Azərbaycan Xəzərdə iqtisadi mövqelərini gücləndirir

 

Ötən il təməlləri qoyulan gəmiqayırma zavodu və Beynəlxalq Dəniz Ticarət Limanı ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək

 

Sürətli sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri bu sahədə yaşanan tərəqqinin davamlı xarakter daşıması, möhkəm bazisə söykənməsidir. Bunun nəticəsidir ki, iqtisadi artım göstəricilərinə görə Azərbaycan dünya ölkələrinin reytinq cədvəlində son bir neçə ildə liderlər cərgəsində yer alıb və bu mövqeyini qorumaqda davam edir. Artıq yola saldığımız 2010-cu il ərzində Azərbaycan iqtisadiyyatının ümumi artımı, həmçinin onun diversifikasiyası istiqamətində atılan addımlar, əldə olunan nəticələr də ölkəmizin yenə sözügedən sferada uğurlu nailiyyətlərə imza atdığını göstərir.

Artan iqtisadi imkanları fonunda Azərbaycan həm də ötən il nəhəng infrastruktur layihələrin həyata keçirilməsi siyasətini davam etdirdi, eyni zamanda bir neçə belə layihənin təməli qoyuldu. Həmin layihələr perspektivdə Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlət halına gəlməsini təmin etməklə yanaşı, qeyri-neft sektorunun inkişafında da mühüm rol oynayacaq. Bütün bunlar digər sahələrdə olduğu kimi, ölkənin iqtisadi tərəqqisi naminə həyata keçirilən siyasətin kifayət qədər dəqiq, rasional, praqmatik düşünüldüyünü və uğurla həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir. Digər tərəfdən, belə layihələr eyni zamanda Azərbaycanın mövcud olduğu regionda, eləcə də Xəzər hövzəsində iqtisadi güc mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edir.

Bu qəbildən olan layihələrdən bəhs edərkən onlar sırasında gəmiqayırma zavodunun və Beynəlxalq Dəniz Ticarət Limanının adlarını xüsusi qeyd etmək lazım gəlir. Artıq icrası həyata keçirilən bu layihələr Xəzərdə ölkəmizin iqtisadi dayaqlarının daha da möhkəmlənməsinə, eyni zamanda onun nüfuzunun davamlı olaraq artmasına gətirib çıxaracaq. Dəyəri yüz milyonlarla dollar olan, reallaşdıqdan sonra qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək bu layihələrin həyata keçməsi üçün Azərbaycan bütün maliyyə imkanlarına və digər tələb olunan resurslara malikdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bununla bağlı bildirmişdir: "2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodunun tikintisi başlamışdır. Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanmışdır. Bu layihələr bölgədə gedən əməkdaşlıq proseslərinə çox güclü təkan verəcək, Azərbaycanın qeyri-neft sektorunun inkişafına çox müsbət təsir göstərəcək və ölkəmizin inkişafına xidmət edəcəkdir. Bütün bu layihələr böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Ancaq iqtisadi vəziyyətimiz imkan verir ki, biz bu layihələri öz gücümüzlə, öz pulumuzla icra edək".

Ekspertlər tərəfindən nəhəng və kifayət qədər strateji xarakter daşıyan müəssisə kimi qiymətləndirilən gəmiqayırma zavodunun inşası, şübhəsiz ki, Azərbaycanın dənizdə mövqeyinin daha da güclənməsinə, burada əsas iqtisadi güc mərkəzi kimi çıxış etməsinə təkan verəcək amillər sırasında yer alacaq. Zavod istifadəyə veriləndən sonra Azərbaycan gəmiçilik sahəsində idxaldan olan asılılığını aradan qaldıracaq, Xəzər Donanmasını öz gücü hesabına müasirləşdirmək imkanı qazanacaq. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin tabeliyində olan gəmilərin ümumi sayı 350-ni keçir. Hələlik onlar bir çox hallarda müxtəlif xarici ölkələrdə təmir edilir və buna heç də az vəsait xərclənmir. Müxtəlif illərdə Azərbaycan Xəzər Donanmasının gücləndirilməsi məqsədilə xaricdən, o cümlədən Rusiyadan xeyli sayda tanker, yük gəmisi və bərələr alıb. Lakin sözügedən zavod istifadəyə veriləndən sonra Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiri burada həyata keçiriləcəkdir. Sözügedən zavodda inşa olunacaq ilk gəmilərin 2013-cü ildə istifadəyə verilməsi gözlənilir. Hesablamalar göstərir ki, yaxın 15 il ərzində təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 150-dək yeni gəmiyə ehtiyacı olacaq. Artıq həmin gəmilər xaricdə yox, Azərbaycanın özündə inşa edilərək istifadəyə veriləcək. Xəzər Dəniz Gəmiçiliyinin gəmilərə olan tələbatının da məhz yeni zavod hesabına ödənilməsi bu müəssisənin nə dərəcədə strateji əhəmiyyət daşıdığını qabarıq şəkildə nümayiş etdirir.

Xatırladaq ki, 2009-cu ilin noyabrında İqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti arasında gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65 faiz, AİŞ 25 faiz, "Keppel Offshore & Marine" şirkəti isə 10 faiz iştirak payına sahibdirlər. 2010-cu il martın 19-da isə Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşası nəzərdə tutulan və müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilib.

İlkin hesablamalara görə layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edir. Zavod işə düşəndən sonra ilkin mərhələdə burada 1000, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq. Zavodun ümumi torpaq sahəsi 520 min, dəniz sahəsi 360 min, ümumi qapalı istehsal sahəsi 75 min kvadratmetr, körpülərin ümumi uzunluğu 1630 metr olacaq. Gələcəkdə uzunluğu 300, eni 100 metr olan quru dokun tikintisi də planlaşdırılır. Bu məqsədlə müvafiq sahə də ayrılıb. Zavodda yükgötürmə qabiliyyəti 300 ton olan əsas kran quraşdırılacaq.

Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (yaxud 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 "Caspian Max" tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Gələcəkdə peşəkar işçi qüvvəsinin sayını çoxaltmaqla zavodun istehsal gücünü artırmaq da mümkündür.

Artıq inşası uğurla həyata keçirilən zavod bir çox vacib parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Əvvəla bu, Azərbaycanın Xəzərdəki donanmasının müasir standartlara cavab verən yük gəmiləri və tankerlərlə təminatına yol açacaq. Digər tərəfdən, inşasına xeyli işçi qüvvəsi cəlb edilmiş zavod işə düşdükdən sonra yeni iş yerlərinin açılması ilə də əlamətdar olacaq. İkinci bir tərəfdən zavod işə düşəndən sonra xaricdən yük gəmiləri, tankerlər almağa ehtiyac duyulmayacaq və onlara olan tələbat yerli istehsal hesabına ödəniləcək. Bu isə milyonlarla dollar vəsaitin ölkədə qalması deməkdir. Digər tərəfdən, Xəzərdə yükdaşımaların artan xətt üzrə inkişaf etməsi gəmiqayırma zavoduna olan tələbatı daha da artırır. Azərbaycan həmin tələbatı ödəmək üçün indidən qabaqlayıcı addımlar atır. Zavodun rentabelliyini təmin edəcək digər bir amil burada xarici sifarişlərin də qəbul olunacağıdır. Zavodda xarici sifariş əsasında hansı gəmilərin tikilməsi isə müştərilərin istəyindən asılı olacaq.

Daha bir önəmli məqam ondan ibarətdir ki, Azərbaycan bu zavod hesabına Xəzərdə olan hərbi donanmasını da gəmilərlə təchiz etmək imkanı qazanacaq. Artıq məlumdur ki, gəmiqayırma zavodunda mülki təyinatlı gəmilərin istehsalı ilə yanaşı, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin sifarişləri əsasında müxtəlif tonnajlı hərbi gəmilərin təmiri həyata keçiriləcək. Bu məqsədlə gəmi tikintisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən avadanlıqlardan istifadə də planlaşdırılır. Beləliklə, sözügedən zavodda hərbi təyinatlı gəmilərin inşa edilməsi faktiki olaraq Azərbaycanın müdafiə sənayesinin daha da güclənməsi deməkdir.

Ancaq Xəzərdə Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli hala gəlməsini təmin edən məqam təkcə sözügedən gəmiqayırma zavodu ilə məhdudlaşmır. Ötən il noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsinin ərazisində təməlqoyma mərasimi keçirilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi də bu sahədə böyük töhfələr verəcək. Hələ 2007-ci ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın icrası məqsədilə Bakı şəhərində nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, Azərbaycanın tranzit potensialının artırılması üçün müvafiq işlər həyata keçirilməyə başlanıb. Bu kontekstdə Nəqliyyat Nazirliyi tərəfindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin ərsəyə gəlməsi üçün Niderlandın "Royal Haskoning" şirkəti ilə müqavilə imzalanıb. Daha sonra həmin şirkət tərəfindən layihələndirmə işlərinə başlanılıb və uğurla başa çatdırılıb.

Bundan sonra Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində yeni limanın inşa edilməsi üçün paraktiki işlərə start verilib. Ümumilikdə liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq və ilkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaq. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq. Bütün bunlar yeni limanın Azərbaycanın tranzit potensialının artırılmasına böyük töhfələr verəcəyini və ölkəmizin Xəzərdə iqtisadi güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxaracağını aydın şəkildə nümayiş etdirir.

Beləliklə, hazırda Azərbaycan atdığı konkret addımlarla, həyata keçirilən müvafiq işlərlə Xəzərdə istənilən həcmdə yükdaşıma məsələlərinin həlli üçün yeni, müasir infrastruktur formalaşdırmaqdadır. Bu, həm də ölkəmizin Şimal-Cənub, Şərq-Qərb dəhlizinin fəal iştirakçısı kimi Xəzərdə nəqliyyat sistemlərinin inkişafında oynadığı rolun davamlı olaraq artmasından xəbər verir.

 

 

Azərbaycan.- 2011.- 9 yanvar.- S. 1.