20 Yanvar faciəsi ABŞ paytaxtında və ştatlarında da anılmışdır

 

ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, ölkəmizin dostları yanvarın 20-də Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə toplaşaraq Qara Yanvar hadisələrini anmışlar.

Mərasimdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev vurğulamışdır ki, 20 Yanvar hər bir azərbaycanlının yaddaşında həkk olunan bir tarixdir. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin tökülən qanı xalqımızın siyasi iradəsini daha da möhkəmləndirərək ölkəmizin suverenliyi uğrunda başlanan hərəkatı sona çatdırmışdır. Məhz həmin Qara Yanvar gecəsi verilən qurbanlara görə, bu gün Azərbaycan Birləşmiş Ştatlar və ölkənin neçə-neçə digər dövlətlərində səfirlikləri ilə təmsil olunmuşdur. Azərbaycanın müstəqilliyinə yol açdıqlarına görə şəhidlərin xatirəsi daim ehtiramla anılacaq və 21 il əvvəl baş vermiş hadisələr unudulmayacaqdır. Səfir onu da diqqətə çatdırmışdır ki, ABŞ Konqresində Azərbaycanla işçi qrupunun həmsədri Bil Şuster yanvarın 19-da faciəli Qara Yanvar hadisələri ilə bağlı Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir.

Tədbirdə daha sonra çıxış edən ABŞ-dakı Azərbaycan diasporu fəallarından biri Həbib Azərsina 1990-cı ilin yanvarında Bakıda baş verənlərin ABŞ mediasında necə işıqlandırılması barədə xatirələri ilə bölüşmüşdür. Onun sözlərinə görə, sovet hakimiyyətinə müqavimətin qaynar nöqtələrindən biri kimi Azərbaycanda milli hərakatın güclənməsi hələ 20 yanvara qədər daim "Vaşinqton Post", "Nyu-York Tayms", "LA Tayms" və digər nüfuzlu mətbuat vasitələrinin baş səhifəsində yer alırdı. Qara Yanvar hadisələri isə elə həmin gün bir çox telekanalların proqramlarında əsas xəbərlərdən birinə çevrilmişdi. O zaman Amerikanın ən baxımlı CBS kanalının axşam xəbərləri proqramı verilişini Bakıdakı qanlı hadisələrə həsr edilən materialla açmışdır. Bir neçə dəqiqəlik sujetdə Azərbaycanın xəritəsi, sovet qoşunlarının paytaxt şəhəri Bakıya hansı istiqamətlərdən və necə hücum etməsi, əsgərlərin dinc nümayişçilərə atəş açması, günahsız insanları qətlə yetirməsi barədə ətraflı məlumat verilmişdi. Həbib Azərsina əlavə etmişdir ki, ABŞ-da yaşayan azərbaycanlılar bu hadisələri böyük həyəcanla izləyirdilər. Bakıda axıdılan qan həmvətənlərimizə dərin kədər hissi yaşatsa da, Vətənlərinin müstəqilliyi uğrunda mübarizəsi hər bir Amerika azərbaycanlısını həm də ruhlandırmışdı. Vaşinqtonda yaşayan azərbaycanlılar dərhal təşkilatlanaraq o zaman Ağ Evin yaxınlığında yerləşən SSR-i səfirliyi qarşısında etiraz aksiyası keçirmiş, "Qızıl ordu günahsız insanları qətlə yetirir", "Sovet qoşunları sovet vətəndaşlarına qarşı" kimi şüarlar qaldırmışdılar. Hələ 24 saatlıq xəbər kanalları və internetin olmadığı bir dövrdə bu etiraz aksiyası Amerika mətbuatında gedən materiallarla birgə ölkə ictimaiyyətinin diqqətini Bakıdakı Qara Yanvar hadisələrinə cəlb edə bilmişdi.

1990-cı ilin faciəli Yanvar hadisələri ABŞ-ın digər yerlərində, o cümlədən Kaliforniya, Texas, Meyn ştatlarında da anılmışdır. ABŞ Azərbaycanlıları Şəbəkəsi yanvar hadisələrinin 21-ci ildönümü ərəfəsində məlumatlandırma kampaniyasına başlayaraq ABŞ-ın federal və yerli hakimiyyətlərinə, ictimaiyyətinə və mətbuata Qara Yanvar hadisələri ilə bağlı minlərlə məktub göndərmişdir. Bu səylərin nəticəsində Sovet İttifaqının sonunun başlanğıcı kimi qiymətləndirilən tarixi hadisələrə həsr edilən məqalələr Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatının yerli qəzetlərində çap edilmişdir.

Azərbaycan-Amerika Şurası və Amerikanın Azərbaycan Cəmiyyəti də birgə bəyanatla çıxış edərək bütün Amerika azərbaycanlılarını Qara Yanvar qəhrəmanlarının və şəhidlərinin əziz xatirəsini anmağa çağırmışlar.

Vaşinqtonda efirə çıxan ABŞ-ın Qarabağ Fondunun "Azərbaycan saatı" radio proqramı bu həftə efirə gedəcək verilişini 20 Yanvar faciəsinin ildönümünə həsr etmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 4.