Tehran Universitetində "Bakıda Qara Yanvar" mövzusunda elmi seminar keçirilmişdir

 

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi və Qafqaz Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Tehran Universitetində "Bakıda Qara Yanvar" mövzusunda elmi seminar keçirilmişdir.

Seminarda Türkiyə, Yaponiya, Ukrayna, Çexiya və Gürcüstanın İrandakı səfirləri, Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan Respublikasının ayrı-ayrı dövlət qurumlarının bu ölkədəki nümayəndələri, İranda təhsil alan Azərbaycandan olan tələbələr, şəhər ictimaiyyətinin görkəmli simaları, tanınmış alimlər və tədqiqatçılar iştirak etmişlər.

Əvvəlcə şəhidlərimizin ruhuna "Qurani-Kərim"dən surə oxunmuş, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilən hərbi cinayət barədə məlumat verərək demişdir ki, sovet imperiyası nə qədər qəddarlıq göstərsə də, xalqımızın mübarizə əzmini qıra bilməmişdir. Ona görə də 20 Yanvar faciəli hadisə olmaqla bərabər, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin mühüm hissəsidir. Yetmiş ilə yaxın saxta təbliğ olunan kommunizm ideologiyası Bakıda günahsız insanlara divan tutulması nəticəsində bir gecədə məhvə düçar olmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən qanlı cinayəti törədənləri ittiham etmiş, böyük uzaqgörənliklə beynəlxalq ictimaiyyətin diqqətini xalqımızın milli-azadlıq mübarizəsinə cəlb edə bilmişdir.

Mərasimdə çıxış edən Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri Əhəd Qəzayi, Tehran Universitetinin alimləri - Bəhram Əmirəhmədiyan, Ayoub Daneshvar və Hidayət İranpərvər 20 Yanvar faciəsinin siyasi səbəb və nəticələrindən bəhs etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi sovet imperiyasının iç üzünü açıb göstərən qanlı hərbi cinayət kimi tarixə düşmüşdür. Bu hadisə ermənilərin Azərbaycana qarşı növbəti ərazi iddiası ilə siyasi gündəmə gələn Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ictimai-siyasi prosesin tərkib hissəsi olmuşdur. Məqsəd Azərbaycan xalqının azadlıq istəklərini boğmaq idi. Lakin sonrakı proseslər sovet imperiyasının süqutunu daha da sürətləndirmişdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2011.-22 yanvar.- S. 4.