"İki yoldaş" Azərbaycan Film Fonduna göndərilib

 

Adıçəkilən uşaq filmi indiyə kimi Rusiya Dövlət Kino Arxiv Fondunda idi

 

Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov şəxsi arxivindən müxtəlif illərdə çəkilmiş Azərbaycan filmlərinin foto-neqativlərini Dövlət Film Fonduna təqdim edib.

Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyevin verdiyi məlumata görə, onların arasında "Qanun naminə", "O olmasın, bu olsun", "Leyli Məcnun", "Koroğlu", "Min birinci qastrol" digər filmlərin foto-neqativləri var. Rejissorun fonda ümumilikdə 90 ədəd foto-neqativ verdiyi bildirilir. Bundan başqa, Ə.Muradov şəxsi kino arxivindən 2003-cü ildə çəkdiyi, xalq artisti Nəsibə Zeynalovanın dəfn mərasiminin kino-materiallarını, "Ananın duaları" bədii filmini, "Tofiq Quliyevin dəfn mərasiminin təsvirlərini", Hüseyn Seyidzadənin yubileyinə həsr olunmuş kino arxiv materiallarını başqa sənədləri Dövlət Film Fonduna təqdim edib.

Fondda Ələkbər Muradovun şəxsi arxiv fondu yaradılıb.

İndiyə kimi Rusiya Dövlət Kino Arxiv Fondunda saxlanılan, 1934-cü ildə rejissor Makovski tərəfindən çəkilmiş "İki yoldaş" filmi Dövlət Film Fonduna təqdim edilib. Azərbaycanın ilk uşaq filmlərindən biri hesab olunan qısametrajlı bu ekran əsəri "Bakı" kinostudiyasının istehsalıdır.

 

 

Azərbaycan.- 2011.- 9 yanvar.- S. 4.