Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu "Rossiya" kanalı ilə növbəti "Azərbaycana aparan yol" teleproqramını yayımlamışdır

 

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu "Azərbaycana aparan yol" teleproqramının ikinci verilişini efirə buraxmışdır. Teleproqram "Rossiya" (kanalının "Vesti-24") verilişində hər həftə saat 20-30-da yayımlanacaqdır. Ölkəmiz barədə birinci proqram "Rossiya" kanalının Yekaterinburqa qoşulan efir vaxtında yanvarın 9-da nümayiş etdirilmişdir.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov bildirmişdir ki, bu layihə ölkəmizin Yekaterinburqdakı konsulluğunun tam təşkilati dəstəyi ilə ilk dəfə həyata keçirilir. "Azərbaycana aparan yol" teleqroqramının birinci verilişi "OTV" Yekaterinburq vilayət televiziyasının efirində 2010-cu il avqustun 7-də rus dilində yayımlanmışdı. O vaxtdan etibarən hər həftə Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiya en dairələrində yayımlanır. S.Qasımov demişdir: "Ölkəmiz barədə növbəti teleproqramın efirə çıxması Sverdlovsk vilayəti rəhbərliyinin istəyi və ölkəmizə bəslədiyi xoş münasibət, habelə Azərbaycan və Ural regionu arasındakı ənənəvi sıx tərəfdaşlıq və dostluq əlaqələri sayəsində mümkün olmuşdur. Xalqlarımızı qarşılıqlı rəğbət hissləri və bir-birinə qayğıkeş münasibət telləri bağlayır". Baş konsul onu da bildirmişdir ki, yeni televiziya proqramında Azərbaycanın bugünkü reallıqları, bütün sahələrdə qazandığı uğurlar barədə maraqlı və dolğun süjetlər təqdim ediləcəkdir. Diplomat demişdir: "Lakin bu proqramın məzmunu OTV ilə yayımlanan eyniadlı proqramın məzmunundan fərqli olacaqdır. Beləliklə, 2011-ci ildə Uralda Azərbaycan haqqında verilişlərin sayı artır. Bu da ölkəmizin müsbət imicinin formalaşmasına təsir göstərəcəkdir".

S.Qasımov xüsusi vurğulamışdır ki, proqramın hazırlanması və miqyasının genişləndirilməsi Rusiya və Azərbaycan arasında dostluğu möhkəmləndirmək, iqtisadi və mədəni əlaqələri, habelə humanitar, elm və texnika sahələrində münasibətləri inkişaf etdirmək məqsədi daşıyır. Dövlətlərimizin regionlararası münasibətlərinə xüsusi diqqət yetirildiyini diqqətə çatdıran diplomat demişdir: "Veriliş Azərbaycanın bugünkü reallıqlarına yaxından bələd olmaqda, xalqımızın ruhunu, qədim adət-ənənələrini anlamaqda Rusiya vətəndaşlarına kömək edəcəkdir".

Teleproqramda Azərbaycanın bugünkü uğurlarından, onun görməli yerlərindən və bənzərsiz simasından söz açılmışdır. Silsilə verilişlərdə, həmçinin Azərbaycan mətbəxi, ölkəmizin turizm potensialı, Rusiyada yaşayan məşhur azərbaycanlılar, konsert proqramları və ölkəmizin mədəni həyatı barədə süjetlər təqdim ediləcəkdir.

Bundan əlavə, televiziya proqramında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə və onun hüdudlarından kənarda irimiqyaslı fəaliyyətindən, habelə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və iri humanitar tədbirlərdən bəhs edən rəsmi xronika bloku nümayiş etdiriləcəkdir. Bu yaxınlarda Yekaterinburqda olmuş və bu regionla sıx humanitar əlaqələr qurmuş Leyla Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun RF nümayəndəliyinin fəaliyyətinə xüsusi yer ayrılacaqdır.

Qeyd edək ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun informasiya tərəfdaşları AzərTAc və AzTV-dir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 13 yanvar.- S. 3.