Svante Kornel: Dağlıq Qarabağ münaqişəsi Avropanın ən təhlükəli münaqişəsidir

 

ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz Araşdırmaları İnstitutunda "Azərbaycan müstəqillikdən bəri" kitabının təqdimatı keçirilmişdir. İnstitutun tədqiqatlar üzrə direktoru, elmi işləri ilə bütün türk dünyasında tanınan Svante Kornelin müəllifi olduğu 485 səhifəlik ətraflı araşdırmada müstəqilliyini bərpa edəndən bəri Azərbaycanın keçdiyi yol, siyasi seçimləri və nadir inkişaf sürəti işıqlandırılmışdır. Müəllif Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövrü tarixindən də bəhs etmişdir.

Kitabın təqdimatında çıxış edən alim bildirmişdir ki, araşdırmanı məhz Azərbaycana dair aparmasının bir sıra səbəbləri vardır. Ölkənin Qərb dünyası üçün əhəmiyyəti, Mərkəzi Asiyaya pəncərə açması, cəmi 20 illik müstəqillik dövründə bölgədə gündən-günə nüfuzu artan enerji daşıyıcıları hasilatçısına və müstəqil siyasi oyunçuya çevrilməsi Azərbaycan Respublikasını siyasi elmlər baxımından maraqlı fenomenə çevirir. Eyni zamanda, Qafqazın digər dövlətləri - Gürcüstan və Ermənistana aid kitabların sayı ilə müqayisədə Azərbaycanla bağlı ədəbiyyatın çatışmazlığı hiss olunur. S.Kornel bildirmişdir ki, türk və Azərbaycan dillərini bilməsi ona araşdırmasını bu mövzuda yazan digər ingilisdilli müəlliflərə nisbətən daha dərin və ətraflı aparmağa imkan vermişdir. Kitabda çoxsaylı mənbələrdən istifadə edildiyini xatırladan alim onu da bildirmişdir ki, bu əsəri yazmaqda məqsəd Azərbaycandakı mövcud siyasi sistemi və meyilləri yaxından başa düşmək idi.

Müəllifin fikrincə, araşdırmasının əsas nəticələrindən biri Qarabağ məsələsinin nə qədər əhəmiyyətli olduğunun ortaya çıxmasıdır. Svante Kornel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Avropanın ən təhlükəli münaqişəsi adlandırmışdır. ABŞ-ı münaqişənin tezliklə həllinin vacibliyini daha dərindən anlamağa çağıran alim yazır: "Münaqişə tərəfləri arasında tarazlıq gündən-günə dəyişir. Azərbaycanın dövlət kimi qüdrətlənməsi münaqişənin həlli üçün hərb yoluna əl atılacağı ehtimalını da artırır. Problemin böyük nüfuzların maraqları daxilində olan münaqişəyə çevrilməsi ondan xəbər verir ki, məsələnin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrləri formatı yetərli çərçivə deyildir".

Azərbaycanı Qafqaz bölgəsinin yeganə əsl müstəqil dövləti adlandıran Svante Kornel ölkənin gələcək inkişafının da politoloqlar tərəfindən maraqla izləniləcəyini bildirmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 16 yanvar.- S. 3.