orqanları tərəfindən korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsinin Prokurorluğun qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin siyasi iradəsinə müvafiq surətdə, MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq prokurorluğa əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, işçilərinin say tərkibi və vəzifə maaşlarının əhəmiyyətli dərəcədə artırılması, ixtisaslaşmış antikorrupsiya qurumu kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin daha səmərəli və çevik təşkili, korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi və istintaqı ilə əlaqədar zəruri tədbirlərin görülməsi üçün hərtərəfli zəmin yaratmışdır.

Bildirilmişdir ki, prokurorluğun kollektivi və hər bir əməkdaş prokurorluğa dövlət səviyyəsində, Azərbaycan Prezidenti tərəfindən göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini həmin etimada layiq səviyyədə qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır.

Müstəqillik illərində icrası üçün əsrlər tələb olunan möhtəşəm işlər görülmüş, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olunmuş, ölkəmizdə sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşdırılmış, vətəndaşların hüquqları real təmin edilmiş, dönməz və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraiti yaradılmışdır. Dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə beynəlxalq aləmdə aparıcı mövqelərini qoruyub saxlayan Azərbaycanın qazandığı uğurların əsasında Heydər Əliyev ideyalarından qaynaqlanan, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu müstəqil, praqmatik, insanpərvər və ən əsası proqnozlaşdırılan müdrik daxilixarici siyasət durur.

Diqqətə çatdırılmışdır ki, hər bir Azərbaycan vətəndaşı, habelə prokurorluq orqanlarının əməkdaşı tərəfindən dövlət müstəqilliyimizin qorunub saxlanılması, bu müstəqilliyin əsas təminatlarından olan ictimai-siyasi sabitliyin möhkəmlənməsi, ölkəmizin daha da qüdrətlənməsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi təmin olunmalıdır. Əminlik ifadə olunmuşdur ki, öz peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkəmizdə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəkdir.

Sonda baş prokuror Zakir Qaralov xidmətdə  fərqlənən bir qrup əməkdaşa "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar, qiymətli hədiyyələr və rütbə dərəcələri təqdim etmişdir.

Mərasimin sonunda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2011.-2 oktyabr.-S.5.