"Gorus mifomaniyası"na sarsıdıcı zərbə

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Belə bir məşhur deyim var: keçmişini unudanlar onu yenidən yaşamaq məcburiyyətində qalarlar. Azərbaycan tarixində də unudulması mümkün olmayan, bütövlükdə ictimai şüurda dərin iz buraxaraq xalqı mübarizə ruhunda kökləyən elə qanlı hadisələr var ki, heç zaman yaddaşlardan silinmir. "Dənizdən-dənizə Ermənistan" yaratmaq xülyası ilə xaricdəki havadarlarının himayəsinə sığınaraq onlardan hərtərəfli dəstək alan erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı, terror və deportasiya aktları da bəşər tarixində insanlığa qarşı yönəlmiş ağır cinayətlər kimi qalmışdır. Bu cinayətlərin qanlı izlərini bütövlükdə iki milyonadək azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Tarixi həqiqətləri təhrif etmək yolu tutan erməni ideoloqları uzun illərdir ki, törətdikləri dəhşətli cinayətləri pərdələmək üçün dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma "soyqırımı" iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Real əsası olmayan bu iddiaların gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlərin hesabına daha geniş coğrafi əraziyə yiyələnmək, diqqəti özlərinin işğalçılıq siyasətindən yayındırmaq məqsədi güdür. Dövlət səviyyəsində işğalçılıq siyasəti yürüdən ermənilər bu niyyətlə ən amansız cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan vandalizm aktlarını bir qayda olaraq türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar.

Bütövlükdə müsəlman xalqlarına düşmən kimi yanaşan bədxah qonşularımız tarixi, siyasi və hüquqi nöqteyi-nəzərdən tamamilə əsassız iddialarını gerçəkləşdirmək üçün bu gün də müxtəlif ölkələrdə yalan və iftira kampaniyasını davam etdirir, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Həmin iftira kampaniyasının önündə isə ənənəvi olaraq Ermənistanın rəhbər vəzifəli şəxsləri, ilk növbədə əli azərbaycanlıların qanına batmış, ağır müharibə cinayətləri üzərində hakimiyyətə yiyələnən prezident Serj Sarkisyan dayanır. Absurd iddialarla indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik nümayiş etdirən Sarkisyan beynəlxalq ictimaiyyətin diqqətini işğalçılıq faktından yayındırmağın mümkün olmadığının açıq etirafı kimi xaricdəki erməni diaspor təşkilatlarını Azərbaycana iftira kampaniyasını daha da genişləndirməyə çağırmışdır. Belə ki, Ermənistan prezidenti 2010-cu il oktyabrın 16-da Gorus şəhərində erməni diasporunu təmsil edən jurnalistlərlə görüşdə tarixi faktları qeyri-ciddiliklə təhrif etmiş, absurd tezislər irəli sürərək onları Azərbaycana qarşı yönəltməyi xaricdə yaşayan ermənilər qarşısında mühüm vəzifə kimi müəyyənləşdirmişdir.

Serj Sarkisyanın Gorusda "Erməni dilinin dünyanın ən qədim dillərindən olması", "Azərbaycan xalqının XX əsrdə "yaranması", "Dağlıq Qarabağ xalqının milli özünütəyin hüququna malik olması" kimi absurd bəyanatlar səsləndirməsi erməni mifomaniyasının növbəti təzahürü olmaqla bahəm, Ermənistan rəhbərliyinin diplomatik cəbhədə çıxılmaz vəziyyətlə üzləşdiyini, obrazlı desək, dalana dirəndiyini göstərir. Danışıqları süni şəkildə uzatmaq imkanları tükənən, üstəlik işğalçılıq siyasətinə görə müxtəlif beynəlxalq təzyiqlərlə, Cənubi Qafqaz kimi mühüm geoiqtisadi əməkdaşlıq məkanında təcrid vəziyyəti ilə üzləşən təcavüzkar dövlətin rəhbəri Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf etmək məcburiyyətində qalmışdır. Digər tərəfdən, ciddi elmi-tarixi mövzulara bəsit təfəkkürlə, uydurma mülahizələrlə yanaşan Serj Sarkisyanın gülünc iddiaları Azərbaycana ideoloji-təbliğati müstəvidə daha da fəallaşmaq, inkarolunmaz elmi fakt və sübutlarla Ermənistanı ifşa etmək imkanı yaratmışdır. Başqa sözlə, erməni mifomaniyası Gorusda daha bir sarsıdıcı zərbə almışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının cəmiyyətdə böyük rezonans doğurması və maraqla qarşılanması təsadüfi deyildir. Son illər Azərbaycanın keçdiyi mürəkkəb inkişaf yolunun özünəməxsus cəhətlərini dərin elmi-fəlsəfi təhlil əsasında ümumiləşdirərək bir-birindən maraqlı əsərlər yaradan, ictimai-fəlsəfi düşüncəni pozitiv istiqamətə yönəltməyə nail olan görkəmli akademik yeni nəşrdə vətəndaş və ziyalı yanğısı ilə ermənilərin indiyə qədər səsləndirdiyi tarixi, siyasi və hüquqi iddiaların əsassızlığını tam sübuta yetirmiş, Ermənistanın dövlət rəhbəri Serj Sarkisyanın Gorusda dediyi fikirlərin absurd olduğunu göstərmişdir.

Ciddi faktoloji bazaya, elmi mənbələrə əsaslanması "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin sanbalını artırır, onun ideoloji-siyasi və təbliğati əhəmiyyətini gücləndirir. Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin təkcə tarixi-siyasi reallıqlar prizmasından deyil, həm də beynəlxalq hüquq normaları baxımından haqlı olmasını sübut edən elmi mülahizələr, faktlar, sənədlər ilk dəfə olaraq məhz bu əsərdə ümumiləşdirilmişdir. Kitabda ermənilərin Cənubi Qafqaz və Dağlıq Qarabağda yerləşdirilməsi, ərazi ilhaqı məqsədilə son iki əsrdə terror, soyqırımı və deportasiya siyasəti yürütdükləri konkret faktlar əsasında göstərilmişdir. Təqdirəlayiq məqam həm də ondan ibarətdir ki, görkəmli filosof elmi arqumentlərini əsaslandırmaq üçün müxtəlif əcnəbi alimlərin, o cümlədən rus və erməni tədqiqatçılarının əsərlərinə geniş müraciət etmişdir. Bu mənada sözügedən əsər ölkə diplomatiyasının yeni cəbhələrdə səmərəli əks-hücum imkanlarını da genişləndirmişdir.

Əsərin girişində Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər qarşısında verdiyi "açıqlamalar"ın elmilikdən tamamilə uzaq olduğu, tarixi həqiqətləri təhrif etmək, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güddüyü xüsusi vurğulanır. Eyni zamanda, onların guya azərbaycanlılardan "daha üstün xalq olması" ilə bağlı cəfəng iddianın dünyada qəbul edilmiş sivil birgəyaşayış normalarına uyğun olmadığı, milli, dini-etnik qarşıdurma, ayrı-seçkilik yaratmaq məqsədinə yönəldiyi diqqətə çəkilir. Milli ədavəti gücləndirməyə xidmət edən bu fikirlər təcavüzkar ölkədə şovinizmin hakim ideologiyanın ayrılmaz elementinə çevrildiyini, monoetnik dövlət kimi tanınan Ermənistanın irqi ayrı-seçkilik (aparteid) siyasətini dəstəklədiyini göstərir.

Məlumat üçün bildirək ki, irqi ayrıseçkilik (aparteid) dərisinin rənginə, milli və ya etnik mənsubiyyətinə görə insanlar arasında hər hansı fərq qoymaq, onların hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət, yaxud üstünlük müəyyən etməkdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1973-cü il 30 noyabr tarixli "Aparteid cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyasını qəbul etmiş ölkə kimi irqi ayrı-seçkiliyə qarşı mübarizə aparır. Konvensiyanın 3-cü maddəsinin ikinci hissəsinə əsasən, aparteid cinayətinin törədilməsində bilavasitə iştirak edən, onu təşviq edən, yaxud onun törədilməsində əməkdaşlıq edən şəxslər, təşkilatlar beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Aşkar görünür ki, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozan, sivil dünya nizamına arxa çevirib XXI əsrdə qonşu dövlətlərə qarşı açıq ərazi iddiaları ilə çıxış edən ermənilər həm də etnik və irqi ayrı-seçkilik siyasəti yürüdürlər.

Akademik Ramiz Mehdiyev yeni kitabında bununla bağlı yazır: "Elmin siyasi məqsədlərə (bəzən də ümumiyyətlə miflərə) tabe edilməsi normal hal sayılan ölkədə dövlət başçısının dilindən bu günlərdə Gorusda səslənənlərə bənzər bəyanatların verilməsi mümkündür. Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".

Ermənistan nəinki etnik-milli ayrıseçkilik siyasətini dəstəkləyir, eyni zamanda beynəlxalq hüququn digər başlıca prinsiplərini də kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır, Dağlıq Qarabağ ermənilərinin guya "milli özünütəyin hüququna malik olduğunu" iddia edir. "Gorus- 2010: absurd teatrı mövsümü" əsərində bu məsələlərə geniş yer ayıran akademik Ramiz Mehdiyev müasir beynəlxalq hüquq kontekstində milli azlıqların öz müqəddəratını təyinetmə hüququnun yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində reallaşmasının mümkünlüyünü vurğulayır.

Ermənistanın 1987-1988-ci illərdə Azərbaycanın tarixi Dağlıq Qarabağ torpağı ilə bağlı növbəti ərazi iddiası BMT, ATƏT və Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə ziddir. Beynəlxalq hüququn əsas normalarından biri də təcavüzkarlığa yol verməmək, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipidir. BMT-nin 1993-cü il tarixli London konfransında verilən izaha əsasən, "Münaqişədə səbəbindən asılı olmayaraq, digər dövlətə qarşı birinci olaraq silahlı qüvvədən istifadə etmiş tərəf təcavüzkar hesab edilir". Ermənistanın isə təcavüzkar siyasət yeridərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsi beynəlxalq səviyyədə etiraf edilir.

Müasir beynəlxalq hüquqda dövlət sərhədlərinin toxunulmazlığı prinsipi dünya dövlətlərinin təhlükəsizliyini təmin etməyin ən mühüm əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra beynəlxalq və ikitərəfli sənədlərdə əksini tapmış, onun əsas məzmunu üç mühüm elementdə cəmlənmişdir: mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun qurulduğunu qəbul etmək; indi və gələcəkdə hər hansı ərazi iddialarından imtina etmək; sərhədlərin pozulması və ya zorla dəyişdirilməsi cəhdlərindən imtina etmək.

ATƏT-in 1975-ci il avqustun 1-də imzalanmış yekun sənədini Avropanın 33 dövləti, o cümlədən ABŞ və Kanada təsdiqləmişdir. Bu prinsip, eyni zamanda, hər hansı suveren dövlətin öz sərhədlərinə nəzarət etməsini və onun pozulmasına qarşı tədbirlər görməsini nəzərdə tutur. Sərhədlərin pozulmazlığı və toxunulmazlığı prinsipi bütün dövlətlərə aid olmaqla, BMT Nizamnaməsinin qəbulu ilə birmənalı təsbit edilmişdir. Eyni zamanda, ATƏT və Avropa Şurasının prinsiplərinə görə, üzv dövlətlər bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

Ermənistanın bu gün Azərbaycan torpaqlarını işğal etməklə Dağlıq Qarabağda separatçı rejim, nəzarətsiz zona formalaşdırması regionda və Avropada sülhə, təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Separatçılıq fəaliyyətinin "Dağlıq Qarabağ xalqının müqəddəratını təyin etmək" arzusu kimi qələmə verilməsi isə tamamilə absurddur və beynəlxalq hüquq normalarına ziddir. Dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, SSRİ-nin dağılmasından sonra bir sıra postsovet respublikalarında baş qaldıran etnik münaqişələrin kökündə məhz eyni amil - terrorçuluğun başlıca səbəblərindən olan təcavüzkar separatizm dayanır.

Erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edərək Ermənistan dövlətini yaratmışdır. "Gorus-2010: absurd teatrı mövsümü" kitabında bu məsələlərə geniş diqqət ayrılır, Dağlıq Qarabağın erməni əhalisinin nə tarixi, nə siyasi, nə də hüquqi baxımdan öz müqəddəratını təyinetmə hüququna malik olmadığı göstərilir: "Azərbaycanın dəstəklədiyi millətlərin öz müqəddəratını təyin etmək hüququ hərc-mərcliyi və sərhədləri ağlına gələn kimi dəyişmək hüququnu nəzərdə tutmur. Bu hüququn Ermənistanda özünə rəva görülən kimi yozulması yolverilməzdir. Əks təqdirdə bu gün dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, ən xırdası belə təyini-müqəddərat hüququndan istifadə edərək özünü dünya birliyinin müstəqil subyekti elan edər, beynəlxalq tanınma haqqında xahiş edərdi. Görünür, bu prinsipin primitiv təfsirindən irəli gələn xof Ermənistan hökumətini azərbaycanlıları keçmiş İrəvan xanlığının əzəli torpaqlarından planlı şəkildə qovmağa, respublikalarını monoetnik dövlətə çevirməyə, sonra isə Azərbaycan ərazisinin işğal edilmiş hissəsində də etnik təmizləmələr aparmağa vadar etmişdir. Hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid olduğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı olacaqdır".

Əsərdə ermənilərin qondarma soyqırımı iddiaları ilə dünya ictimaiyyətində yanlış təsəvvür formalaşdırmaq, Türkiyə və Azərbaycana təzyiq göstərmək cəhdlərinə də birmənalı münasibət açıqlanır. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiası ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi barədə fikirlərin cəfəngiyat olduğunu bir daha təsdiqləyir.

O dövrün hadisələri ilə ümumi tanışlıq deməyə əsas verir ki, hələ XIX əsrin sonlarında Türkiyədə yaşayan ermənilər müxtəlif iddialarla bu ölkədə üsyanlar təşkil etmiş, mərkli niyyətlərini həyata keçirməyə çalışmışlar. Anadolunun şərqində kütləvi şəkildə yaşayan ermənilərin ilk üsyanı 1890-cı ildə baş vermiş, Van, Sason, Adana ərazilərini əhatə etmişdir. 1905-ci ildə türk sultanına qarşı da sui-qəsd planlaşdıran ermənilər çirkin niyyətlərini həyata keçirməyə müvəffəq olmamışlar. Həmin vaxt bölgədə fəallaşan və təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı xüsusi zorakılıq və amansızlıq tətbiq etmişlər.

1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ermənilərin Türkiyə əleyhinə daha geniş və fəal iş aparmasına əlverişli tarixi şərait yaranmışdı. 1915-ci ilin əvvəllərində Çar Rusiyası Türkiyəyə müharibə elan edərkən məhz ermənilərdən vasitə kimi istifadə etmiş, Anadolu vilayətinin şərqində yaşayan erməni əhalini yağlı vədlərlə aldadıb öz tərəfinə çəkməyə nail olmuşdu. Çar II Nikolay türklərə qarşı vuruşmaq istəyən erməni əsgərlərinin digər cəbhələrdən ayrılıb Qafqaz cəbhəsinə gəlmələri üçün xüsusi dekret də imzalamışdı. Türkiyədə yaşayan erməniləri silahlandırıb müharibəyə hazırlamaq, bu ölkənin daxilində üsyanlar təşkil etmək, türk ordusunun arxa cəbhə ilə əlaqəsini kəsmək, rus ordusunun geriyə hərəkətini asanlaşdırmaq üçün daşnak ideoloqlarına külli miqdarda maliyyə vəsaiti ayrılmışdı. Çar Rusiyası Osmanlı imperiyasını diz çökdürüb hakimiyyəti ələ alacağı təqdirdə, erməniləri ali vəzifə kürsülərində əyləşdirəcəyi, onlara azadlıq və geniş səlahiyyətlər verəcəyi, habelə regionda müstəqil erməni dövlətinin yaranmasına kömək göstərəcəyi ilə bağlı üzərinə müəyyən öhdəliklər də götürmüşdü. Bu vədlərdən şirniklənən Anadolu erməniləri isə sürətlə silahlanaraq dinc əhaliyə qarşı kütləvi qırğınlara başlamış, Çar Rusiyasının Türkiyə ilə müharibədə qalib gəlməsinə çalışmışlar. Erməni terror təşkilatlarından xüsusi təlimat almış, silahlanmış quldurlar həmin dövrdə Türkiyənin bir çox yaşayış məntəqələrini dağıtmış, türklərlə yanaşı, kürdləri də kütləvi şəkildə öldürmüş, dinc insanlara divan tutmuşlar.

Anadoludan və Qafqazın bəzi vilayətlərindən gətirilmiş 5 diviziyalıq könüllülər dəstəsi Andranikin rəhbərliyi altında yüz min nəfərdən çox günahsız türkü doğma ata-baba torpaqlarında ağır işgəncələrlə qətlə yetirmişdir. Türkiyədə fəaliyyət göstərən müxtəlif erməni partiyalarının liderləri, çoxsaylı özək rəhbərləri, həmçinin Eçmiədzin kilsəsinin din xadimləri bu qətliamlar zamanı öz soydaşları olan daşnaklara hər cür kömək göstərmişlər.

Məşhur Amerika alimi Castin Makkartinin yazdığına görə, 1915-ci ildə müharibə zonasından kənarda yerləşən və rus ordusunun heç vaxt yaxınlaşmadığı Sivas vilayətində ermənilər 180 min müsəlmanı son nəfərinədək qətlə yetirmişlər. Digər Amerika tarixcisi C.S.Şou isə ermənilərin 1915-ci ilin əvvəllərində Van şəhərində türk dövləti əleyhinə qiyam qaldırdığını, bu qiyamın qısa zamanda bütün Şərqi Anadolu vilayətini bürüdüyünü tarixi faktlar əsasında diqqətə çatdırmışdır.

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərində bununla bağlı yazır: "Ermənilər hansı "soyqırımı"ndan danışa bilərlər ki, o vaxt bu söz yox idi. Hələ üstəlik, onlar XX əsrdə soyqırımının "ilk qurbanları" olmaq istəyirlər, guya bundan əvvəl bütün müsəlman əhalini qılıncdan keçirən ermənilər özləri deyilmiş və 1904-1907-ci illərdə Namibiyada gerrero və hottentot xalqlarının qırğını olmamışdır.

Başqasının torpağını zəbt etmək və işğal faktına əsasən onu öz torpağı elan etməyin mümkün olduğu vaxtlar keçmişdir. Artıq dünya bir neçə əsr bundan əvvəlki dünya deyildir. Buna görə də Ermənistanın ekspansionist başbilənləri qonşularına ərazi iddialarını əsaslandırmaq üçün əvvəlcə tarixi arqumentə müraciət etməyi qərara almışlar: "Bu torpaqlar vaxtilə bizim olmuşdur, biz yerli xalqıq, siz gəlmə, deməli, haqqımız var". Bu məqsədlə faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix versiyası uydurulmuşdur".

Əsərdə təkzibedilməz tarixi faktlar əsasında qeyd olunur ki, XV əsrin ortalarınadək Cənubi Qafqazda erməni adlı xalq yaşamamışdır və onların Dağlıq Qarabağda yerləşdirilməsi məhz XIX əsrə təsadüf edir. Belə ki, 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanılmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828-ci il martın 21-də "Ermənı vilayəti" adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.

Əsərdə Rusiyanın və digər ölkələrin tanınmış tarixçilərinin tədqiqatlarına istinadla ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş ən ağır cinayətlərin başında daşnak-bolşevik ideoloqu Stepan Şaumyanın dayandığı da xüsusi vurğulanır. 1918-ci ilin martında erməni-daşnak ideoloqu S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası "əks-inqilabi ünsürlərlə mübarizə" şüarı altında həqiqətən də Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı həyata keçirmişdir. Böyük qırğınlara başlamaq üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olmuşdur.

Martın 30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açmış, beləliklə, dinc əhalinin kütləvi qətlinə start verilmişdi. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilmişdi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyasına, "İsmailiyyə"nin binasına od vurmuşdular.

Akademik Ramiz Mehdiyev bütün bunlara nəzərən "Gorus-2010: absurd teatrı mövsümü" əsərində yazır: "Serj Sarkisyan Gorusdakı çıxışında hiddətlənmişdir ki, Stepan Şaumyanı Azərbaycanda "bandit" adlandırırlar. Lakin ermənilərə himayədarlıq edən və onlar üçün dövlət yaratmış kommunizm rejimi artıq tarixi keçmişdə qalmışdır. Bu gün biz öz keçmişimizdə baş vermiş hadisələri dərk etməkdə azadıq. Bu işdə arxiv materialları bizə kömək edir. Prezident Serj Sarkisyan keçmişə aid ideoloji mətnlərdən gətirdiyi sitatlarla pərdələnməyə nə qədər çalışsa da, faktları inkar etmək olmaz. XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki "Daşnaksütyun" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi".

Gərgin araşdırma və zəhmət bahasına ərsəyə gəlmiş əsərdə bədnam qonşularımızın tarixən Azərbaycanın milli-mədəni sərvətlərinə sahib çıxmaq, onları həyasızcasına özününküləşdirmək istiqamətindəki məkrli addımlarından da geniş söhbət açılır. Müəllif tam haqlı olaraq yazır ki, müasir beynəlxalq hüquqda mədəni mülkiyyətin mühafizəsi məsələsi xüsusi yer tutur. Azərbaycanın işğal olunmuş ərazilərində evlərin, qəbirlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, avadanlığın, inşaat materiallarının, xüsusilə dəmir məmulatların və sair yüklərin digər ölkələrə daşınması barədə mütəmadi məlumatlar yayılır. İşğal altında olan ərazilərdən qarət edilmiş milli sərvətlərimizin - qədim tarixi əsərlərin, xalçaların, mineralların Avropa ölkələrində erməni milli sərvəti adı altında nümayiş etdirilməsi barədə də məlumatlar mövcuddur. Xalqımıza məxsus maddi sərvətlərin daha geniş miqyaslarda talan edilməsi məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətə xarici ölkələrin bir sıra firma və şirkətləri də cəlb edilmişdir. Ermənilər Kəlbəcərdə yerləşən mineral yataqların və 3600-ə qədər qaya təsvirinin fotoşəkillərini 2000-ci ildə Finlandiyada öz əraziləri kimi nümayiş etdirmişlər.

Son illərdə ermənilərin qədim Azərbaycan musiqi alətlərini öz adlarına çıxaraq Avropa, MDB və Şimali Amerika ölkələrində satılması halları çoxalmış, Qarabağ xalçalarının erməni və ya fars xalçaları adı altında müxtəlif sərgilərə və hərraca çıxarılması faktları qeydə alınmışdır. Son illər ərzində Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmış külli miqdarda tarixi, mədəni və dini abidələr xarici ölkələrə satılmışdır. İşğal olunmuş ərazilərdəki muzeylərdə mövcud olan unikal eksponatlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasında onların guya ermənilərə məxsusluğunu göstərən yeni muzeylər yaradılmışdır. Onların üzərində mövcud olan qədim alban yazıları, divar naxışları və butalar məhv edilib erməni "atributları" ilə əvəzlənmişdir. Bir sıra məscidlərdən isə anbarlar kimi istifadə olunur. Bu kampaniyanın əsas məqsədi işğal edilmiş rayonların tarixi-mədəni nöqteyi-nəzərindən Azərbaycana aid olmaması və bununla ermənilərin həmin ərazilərdə məskunlaşmasına bəraət qazandırılmasına yönəldilmişdir.

Azərbaycana məxsus yer adlarının dəyişdirilərək erməni adları ilə əvəz olunması xüsusilə kütləvi hal almışdır. Bütün bunlarda başlıca məqsəd gələcəkdə həmin ərazilərin ilhaqının həyata keçirilməsinə "əsas yaratmaq"dır. Akademik Ramiz Mehdiyev bununla əlaqədar yazır: "Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üç Müədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə yeni "vararakn"lar icad edəcəklər. Az qala Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya car çəkəcəklər. Ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər! "Erməni" mənşəli Arsax toponiminə gəldikdə isə, onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti yoxdur".

"Gorus-2010: absurd teatrı mövsümü" məqaləsində müəllif son illərdə Ermənistanın ciddi diplomatik geriləmələrə məruz qaldığını, təcavüzkar dövlətin beynəlxalq səviyyədə ifşa olunduğunu da göstərmişdir. Axır vaxtlarda rəsmi Yerevan danışıqlar prosesində ciddi uğursuzluqlara düçar olmuşdur. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2010-cu ilin dekabr ayında ATƏT-in Astana şəhərində keçirilən zirvə toplantısındakı çıxışı bir daha təsdiqlədi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə rəğmən, danışıqlar prosesi məhz Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər çərçivəsində aparılır.

Bununla belə, ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı heç də razı salmır. Görünür bu səbəbdəndir ki, rəsmi Yerevan 2010-cu ilin əvvəllərindən başlayaraq danışıqlar prosesində əldə olunmuş irəliləyişlərə şübhə toxumu səpməyə, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirməyə, "dialoqa maraqlı tərəf" imitasiyası yaratmağa çalışır. Danışıqlar prosesini qeyri-konstruktiv mövqe nümayişi ilə uzatmaq cəhdləri indiki şəraitdə Ermənistan üçün o qədər də məqbul görünməsə belə, işğalçı dövlətin rəhbərliyi bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Belə ki, bir tərəfdən həmsədrlərin təkidi ilə nizamlama prosesinə razılaşan Ermənistan hakimiyyəti digər tərəfdən erməni diasporunun və müxalifətin təzyiqləri ilə üz-üzə qalmışdır. Serj Sarkisyan hökuməti üçün hər iki tərəfdən edilən təzyiqləri balanslaşdırmaq məqsədində yeganə çıxış yolu nizamlama prosesini uzatmaq, vaxt udmaqdır. "Nə hərb, nə sülh" vəziyyəti onsuz da xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.

Münaqişənin dinc yolla tənzimlənməsi prosesində konstruktiv mövqe nümayiş etdirən Azərbaycan son illərdə Ermənistanı hüquqi, siyasi və hərbi müstəvilərdə, o cümlədən informasiya cəbhəsində də əhəmiyyətli dərəcədə üstələmişdir. Ermənistan rəsmilərinin ictimai rəyə hesablanmış ənənəvi və populist bəyanatlarına rəğmən, təcavüzkar dövlətin mövqeyində 2010-cu ildə də ciddi diplomatik geriləmələr müşahidə edilmişdir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır. Ermənistan bu gün sivil dünyada işğalçılıq siyasəti yürüdən və bununla özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən, başqa dövlətin "forpostu"na çevrilərək sülh danışıqlarını süni şəkildə uzatmağa çalışan qeyri-konstruktiv dövlət kimi tanınır.

ATƏT-in Astana sammitində həmsədr ölkələrin nümayəndə heyətlərinin başçılarının, habelə Azərbaycan və Ermənistan prezidentlərinin verdikləri birgə bəyanat bunu bir daha təsdiqləyir: "Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər".

Göründüyü kimi, burada söhbət münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni ərazi bütövlüyü çərçivəsində həllindən gedir və bu, Azərbaycanın da maraqlarına tamamilə uyğundur. Proseslərin gedişi isə Azərbaycana münaqişənin keyfiyyətcə yeni mərhələyə transformasiyasına imkan yaradır. Bu mərhələdə Azərbaycanın diplomatik səyləri təkcə Ermənistan rəhbərliyinin ifşasına deyil, həm də hərb yolunun nə vaxtsa qaçılmaz variant olacağını "sülh və tərəqqipərvər" dövlətlərə sübut etmək istiqamətində qurmuşdur. Bu bir reallıqdır ki, Azərbaycanın münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. İndiyə qədər regionda belə bir münaqişənin mövcudluğu ilə geosiyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanmağa çalışan fövqəlgüc dövlətləri hazırda Cənubi Qafqazda müharibənin yenidən alovlanmasından, qlobal layihələr üçün potensial təhdidlərin artacağından bərk narahatdırlar. Münaqişə tərəflərinə təsir və təzyiq cəhdlərinin artması da bu narahatlığın bariz təcəssümü kimi diqqəti çəkir.

Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır. Hazırkı vəziyyətdə problemin sülh danışıqları ilə həlli variantı Azərbaycanın maraqlarına daha uyğundur. Ən azı ona görə ki, problemin həllinin uzanması Ermənistanın sosial-iqtisadi, hərbi və siyasi kontekstdə daha da zəifləməsi ilə müşayiət olunur. Rəsmi İrəvan ictimai rəyə hesablanmış populist vədlərinə rəğmən, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə imzaladığı rəsmi sənədlərlə razılıq verir.

"Gorus-2010: absurd teatrı mövsümü" əsərinin sonunda Ermənistanın hazırkı qeyri-konstruktiv mövqeyinin erməni xalqını daha böyük müsibətlərə sürüklədiyi vurğulanır: "Yalnız erməni rəhbərlərinin nitqlərində "Dağlıq Qarabağ respublikası" adına rast gəlmək olar. Tam tənha qalmalarına baxmayaraq, onlar özlərinə və öz vətəndaşlarına toxtaqlıq verməkdə davam edirlər ki, dünya birliyi onların "ümidləri"ni dəstəkləyir. İşğal olunmuş ərazidə yaradılmış oyuncaq, yalançı respublika heç kim tərəfindən tanınmayıbdır. Bəzən Ermənistan rəhbərlərinin hədələdiyi kimi, onların bu ölkə tərəfindən tanınması bu qanunsuz qurumu legitimləşdirməyəcək və Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaqdır. Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardığı çirkin təbliğat kampaniyasının ifşası baxımından son dərəcə əhəmiyyətli, aktual bir əsərdir. Fikrimizcə, bundan sonrakı mərhələdə əsərin dünyanın aparıcı dillərinə tərcümə olunaraq yayılması da məqsədəuyğun addımlardan biri olardı. Digər tərəfdən, bu sanballı əsər nəinki tarixçilərin, ümumən humanitar və ictimai elm sahələrində çalışan alimlərin məsuliyyətini daha da artırır, onları erməni mifomaniyasının ifşası yönümündə yeni-yeni tədqiqatlar aparmağa sövq edir. Məhz bu qəbildən olan sanballı əsərlər yetişən gənc nəsildə milli həqiqətlər barədə dolğun təsəvvür formalaşdırmağa da xidmət edir.

 

 

Nurlana ƏLİYEVA,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 6.