Müstəqilliyimiz naminə ən ağır sınaqdan çıxdıq

 

Yanvarın 19-da gecə saat 11-dən yanvarın 20-də səhər saat 6-dək qanlı imperiya silahlarından güllə yağmuru yağdı əliyalın, silahsız millətimizin üzərinə. Güllələrdən deşik-deşik oldu nəhəng binaların divar sinələri. 70 illik imperiya zülmətindən sıyrılıb öz müstəqilliyinə doğru addımlayan xalqımızın azadlıq arzusuna atılırdı bu güllələr. Heç kəsə aman vermədən, heç kəsə rəhm etmədən, ağzı süd qoxulu günahsız körpələrimizdən müdrik ağsaqqallarımıza, ağbirçəklərimizə, cavanlarımızadək qarşılarına çıxan bütün dinc əhali gülləbaran edildi. Həmin faciəli gecədə vəhşi imperiya güllələri son nöqtə qoydu 133 nəfər yurddaşımızın hələ doğulmamış sabahlarına.

Əksəriyyəti ermənilərdən ibarət sovet ordusunun törətdiyi qətl və cinayətlər yanvarın 20-dən sonra da davam etdi. Yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında həmin qanlı soyqırıma birtərəfli qiymət verilsə də, Azərbaycan KP MK-nın iki gün sonra keçirilən plenumunda bu böyük faciənin tamamilə unudulması və damarlarından hələ də imperiya qanı axan başçılarımızın şəhidlərimizin müqəddəs ruhunu birdəqiqəlik sükutla belə yad etməmələri bu gün də qəlbimizi göynətməkdədir. Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi Mixail Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik Abel Aqanbekyanın hələ 1987-ci il noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üşün bir siqnal idi. Qorbaçova yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının Qarabağı Azərbaycandan qoparmaq üşün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı kəşfiyyat orqanlarına yaxşı məlum idi. Üstəlik, Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-oturmaqda idi. Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və iftiralarla dolu "Ocaq" kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnak sürüləri Azərbaycana doğru yürüşə başladılar. Vəzirovun ölkəni idarə etmək iqtidarında olmaması və KQB-nin daxildəki təxribatçılıq əməlləri 20 Yanvar faciələri üçün əsas bünövrə oldu. Əgər o vaxt ölkəmizin baş kürsülərində əyləşənlər öz azadlıq və müstəqilliyi naminə haqq mücadiləsinə qalxmış xalqın faciəli taleyinə qara çeşməklər ardından baxmasaydılar, vəzifə kürsüsü naminə Kremlin əmr və göstərişlərini müti şəkildə kor-koranə yerinə yetirməsəydilər, bu haqsızlıq və ədalətsizliyə qarşı öz etiraz səslərini bütün dünya boyu ucaltmağa özlərində təpər tapıb əsl vətənpərvərlik nümayiş etdirsəydilər nə 20 Yanvar qırğınları baş verər, nə də məmləkətimiz bu qədər müdhiş əzablara düçar olardı. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il 29 avqust sessiyasındakı çıxışında qətiyyətlə deyirdi: "Artıq dağılmış Sov.İKP-nin tərkib hissəsi olan Azərbaycan KP dərhal hakimiyyətdən getməlidir. Onun bütün strukturları ləğv olunmalı, əmlakı milliləşdirilməlidir. Onun mətbu orqanlarının işi dayandırılmalıdır. Azərbaycan KP MK-nın xunta ilə əməkdaşlıq edib-etməməsini aydınlaşdırmaq üçün parlament komissiyası yaradılmalıdır. Hərbi təcavüzün bütün günahkarları aydınlaşdırılıb məsuliyyətə cəlb olunmalıdır". Bu, 20 Yanvar qırğınının törədicilərinə qarşı ən sərt ittiham idi. Yalnız 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin başçılığı altında keçirilən müşavirədə bu faciəyə dolğun və obyektiv qiymət verildi və bu dəhşətli faciənin əsl günahkarlarının adları açıqlandı.

Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Əsla! O vaxtkı respublika rəhbərliyinin 20 Yanvar faciəsinə laqeyd münasibətinin nəticəsidir ki, sonralar həmin faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağa silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın mərdanə oğlumuzu itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü.

Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqli gələcəyə olan böyük inamını itirmədi.

İnamla demək olar ki, 70 il ərzində sovet imperiyasını 20 Yanvar hadisələri qədər sarsıdıb diz çökdürən ikinci bir hadisə olmayıb. 20 Yanvar neçə-neçə günahsız millətin azadlıq arzularını boğub, onları öz müti köləsinə döndərən sovet imperiyasının maska arxasındakı simasını və çirkin niyyətlərini həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam çılpaqlığı ilə açıb göstərdi. Bu da, söz yox ki, sovet imperiyasında mərkəzdənqaçma meyillərinin günbəgün artmasına güclü təkan verdi və İttifaq daxilindəki digər xalqların milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. İlk baxışda zülmün və ədalətsizliyin haqq və ədalət üzərində təntənəsi kimi görünən 20 Yanvar əslində yadelli orduların, tankların, topların, ən müasir hərbi silahların belə xalqın sarsılmaz qranit birliyi və polad iradəsi qarşısında nə qədər gücsüz olduğunu, zahiri qələbənin əslində biabırçı məğlubiyyətdən başqa bir şey olmadığını bariz şəkildə nümayiş etdirdi.

O faciəli günlərdən artıq 21 il keçir. 21 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Çünki orada əbədiyyət yuxusuna gedənlər vətən yolunda, millət yolunda, bugünkü azadlığımız və əbədiyaşar müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların isə ömrü vətənin və xalqın ömrü qədərdir. Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, doğma torpaqlarımızın erməni faşizminin işğalından xilası naminə mübarizəyə hər an hazır olan hər bir Azərbaycan vətəndaşının iç dünyasındadır.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2011.- 16 yanvar.- S. 2.