Azərbaycanın müdafiə potensialı daim güclənir

 

Yüksək peşəkarlığa malik Silahlı Qüvvələrimiz istənilən tapşırığı uğurla yerinə yetirməyə hazırdır

 

Dinamik inkişaf edən Azərbaycan müdafiə potensialının davamlı olaraq gücləndirilməsi istiqamətində də böyük nailiyyətlər qazanıb. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazda ən güclü və peşəkar ordu məhz Azərbaycana məxsusdur. Proseslərin inkişaf axarı Azərbaycan Ordusunun döyüş hazırlığının, maddi-texniki təminatının, eləcə də digər mühüm parametrlərinin daha güclü və peşəkarlıq səviyyəsinin yüksəlişindən xəbər verir. Bunu şərtləndirən əsas amillər ordu quruculuğuna yetirilən xüsusi diqqət, Azərbaycanın zaman keçdikcə iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizdə demoqrafik artım göstəricilərinin arzuedilən səviyyədə olmasıdır.

Ordu quruculuğu prosesində NATO standartlarının müvəffəqiyyətlə tətbiqi, ölkəmizdə mövcud hərbi təhsil ocaqlarında yüksək keyfiyyətli tədris, eləcə də azərbaycanlı hərbçilərin dünyanın bir çox qabaqcıl hərb akademiyalarında, digər tədris müəssisələrində təhsil alaraq daha peşəkar kadr kimi ordu sıralarına qayıtması Silahlı Qüvvələrimizdə professionallığın daha da yüksəlməsinə mühüm töhfələr verir. Yüksək döyüş ruhuna və hazırlıq səviyyəsinə malik Azərbaycan Ordusu maddi-texniki təminat baxımından da özünün sürətli yüksəliş dövrünü yaşamaqdadır. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkəmizdə hərbi təyinatlı məhsulları istehsal edən sənaye müəssisələrinin yaradılması bu istiqamətdə mühüm rol oynayır. Azərbaycan eyni zamanda bir sıra xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan texnikaların modernləşdirilməsini həyata keçirir. İndi əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə də istehsal olunur.

Təbii ki, Azərbaycanın ordu quruculuğuna belə geniş diqqət ayırmasını, hərbi xərclərinin miqdarını artırmasını şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin müharibə vəziyyətində olması, ərazilərimizin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasıdır. İndiyə qədər Azərbaycan sülh yolu ilə öz ərazi bütövlüyünün bərpa olunması üçün Ermənistanla danışıqlar aparıb və məsələnin hələ ki dinc formada çözülə biləcəyinə müəyyən ümidlər var. Lakin bu ümidlər tam tükənəcəyi təqdirdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini digər vasitələr, o cümlədən hərbi yolla həll etmək hüququnu özündə saxlayır. Mövcud beynəlxalq hüquq, onun əsas norma və prinsipləri də Azərbaycana ərazi bütövlüyünün bərpası üçün hərbi gücə əl atmağa tam imkan verir. Məsələnin hərbi müstəvidə çözüləcəyi təqdirdə də Azərbaycanın düşmən üzərində tam qələbə çalacağı nəinki ölkəmizdə və beynəlxalq aləmdə, heç Ermənistanın özündə də qətiyyən şübhə doğurmur. Zaman keçdikcə Azərbaycan və Ermənistan arasında hərbi güc fərqi daha böyük sürətlə artır. Təkcə 2011-ci il üçün Azərbaycanın hərbi xərclərinin miqdarı ilə Ermənistanın ümumi dövlət büdcəsini müqayisə etdikdə bu aydın görünür. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə, əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq. Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq".

Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən Azərbaycan sənayesinin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada ərsəyə gətirilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Digər tərəfdən ildən-ilə ölkə daxilində istehsal olunan əsgəri məhsulların kəmiyyətində də ciddi artım var.

Artıq ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullara beynəlxalq miqyasda da böyük ehtiyac var. Bunu bu il sentyabrın 20-25-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən "AAD - Afrika Aerospace Defence-2010" sərgisi də göstərdi. Afrika qitəsində indiyədək nümayiş olunan sərgilər arasında ən böyük hərbi sərgi hesab olunan həmin sərgidə Azərbaycan, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 67 adda müdafiə təyinatlı məmulatla təmsil olunmuşdu. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə edilən çap lövhələri və digər məmulatlar daxil idi.

ABŞ, Çin, Türkiyə və CAR kimi məşhur silah istehsalçıları hesab olunan ölkələr də daxil olmaqla dünyanın 36 ölkəsindən 323 qabaqcıl şirkətin qatıldığı sərgidə nümayiş olunan Azərbaycan istehsalı olan məmulatar böyük marağa səbəb olub. Xüsusilə 12,7 və 14,5 mm-lik "İstiqlal" snayper tüfəngləri sərgidə iştirak edən xarici ölkə nümayəndələrinin diqqətini çəkib. Xatırladaq ki, 14,5 mm-lik "İstiqlal" snayper tüfəngi 2009-cu ildə Türkiyədə keçirilən "İDEF - 2009" və cari ildə İordaniyada keçirilən "SOFEX - 2010" sərgisində də böyük marağa səbəb olmuşdu. 12,7 mm-lik "İstiqlal" snayper tüfəngi isə ilk dəfə məhz "AAD - Afrika Aerospace Defence-2010" sərgisində nümayiş etdirilib.

Yeri gəlmişkən, Azərbaycan bu sahədə dünyanın bir çox ölkələri, qabaqcıl şirkətləri ilə əməkdaşlıq münasibətlərinin yaradılmasına xüsusi önəm verir. Hazırda Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Həmin ölkələrin sırasına İtaliya, İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail, Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan və digərləri daxildir. Ümumilikdə isə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlıq etdiyi dünya dövlətlərinin sayı 60-ı keçir.

Qarşıdakı dövrdə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin bir qədər də çoxalacağı gözlənilir ki, bu, Silahlı Qüvvələrin texniki ehtiyacının daha böyük həcmdə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Daha bir mühüm cəhət odur ki, aparılan elmi-tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində ölkəmizdə çoxsaylı müdafiə təyinatlı məmulatlar yaradılıb və onların istehsalı mənimsənilib.

Daha bir maraqlı müqayisə: 2010-cu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artıb. Cari ildə əsasən müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və sair məmulatların seriyalı istehsalı həyata keçirilib.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində müxtəlif mülki məhsulların istehsalına da xüsusi önəm verilir. Ölkəmizin müdafiə sənayesində yaradılan müəssisə və zavodlar təkcə hərbi təyinatlı məmulatların istehsalına yox, eyni zamanda xalq təsərrüfatının bütün sahələri üçün müxtəlif mülki məhsulların istehsalını həyata keçirməyə imkan verir. Bunun nəticəsidir ki, neft-qaz sənayesində istifadə olunan fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu sistemi, tənzimlənmə və ölçü qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, neft quyularının, dağ-mədən işlərinin perforasiyası üçün müxtəlif ölçülü perforatorlar, traktorlar üçün tırtıllar, biryaruslu və ikiyaruslu çarpayılar, səyyar yemək termosları, smart-kartla işləyən qaz sayğacları, müxtəlif güclü akkumulyator batareyaları və s. ölkəmizin müdafiə sənayesində yaradılan müəssisə və zavodlarda istehsal edilir. Bununla yanaşı, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması sahəsində də uğurlu addımlar atılır və bu, yeni növ müdafiə təyinatlı məmulatların istehsalının mənimsənilməsinə imkan verir. Eyni zamanda dünyada tətbiq olunan yeni texnologiyaların, elmin hərbi-texniki sahəsində olan yeniliklərin tətbiqi də priortet istiqamətlər sırasında yer alır. Bütün bunlar Azərbaycanın müdafiə potensialının daha da güclənməsi deməkdir.

 

 

Azərbaycan.- 2011.- 11 yanvar.- S. 1.