Bişkekdə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" çoxcildliyinin birinci cildi rus dilində çap olunmuşdur

 

Bişkekdəki "Biyiktik" nəşriyyatı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" ("İlğxam Aliev - novıy naüionalğnıy lider Azerbaydjana") çoxcildliyinin birinci cildi rus dilində nəfis şəkildə çap edilmişdir.

Kitabın tərtibçisi Nüsrət Məmmədov, baş məsləhətçi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərovdur.

Kitabda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, şöbə müdirləri Əli Həsənov, Fatma Abdullazadə, Fuad Ələsgərov, Prezidentin köməkçisi Əli Əsədov, təhsil naziri Misir Mərdanov, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov və başqalarının məqalələri toplanmışdır.

Birinci cilddə müasir Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, müxtəlif sahələrdə həyata keçirilən islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, dövlətimizin başçısının çıxışları, mətbuat konfransları, Azərbaycanın bölgələrinə səfərləri, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, tariximiz və mədəniyyətimizlə bağlı geniş materiallar öz əksini tapmışdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrin Qırğızıstan, Qazaxıstan və Özbəkistandakı kitabxanalara verilməsi və pulsuz yayılması nəzərdə tutulmuşdur.

Bu yaxınlarda fondun sifarişi və maliyyə dəstəyi ilə Bişkekdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabının ikicildliyi də rus dilində nəşr edilmişdir.

Yanvarın 18-də fondun sədri Nüsrət Məmmədov həmin kitabları və çoxcildliyin birinci cildini Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayevə təqdim etmişdir.

Fondun çap etdiyi bu kitablar Azərbaycan həqiqətlərinin Orta Asiya xalqlarına çatdırılması, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təbliğində müstəsna rol oynayacaqdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.- 2011.-19 yanvar.- S. 6.