Əcəl yallısı

 

Heç nəyi düşünmədən, heç nəyin fərqinə varmadan pərvanələr şamın işığına qanad çalan kimi ölümə sarı uçurduq. Heç nədən çəkinmədən, heç nəyin fərqinə varmadanE Gah Azadlıq meydanına üz tuturduq, gah da Vəzirovun lövbər saldığı binanın həndəvərində hayqıranlara qulaq asırdıq, gah da bizi şəhərin çıxışlarına istiqamətləndirənlərin qaralan çağırışlarına qoşulub Şamaxı yoluna baş çəkirdik, Salyan kazarmalarının ətrafına dolanırdıq. Sakitlik idi, sovet qoşunları gözə dəymirdi. Heç kim ölümün yaxın olduğunu fikirləşmirdi. Hamı elə bilirdi ki, sağ qalacaq, kimsəyə əl vurulmayacaq. Özümüzdə qeyri-adi bir güc hiss edirdik. Əsrlər boyu arzuladığımız azadlıq ruhumuza hakim kəsilmişdi, hamımızı bir-birimizə bağlamışdı. Amma ölümə məhkum olunmağımızdan bixəbər idik. Azadlığın atəşfəşanlığında dumanlanan ağlımız təhlükələri dərk etmirdi. Hamımız gecə nə qədər vahiməli olsa da, sevinc içində idik. Elə bilirdik ki, bizi hədələyən qoşun da qorxudan şəhərə girə bilmir, elə gülüncə qalan yerli hakimiyyətsayağı aciz dəstədir.

Paytaxt dəniz kimi çalxalanırdı. Biz də Xəzərin ləngərlənən sularındakı dalğaların gərilən qanadlarından zərrə-zərrə qopub hara düşəcəyimizi düşünmədən özümüzü göylərin ağuşuna atırdıq. Beləcə, minlərlə insan əcəl yallısını gedirdi. Və biz bu ölüm rəqsində xoşbəxt idik.

Azadlığın şərbətindən sərxoş adamlar kimi küçələrdən, meydanlardan, barrikadalardan və bizi ölümə haraylayanların qışqırıqlarından keçib gözübağlı gedirdik. Amma kor deyildik, içimizdə yanan məşəllərin nurunda zülmətləri yararaq ümidin və azadlığın günəşi doğan üfüqlərin közərən işartılarına tərəf qaçırdıq.

Ev-eşik, arvad-uşaq, sağ qalmaq, yaşamaq, işləyib külfət dolandırmaq kimi qayğılar o gecə heç kimi düşündürmürdü. Vahiməli, lal gecənin müəmmalı sükutunun saniyələri ötdükcə, qoşunların şəhərə girməsi yubandıqca xoflanırdıq. Bəzən düşünmək iqtidarında deyildik, nə baş verdiyini dərk etməkdə ağlımız acizlik çəkirdi. Heç kim heç nə bilmirdi. Ara-sıra şüurumuzun dərinliklərində ildırım kimi çaxan ani parıltıların arxasınca gurultularla gələn şaqqıltıların vəsvəsəsindən səksənirdik. Amma yenə də qorxmurduq. Biz xalq idik, ölümünə sevinən, vahimələnməyən xalq. O gecə Tarix də Bakının ölüm qoxuyan küçələrinə tökülən, kimə və nəyə tərəf qaçdıqlarını bilməyən yüz minlərlə insanın ruhunda alışan atəşfəşanlığı istiqlaliyyət himni kimi bəstələyirdi, zaman isə kosmik uğultu ilə qan daman notların sonuncu akkordlarına yaxınlaşırdı.

Ölüm orkestrinin ifaçıları - sovet ordusunun cəlladları şəhəri üzük qaşı kimi əhatəyə alaraq dağılan nəhəng dövlətin son qisasını almaq, müdhiş faciəni oynayıb qan tökmək üçün dişlərini qıcayıb küçələrə atıldı.

 

İttifaqın intiharı

 

Kimdən və nə üçün qisas almağını dərk etməyən dövlət dağılanda acizləşir. Bu süqutu hiss edən ordu da sahibsiz it kimi quduzlaşır və qəddar olur. Əslində, 20 Yanvar - Bakıya Qorbaçovun oxuduğu hökm Sovet İttifaqının intiharına onun birinci simasının verdiyi qərar idi. Neft səltənəti Bakıya dəyən zərbənin Sovet İttifaqının ürəyinə tuşlanan güllə effekti verəcəyini biz bilməsək də, anlayanlar və bilənlər çox idi. Erməni faşist ideologiyasından yararlanan Qorbaçov da, çox güman ki, nəyi isə dərk edirdi. Ola bilər ki, aldanmış kəvakib kimi, o bu gün də kimə və nəyin naminə satıldığının fərqində deyil.

Moskva Sovet İttifaqının beyni idisə, bütün superdövlətlər Bakını onun ürəyi sayırdılar. Ən ağır illərdə, planet müharibələrin alovunda boğulanda Sovet İttifaqına diş qıcayan dövlətlər Moskva ilə yanaşı planlarında Bakının işğalını düşünürdülər. Faşist Almaniyasından tutmuş Yaponiyaya kimi uzaq dövlətlər də Bakıya soxulmağın yollarını arayırdılar. Müttəfiqlərimiz də Stalini qoşunları Qafqazdan cəbhəyə atmağa təhrik etməyə çalışırdı. Stalin Bakını saxlaya bilməsə, darmadağın etməyi, Hitler də Bakını ələ keçirməsəydi, yerlə yeksən etməyi xırda detallarına kimi planlaşdırmışdı.

Hamı başa düşürdü ki, Sovet İttifaqının ürəyi Bakıdır və bu ürəyin vurulması İttifaqın dağılması üçün düşünən beyindən - Moskvadan daha vacibdir. Ona görə də Bakıda qırğın törədilməli idi. Bakı, Azərbaycan vurulanda isə ermənilər tarixən qazanıblar. Rus imperiyasının Şərq yürüşlərindən sonra ermənilər bizim tarixi torpaqlarımıza köçdülər, proletar inqilabından faydalanıb Ermənistan dövlətini yaratdılar. İkinci dünya müharibəsində Azərbaycanı Orta Asiyaya sürgün etmək üçün bütün imkanları səfərbərliyə aldılar. Amma bu cəhdlər baş tutmasa da, azərbaycanlıları səfərbərliyə alaraq ölümə göndərdilər, qalanlarını da müharibədən sonra Stalinin qılığına girib sürgün etdilər. Qorbaçovun yenidənqurması da ermənilər üçün fürsət idi. Biz əsrlər boyu erməni məkrlərindən sığortalana bilmədik. Sonuncu minilliyin ilk əsrindən başqa.

Məhz bu baxımdan 20 Yanvar tarixə Sovet İttifaqının intihar etdiyi gün kimi yazılmalıdır. Tiflisdəki, Vilnüsdə və ondan da əvvəl Qazaxıstandakı və sonda da Özbəkistandakı qanlı hadisələr intihara cəhdlər idi. Amma Sovet İttifaqı ürəyindən - onun İkinci cahan müharibəsində Qələbəsini təmin edən Bakıdan vurulmalı idi.

 

Heç kim ölmək istəmirdi

 

20 Yanvar gecəsi heç kim ölmək istəmirdi. O gecəni səhərə sağ çıxanların əksəriyyəti isə artıq yaşamaq istəmirdi. Ötən il yazdığım kimi, ölüm o gecə mükafatların ən layiqlisi idi. Bizə nəsib olmadı. Kimsə bizi əfv etmədi, yaşamaq cəzamızı da yüngülləşdirmədi. Romalıların əlindən zəhər badəsini içən Sokratın dedikləri yadıma düşür: "Romalılar! Siz məni ölümə, mən isə sizi yaşamağa məhkum edirəm. Bir göydəki allahlar bilir ki, kimin kimə kəsdiyi cəza daha ağırdır". Sovet İttifaqının Bakı intiharında həlak olanlar bizi yaşamağa məhkum etdilər.

Rayonlarda dükanlarda atılıb qalan bütün radiolar satılmışdı, adamlar İrandan, Dağıstandan radioqəbuledicilər alırdılar. Törədilən qanlı hadisələrin, vəhşiliklərin sədasını xarici radiostansiyalardan dinləyirdilər. Hamı anlayırdı ki, "Bakının dərdi var, Bakı xəstədir..."

O gecə səhərə sağ çıxan kimi işə tələsdim. Metroda məni saxlayıb yoxlamaq istəyən əsgərlərdən soruşdum ki, nə yoxlayırsınız, yaxşısı budur öldürün, güllələyin, bu gecə qırdığınız, bu gecə öldürdüyünüz kimi. Cavan uşaqlar idi, qışqırığımdan döyüküb qalmışdılar. Mənə toxunmadılar. Şəhər qəbiristanlığı xatırladırdı. Hamının sifətində bir meyit rəngi vardı, hamının gözlərində həyat eşqi sönmüşdü. "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru Gennadi Qluşkovun otağına girdim. O, yerində oturub ağlayırdı. Polyaniçkonun adına yazdığı ərizə də qəbul otağında masanın üstündə idi. Aldım, baxdım, bir onu xatırladım ki, iki il ərzində Ermənistandan Azərbaycana qovulanlar haqqında Naxçıvandan verdiyim məlumatlardan heç biri bizim qəzetdə dərc olunmamışdı. Hamıya susmaq əmri verilmişdi. O da icraçılardan biri idi.

O günlərin yay kimi gərilən təlatümlərini, 20 Yanvar gecəsi törədilən saysız-hesabsız faciələrin sarsıntılarını biz yaşadıq. Canlı şahidlər kimi əlahiddə vəzifəmiz yaşadığımız sarsıntıları xatırlamaqdır. Bizim buxovlanan, qırılan arzularımızın davamını yaşayan Azərbaycan gəncliyi də bilməlidir ki, xalq içindən parçalananda, qırılanda aciz düşür, düşmən də onu zəif yerindən vurmaq imkanı qazanır.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 4.