Səngəçal terminalı ilə tanışlıq "Euronews" telekanalının nümayəndələrində xoş təəssürat yaratmışdır

 

Ölkəmizdə səfərdə olan "Euronews" telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla yanvarın 13-də Səngəçal terminalında olmuşlar.

Xəzər Enerji Mərkəzində qonaqlara "Əsrin müqaviləsi" üzrə həyata keçirilən layihələr, görülmüş işlər, o cümlədən xam neft nümunələri barədə ətraflı məlumat verilmişdir.

Sonra avtobusla terminalın ərazisini gəzən qonaqlara bildirilmişdir ki, Azərbaycanda həyata keçirilən bütün iri neft layihələrinin qovuşduğu bu terminalın tikintisinə 2001-ci ilin noyabrından başlanmış, burada 3 mindən çox işçi çalışmış, 25 milyon adam-saatdan çox iş görülmüşdür. Bu, dünya rekordu sayıla biləcək bir hadisədir. Terminalda 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, idarəetmə məntəqəsi tikilmiş, dənizdə yerləşən yataqlardan sualtı neft və qaz kəmərləri, fiber-optik rabitə kabelləri çəkilmişdir.

Qonaqlar nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, buradan Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycan ərazisindəki hissələrində bütün prosesləri izləmək, hər hansı qəza, nasazlıq barədə dərhal xəbər tutub müvafiq tədbir görmək mümkündür.

Dünyanın ən nəhənglərindən biri olan Səngəçal neft terminalı ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-14  yanvar.- S. 6.