Azərbaycanın dinamik inkişafına yönəlmiş xarici siyasət xətti keçən il də uğurla davam etdirilmişdir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2010-cu ildə beynəlxalq münasibətlər müstəvisində inkişaf edən hadisələr getdikcə daha artmaqda olan qlobal problemlərin təsirinə məruz qalmışdır. Beynəlxalq sülh və təhlükəsizlik, həmçinin davamlı inkişafa qarşı yönələn qlobal problemlər, o cümlədən kütləvi qırğın silahlarının yayılmaması, terrorçuluqla mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin dövriyyəsi, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbii fəlakətlər və iqlim dəyişiklikləri ilə bağlı kompleks məsələlərin həllinə əhəmiyyətli dərəcədə beynəlxalq səylər cəlb olunmuşdur.

Bu səylərə fəal şəkildə töhfə verən Azərbaycan maraqların nisbi balansını təmin etməklə ən mühüm ümummilli məsələmiz olan ölkənin ərazi bütövlüyünün bərpasında irəliləyişin əldə edilməsi, habelə dövlətimizin mövqeyinin və nüfuzunun gücləndirilməsi, beynəlxalq aləmdəki etimadının artması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində apardığı xarici siyasət fəaliyyətini daha da gücləndirmişdir.

Keçən ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danışıqlar 2009-cu ilin dekabrında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır.

Danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşamasının təmin edilməsi, kommunikasiyaların bərpası və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşdirilməsi mövqeyindən çıxış etmişdir.

Ötən il Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda və oktyabrın 27-də Həştərxanda üç görüş keçirilmişdir. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin Vətənə qaytarmaqla torpağa tapşırılması mümkün olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçılarının keçən il iyunun 26-da Kanadanın Muskoka şəhərində verdikləri birgə bəyanat olmuşdur. Bəyanatda dövlət başçıları tərəfindən münaqişənin işğal altındakı ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilmişdir.

Keçən il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinə çağırılmışdır.

Ötən il dekabrin 1-2-də Qazaxıstanın paytaxtında keçirilmiş ATƏT-in 7-ci sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrə BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar öz əksini tapmışdır. Eyni zamanda, sammit çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının 2009-cu ildə İtaliya və 2010-cu ildə Kanadada keçirilmiş G-8 zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.

Ümumilikdə, 2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüququn normaları və prinsipləri, bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirilmişdir. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanmış bəyanatda əks olunur.

Keçən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğalı altında olması faktı təsdiq edilmiş, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Azərbaycan tərəfi işğal altındakı torpaqlarda təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və qiymətləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq qiymətləndirmə missiyasının səfərinin təşkilinə nail olmuşdur. Qiymətləndirmə missiyasının hesabatının 2011-ci ilin yanvarında yayılması planlaşdırılır.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi, Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında məsələnin birdəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.

2010-cu ildə Azərbaycan mötəbər qlobal və regional təşkilatların işində fəal iştirakını və səmərəli əməkdaşlığını davam etdirmişdir. Ölkəmiz beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu beynəlxalq təşkilat olan BMT ilə əldə etdiyi yüksək əməkdaşlıq münasibətlərinin daha səmərəli irəliləyişi istiqamətində səylərini artırmışdır.

İl ərzində Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılması diqqət mərkəzində olmuşdur. Ötən il Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə komitəsinə və BMT-nin Avropa İqtisadi Komissiyası nəzdində Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasına üzv seçilmişdir.

Keçən il ölkəmiz digər mötəbər beynəlxalq qurum olan İslam Konfransı Təşkilatı (İKT) ilə də ənənəvi yüksək əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm vermişdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması üzrə ölkəmizin ədalətli mövqeyi İKT-yə üzv olan bütün dövlətlər tərəfindən bir daha dəstəklənmiş və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi", həmçinin "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması" adlı qətnamələr yekdilliklə qəbul olunmuşdur.

İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında İslam Konfransı Gənclər Forumunun regional ofisinin Azərbaycanda yerləşməsinə dair saziş imzalanmış, həmçinin il ərzində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının illik toplantısı keçirilmişdir.

Eyni zamanda, Ərəb Dövlətləri Liqasının yüksək vəzifəli nümayəndə heyəti respublikamıza səfər etmiş və səfər çərçivəsində tərəflər arasında siyasi dialoqun intensivləşdirilməsinə və çoxşaxəli əməkdaşlığın inkişafına dair razılıq əldə olunmuşdur.

Dinlər və sivilizasiyalararası dialoqun təşviq edilməsində ənənəvi olaraq yüksək nüfuza malik Azərbaycan Respublikası 32 dövlətin dini liderlərinin və dini nümayəndələrinin iştirakı ilə Bakıda Dini Liderlərin Ümumdünya Sammitini keçirmişdir. Sammit çərçivəsində dini liderlər qloballaşma dövründə müasir cəmiyyət qarşısında duran problemlərin həllində dini dəyərlərin əhəmiyyəti və rolunu müzakirə etmiş, bu xüsusda birgə yanaşmaları müəyyən edərək xalqlar, dinlər və sivilizasiyalararası mədəniyyəti və dialoqu təşviq edən Bakı Bəyannaməsini qəbul etmişlər. Sammit çərçivəsində bütün Rusiyanın və Moskvanın patriarxı Kirilin vasitəçiliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçirilmişdir. Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlara töhfə olaraq birgə sənəd imzalamışlar.

Azərbaycanın xarici siyasət kursunda Avropa və Avratlantik strukturları ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı prioritet sahələrdən birini təşkil etdiyindən ölkəmiz bu istiqamətdə də uğurlu fəaliyyətini davam etdirmişdir.

Keçən il Avropa İttifaqı-Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlara başlamaq üçün mandat təsdiq edilmiş və il ərzində iki plenar iclas keçirilmişdir. Aİ-nin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri olmuşdur. Aparılan danışıqların nəticəsində Aİ-Azərbaycan münasibətlərində yeni bir mərhələyə keçidin təzahürü olan Azərbaycan ilə Aİ arasında "Müasirləşmə üçün tərəfdaşlıq" sənədinin hazırlanmasına dair razılıq əldə edilmişdir.

Eyni zamanda, Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində iki yeni - Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə və Məşğulluq, sosial məsələlər, ictimai sağlamlıq, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya üzrə alt-komitələrin yaradılması haqqında protokol imzalanmışdır. Bu alt-komitələr Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının həyata keçirilməsinin sürətləndirilməsi və monitorinqi, Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsünün məqsədlərinə səmərəli şəkildə nail olunması, həmçinin müvafiq sahələr üzrə ekspertlər səviyyəsində məlumat və müsbət təcrübələrin mübadiləsinə əsaslı töhfə vermək imkanı yaradacaqdır.

Azərbaycanın Avropa və Avratlantik məkanlarının sülh və təhlükəsizliyini təmin edən ən nüfuzlu hərbi-siyasi təşkilatı NATO ilə də tərəfdaşlıq münasibətləri inkişaf etdirilmişdir. 2010-cu ildə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci fazası rəsmi olaraq başa çatdırılmışdır. Bu çərçivədə nəzərdə tutulan tədbirlər Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilmişdir.

NATO ilə əməkdaşlıq mexanizmlərindən istifadə etməklə Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə vermək istiqamətində imkanlarını ardıcıl olaraq təkmilləşdirmiş və bu sahədə real addımlar atılmışdır.

NATO-nun Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) həyata keçirdiyi "Gürcüstan III Etimad Fondu" adlı layihə çərçivəsində Gürcüstan ordusunun mühəndis bölüyünün humanitar minatəmizləmə, döyüş ərazisinin təmizlənməsi və böyük həcmli sursatların məhv edilməsi üzrə təlimlərin keçirilməsi bu sahədə yüksək təcrübə və müasir təlim təsisatlarına malik Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə həvalə edilmişdir.

Çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən AQEM, MDB, GUAM, QİƏT, İƏT və s. çərçivəsində də davamlı olaraq inkişaf etdirilmişdir. Regional təşkilatlarla qarşılıqlı öhdəlik, anlaşma və əməkdaşlıq ruhunda artan əməkdaşlığımızın gücləndirilməsi bu təsisatlar çərçivəsində ölkəmizin nüfuzunun artırılması və maraqlarının təminatı ilə yanaşı, beynəlxalq ictimai rəyin düzgün formalaşdırılması və istiqamətləndirilməsi baxımından da faydalı olmuşdur.

Hesabat ilində başlanmış regional layihələr sırasında sərhəd təhlükəsizliyinin səmərəli təminatı istiqamətində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəetmə sistemlərinə dəstək" adlı layihənin icrası vacib əhəmiyyət kəsb etmişdir. Dövlət sərhədinin təhlükəsizliyi ilə bağlı tarixi və siyasi əhəmiyyətə malik olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə" də 2010-cu ildə imzalanmışdır. Tarixdə ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arazında dövlət sərhədlərinin müəyyən edilməsi beynəlxalq hüquqda öz təsbitini tapmışdır.

Regional məsələlərin müzakirəsi və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2010-cu ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkil edilməsi təklifi irəli sürülmüşdür. 2011-ci ilin birinci rübündə növbəti üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulmuşdur.

Bütövlükdə, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 50-yə yaxın dövlətlə 100-dək ikitərəfli beynəlxalq sənəd imzalanmışdır.

Bakıda keçirilmiş III Xəzər Zirvə görüşündə ilk dəfə olaraq Xəzəryanı dövlətlər arasında təhlükəsizlik sahəsində sənədin imzalanması, Zirvə görüşü sənədləri qismində həm Birgə Bəyanatın, həm müqavilənin, həm də Protokol Qərarının qəbul edilməsi tədbirin yüksək əhəmiyyət və məhsuldarlığının göstəricisi olmuşdur.

Digər mühüm sənəd Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının Bakı Enerji zirvə görüşündə imzalanmış Bakı Bəyannaməsi olmuşdur. Bəyannamə Azərbaycanın təbii qazının nəqlinin şaxələndirilməsi məqsədini daşımışdır.

Enerji siyasətinin xidmət etdiyi iqtisadi diplomatiyamızın əsas vəzifəsi əvvəlki illərdə olduğu kimi, keçən il də Azərbaycan Respublikasının dinamik və davamlı inkişafı istiqamətində ölkəmizin regional və beynəlxalq aləmdə artan nüfuzunun, milli maraqlarımıza cavab verən əlverişli mühitin təmin edilməsi olmuşdur. Azərbaycanın regionda aparıcı ölkə statusunun saxlanılmasına böyük önəm verilmişdir.

İl ərzində Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə, bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil etmişdir.

Milli maraqlarımızın təmin edilməsinə yönəlmiş ardıcıl xarici siyasət kursu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı dövlətimizin beynəlxalq səviyyədə nüfuzunun və mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə, Almaniya, Estoniya, Türkiyə, Rusiya, Ukrayna, Portuqaliya, ABŞ, Gürcüstan və Özbəkistana dövlət, rəsmi və işgüzar səfərləri, Bolqarıstan, Belarus, Serbiya, Sloveniya, Türkiyə, Rusiya, Rumıniya, Macarıstan, İordaniya və Mavritaniyanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, XİN-lərarası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin etmişdir.

Azərbaycanın diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənmiş və il ərzində Xorvatiya, Estoniya, Serbiya, Liviya və Argentinada Azərbaycanın səfirlikləri, Rusiyanın Yekaterinburq və Gürcüstanın Batumi şəhərlərində Azərbaycanın baş konsulluqları, həmçinin Almaniyanın Ştutqart və ABŞ-ın Santa Fe şəhərlərində ölkəmizin fəxri konsulluqları açılmışdır. Eyni zamanda, keçən il Azərbaycanda Avstriya, Niderland Krallığı, Fələstin və İndoneziyanın səfirlikləri, Gəncə şəhərində isə Türkiyənin baş konsulluğu fəaliyyətə başlamışdır.

Bununla yanaşı, 2010-cu ildə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası, İraq, Vyetnam və Braziliyada səfirliklərinin açılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.

Yola saldığımız ildə Azərbaycan Respublikası ilə Svazilend Krallığı, Marşal Adaları Respublikası, Sent Lusiya, Fici Respublikası və Qrenada arasında bu ölkələrlə imzalanmış birgə kommünikelər əsasında diplomatik əlaqələr qurulmuşdur.

Müasir dövrdə ölkələrarası münasibətlərin əvvəlki illərlə müqayisədə çox müxtəlif sahələri əhatə etdiyini nəzərə alsaq, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının həmsərhəd ölkələr başda olmaqla müxtəlif dövlət və onların regionları ilə çoxşaxəli əlaqələr qurması Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən olmuşdur.

Peşəkar kadrların hazırlanmasında Azərbaycan Diplomatik Akademiyasının (ADA) apardığı səmərəli fəaliyyət təqdirəlayiq olmuşdur. 2010-cu ildə ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına 23 yerli və xarici tələbə qəbul olunmuşdur. Akademiyada icraedici qurumların nümayəndələri üçün təlim proqramları təşkil olunmaqla 18 dövlət qurumundan iştirak edən 48 dövlət qulluqçusuna xaricdən dəvət olunan aparıcı mütəxəssislər tərəfindən təlimlər keçirilmiş və müvafiq peşə bilikləri ilə təcrübənin artırılması, eləcə də idarələrarası əməkdaşlıq və əlaqələndirmənin təkmilləşdirilməsi məqsədinə nail olunmuşdur.

Keçən il Azərbaycan diplomatiyası mürəkkəb və beynəlxalq münasibətlərdə ziddiyyət dolu dövrdən keçmişdir. Xarici siyasətimiz qarşıda duran strateji vəzifələri məqsədyönlü və ardıcıl şəkildə həyata keçirməklə prioritet hesab olunan fəaliyyət istiqamətləri üzrə yüksək tempi aşağı salmadan dünyada baş verən dinamik, o cümlədən gözlənilməz dəyişikliklərin çağırışlarını kifayət qədər müvəffəqiyyətlə cavablandıra bilmişdir.

2011-ci ilin xarici siyasət prioritetlərinin ilk sıralarında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində yüksək səfərbərlik, Xəzəryanı bölgədə mehriban qonşuluq əlaqələrinin saxlanılması və yüksək etimadın qurulması, yüksələn fəal əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, zəngin karbohidrogen ehtiyatlarının ixracı və nəqlində ən sabit və etibarlı ölkə qismində mövqeyimizin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqa töhfə məqsədilə ölkənin unikal çoxmədəniyyətli xüsusiyyətləri və geosiyasi özəlliyindən səmərəli şəkildə istifadə olunması məsələləri yer almışdır.

Xarici siyasətimizin maraqlarına ənənələr və müasirlik, həmçinin prinsipiallıq və çevikliyin uzlaşdığı formul xidmət edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 8 yanvar.- S. 3.