Hər zülmət gecənin parlaq səhəri var

 

Qan yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsi nə qədər əzablı, dəhşətli və sarsıntılı olsa da, bu qanlı tarix xalqımızı, millətimizi azadlığa, istiqlaliyyətə qovuşdurdu. Ölməzliyin, hünər və qəhrəmanlığın, ən başlıcası da ölümün gözünə dik baxmağın nə demək olduğunu öz həyatları bahasına sübut edən 20 Yanvar şəhidlərinin böyüklüyü, qüdrəti, əzəməti və müqəddəsliyi də məhz bundadır.

Xalqımızı, millətimizi imperiya əsarətində saxlamaq istəyən məkrli düşmən qüvvələrin bəd əməli kimi tarixə düşən 20 Yanvar faciəsini qəmli-kədərli gün kimi yaşasaq da, əslində o, xalqımızın, millətimizin şanlı qəhrəmanlıq tarixidir.

Odur ki, igidlərin uyuduğu Şəhidlər xiyabanı xalqımızın inam və inanc yeri kimi müqəddəs bir məkandır. Buna görə də şəhidlərimizin xatirəsinə olan tükənməz hörmət və ehtiram hissi hər birimizin varlığından, qəlbindən qaynaqlanır. Şəhid adlarının əbədiləşdirilməsi, onların xatirəsinin uca tutulması dövlətimizin daim diqqətindədir.

Dövlətimizin himayəsi ilə nəşr olunan Respublika Xatirə Kitabı bu qayğı və diqqətin daha bir təzahürüdür. Əsl mənəvi abidə dəyərlərini özündə təcəssüm etdirən bu ensiklopedik kitabda 20 Yanvar faciəsi qurbanlarının da adları əbədi yer tutub.

Yeri gəlmişkən qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il dekabrın 23-də imzaladığı "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanunun tələbi ilə yaranmış Respublika Xatirə Kitabı bütövlükdə 20 cild olacaqdır. İndiyədək həmin kitabın doqquz cildi nəşr edilmişdir. Hazırda onuncu cild üzərində iş gedir. İkinci dünya müharibəsində (1941-1945), vaxtilə dünyanın ayrı-ayrı yerlərində baş vermiş məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya hadisələrində, Əfqanıstan müharibəsində, qanlı 20 Yanvar və Xocalı faciələrində, Qarabağ döyüşlərində, dövlət müstəqilliyimizin və ərazilərimizin bütövlüyü uğrunda mübarizələrdə şəhid olmuş, itkin düşmüş soydaşlarımızın adları əlifba sırası ilə bu kitaba yazılır, onların haqqında ensiklopedik məlumatlar verilir. Bu şəhidlər sırasında 20 Yanvar faciəsi qurbanlarının da adları diqqət mərkəzində saxlanılır.

Ümumiyyətlə, Respublika Xatirə Kitabının timsalında, adları bu kitabın səhifələrində həkk olunmuş şəhidlərimizin hünər və qəhrəmanlığı fonunda hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Bundan əlavə, dünya ictimaiyyətinin diqqətini 20 Yanvar hadisələrinə, bu hadisəni doğuran səbəblərə yönəltmək, vandalizmin əsl mahiyyətini özündə əks etdirən bu qanlı olayın baiskarlarını dünyaya tanıtmaq, bu faciənin təzahürləri ilə əlaqədar qan yaddaşımızı daim möhkəmləndirmək istiqamətində iş aparmaq Respublika Xatirə Kitabı Redaksiyasının diqqət yetirdiyi başlıca məsələlərdəndir.

 

 

Tofiq ABDULLAYEV,

Respublika Xatirə Kitabı

Redaksiyasının redaktoru

 

Azərbaycan.- 2011.-15  yanvar.- S. 6.