"Azərbaycan qadını" jurnalının yeni sayı təqdim olunmuşdur

 

Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının yeni sayı təqdim olunmuşdur.

Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan jurnalın növbəti nömrəsi də maraqlı materiallarla zəngindir. Burada oxuculara Milli Məclisin yeni tərkibinə seçilmiş iyirmi xanımla maraqlı müsahibələr təqdim edilmişdir. Müsahibələrdə onların uşaqlıq və gənclik illəri ilə bağlı xatirələri, siyasətə, incəsənətə, tarixi abidələrə münasibətləri əks olunmuşdur.

Yeni sayda oxucular Heydər Əliyev Fondu ilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birlikdə təşkil etdiyi "Azərbaycan: uçan xalçalarda nağıllar dünyasına" adlı sərginin təfərrüatları ilə də tanış olacaqlar.

Xarici işlər nazirinin müavini, XİN-in Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevlə müsahibə "Pyedestal" rubrikasında verilmişdir.

Musiqisevərlər jurnalın səhifələrində Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Regina Rüstəmova və həyatının çox hissəsini teatrda keçirən daha bir gənclə - Çinarə Əlizadə ilə tanış ola biləcəklər.

Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı, əməkdar artist, professor Yeganə Axundovanın yaradıcılığı, tanınmış şair Onegin Hacıqasımovun taleyi ilə bağlı zəngin materiallar və müxtəlif mövzuda digər yazılar da oxucuların marağına səbəb olacaqdır.

 

Sonda gənc qadın xanəndələrin ifasında muğam axşamı keçirilmişdir. "Xarı bülbül" muğam qrupunun müşayiəti ilə Güllü Muradova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və Rəvanə Ərəbovanın ifasında "Şur" dəstgahı və "Bayatı-Şiraz" səslənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15  yanvar.- S. 5.