Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

 

Xarici siyasətdə Qərbə inteqrasiyanı əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Avratlantik strukturlarla əlaqələrin genişləndirilməsi üçün son illər çox iş görüb. Respublikamızın Avropa Şurası, ATƏT, NATO kimi beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf edib, bəzi sahələrdə strateji əməkdaşlığın əsası qoyulub.

Avropanın ən mötəbər təşkilatlarından sayılan Avropa İttifaqı (Aİ) ilə də Azərbaycanın əlaqələrində son illərdə çox mühüm irəliləyişlər var. Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə edir. 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir. Ümumiyyətlə isə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Aİ ilə iqtisadi, humanitar sahələrdə əlaqələrin əsası qoyulub, ölkəmiz Avropanın bu mötəbər təşkilatının həm təşəbbüskarı olduğu, həm də maliyyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə fəal iştirak edib. Aİ ilə münasibətlər TACIS, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRASECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsinə dair Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı İttifaqla Azərbaycan arasında olan əlaqələrdə irəliyə atılan mühüm addım idi. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr, o cümlədən Azərbaycan üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni mərhələ oldu.

Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramı da ölkəmizlə Avropanın bu mötəbər qurumu arasında əlaqələrə mühüm töhfələr verib. Məlum olduğu kimi, Şərq Tərəfdaşlığı təşəbbüsü Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin 2008-ci ildə Brüsseldə keçirilmiş görüşü zamanı irəli sürülüb. Bu, Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası ilə Aİ arasında tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Məlum olduğu kimi, enerji təhlükəsizliyi son vaxtlarda dünyanı və xüsusən Aİ-ni düşündürən ən vacib məsələyə çevrilib. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları vardır. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi Azərbaycan-Aİ əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Azərbaycan-Aİ əlaqələrini strateji səviyyəyə yüksəldib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 7-də Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" ölkəmizlə Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Həmin memorandumun əsas məqsədi Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

Prezident İlham Əliyev həmin səfərində Aİ ilə Azərbaycan arasındakı əlaqələrdə strateji tərəfdaşlığın əsasını qoymaqla ölkəmizin bu təşkilatla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirmişdi. Keçirilən görüşlərdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana Aİ-nin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, Azərbaycan Prezidentinin səfərinin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyini bildirmişdilər. Aİ rəsmiləri yeni qonşuluq siyasətini Azərbaycan-Aİ əməkdaşlığının yeni mərhələsi kimi yüksək qiymətləndirmiş, həmçinin Azərbaycanı regionda çox əhəmiyyətli rol oynayan dövlət kimi səciyyələndirərək Aİ-nın regionla əlaqələrində ölkəmizlə əməkdaşlığın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdılar.

Göründüyü kimi, Azərbaycanla Aİ arasında hərtərəfli əməkdaşlığın geniş bazası var. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana bu günlərdə etdiyi rəsmi səfər də göstərdi ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir və bir neçə il əvvəl gələcək perspektiv üçün proqnozlaşdırılan məsələlər reallığa çevrilib. Onu da qeyd etmək yerinə düşər ki, Xose Manuel Barrozunun 2011-ci ildə ilk səfərlərindən birini Azərbaycana etməsi ölkəmizlə Aİ arasındakı yüksək münasibətlərin və Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasətinin göstəricisidir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana rəsmi səfər proqramı geniş idi. Keçirilən görüşlərdə enerji təhlükəsizliyi, siyasi, iqtisadi, Aİ-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri və sair məsələlər ətrafında geniş müzakirələr aparıldı, Avropa Komissiyası sədrinin bu səfərinin Azərbaycan-Aİ əlaqələrinə yeni töhfələr verəcəyi, eləcə də Avropa təsisatları ilə ölkəmiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacağı qeyd edildi. Bu görüşlər həm də hər iki tərəfin əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev mətbuat konfransında bu barədə belə deyib: "Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi bir istəyi, arzusu vardır ki, bu münasibətlər inkişaf etdirilsin və gələcək illərdə, onilliklərdə tərəfdaşlıq daha da güclənsin".

Xose Manuel Barrozunun səfəri zamanı Azərbaycanla Aİ arasında imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma Memorandumu" da hər iki tərəfin əməkdaşlıq əlaqələrinin genişləndirilməsindəki marağını ifadə edir. Bu sənədlərin perspektivdə əlaqələrə yeni töhfələr verəcəyi şübhəsizdir.

Qeyd etdiyimiz kimi, Azərbaycanla Aİ arasında əlaqələrin əsas istiqamətini enerji əməkdaşlığı təşkil edir. Hələ bir neçə il əvvəl Qərbin siyasi analitikləri və iqtisadçıları bildirirdilər ki, bu əməkdaşlıq Aİ-nin enerji təhlükəsizliyini daha da gücləndirəcək, İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər hövzəsindən nəql olunan neft-qaz daha böyük rol oynayacaqdır. Çünki Azərbaycan qazı artıq neçə vaxtdır ki, Aİ üzvü olan bəzi ölkələrə ixrac olunur.

Avropa bazarı böyük olduğundan onun enerjiyə olan tələbatının ödənməsi üçün yeni nəql sistemlərinin yaradılması Aİ-nin gündəmində olan məsələlərdən biridir. Azərbaycan hər zaman yeni nəql sistemlərinin yaradılması təşəbbüslərinə, o cümlədən "Cənub qaz dəhlizi"nə müsbət yanaşıb. Digər tərəfdən, Azərbaycanda qaz hasilatının çoxalması, aşkar edilən yeni qaz yatağının gələn illər üçün ölkəmizin təchizat potensialını və proqnozlaşdırma imkanlarını artırdığından "Cənub qaz dəhlizi" Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaq.

Xose Manuel Barrozunun Bakıya rəsmi səfəri zamanı keçirilən danışıqlarda əsas müzakirə mövzularından birinin enerji təhlükəsizliyi məsələsinin olması, eləcə də "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"nin imzalanması hər iki tərəfin enerji əməkdaşlığından məmnunluğunun və bu sahədə əlaqələrin daha geniş miqyasda davam etdirilməsindəki iradəsinin ifadəsidir.

Bir sözlə, Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Odur ki, Avropa Komissiyası sədrinin ölkəmizə rəsmi səfərinin də bu əlaqələrin inkişafına yeni töhfələr verəcəyi şübhəsizdir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-19  yanvar.- S. 7.