Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Moskvadakı səfirliyində ehtiramla yad edilmişdir

 

Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş matəm mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefi önünə tər çiçəklər düzmüşlər. Foyedə faciənin günahsız qurbanlarının siyahısı asılmış və fotostend quraşdırılmışdır. Fotostendin önünə də tər çiçəklər qoyulmuşdur.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edilmişdir.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu matəm mərasimini açaraq 21 il bundan əvvəl baş vermiş hadisələri qısaca xatırlatmışdır. O vurğulamışdır ki, xalqın yaddaşında daim qalacaq bu faciə gələcək nəsillər üçün dərs olmalıdır. Səfir xüsusi qeyd etmişdir ki, ölkə rəhbərliyi bu hadisəyə çox böyük əhəmiyyət verir, 20 Yanvar faciəsi hər il dövlət səviyyəsində qeyd edilir. Səfir sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər və informasiya blokadasının aradan qaldırılması ilə əlaqədar çətinliklər barədə söhbət açaraq vurğulamışdır ki, bu faciəli hadisə, eyni zamanda Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsl mərdlik göstərərək bu faciəyə siyasi qiymət verməsini xüsusi qeyd edərək demişdir: "Heydər Əliyev o vaxt mövcud olan sovet rejimi, bu rejimin repressiya maşını şəraitində çox böyük mərdlik göstərmiş və Bakıda baş vermiş hadisələrin ertəsi günü, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gəlmişdir. Bu, həqiqətən, vətəndaş hünəri idi, çünki Heydər Əliyev həmin hadisələrin təqsirkarlarının hələ də hakimiyyətdə olmasına baxmayaraq, bu barədə siyasi bəyanatla çıxış etmiş, təqsirkarları pisləmiş yeganə siyasi xadim idi. Bütün bunlar ölkəmizin Moskvadakı daimi nümayəndəliyində olmuşdur. Buna görə də mən ölkəmizin səfirliyində ümummilli lider Heydər Əliyevin barelyefinin qoyulması təşəbbüsünü irəli sürmüşəm".

Azərbaycan səfiri bir sıra xarici ölkələrin səfirlərinə və diplomatik missiyaların nümayəndələrinə tədbirdə iştirak etdiklərinə və bu məsələdə ölkəmizi dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir.

Litva Respublikasının Rusiyadakı səfiri Anatanas Vinkus öz çıxışında demişdir ki, Litva xalqı Azərbaycan xalqının kədərinə və dərdinə şərikdir. Onun sözlərinə görə, "Vilnüs hadisələri" və "Yanvar hadisələri" ölkələrimizin xalqlarının yaddaşında daim yaşayacaqdır və bu faciə heç vaxt təkrarlanmamalıdır.

Moskvadakı Azərbaycan diasporunun görkəmli nümayəndələri - "Ocaq" mədəniyyət cəmiyyətinin sədri, professor Tofiq Məlikli, yazıçı və dramaturq İlham Bədəlbəyli, Azərbaycan diplomatiyasının veteranı Ramiz Abutalıbov, Tibb Akademiyasının aspirantı Əşrəf Həsənov öz çıxışlarında soydaşlarımızın o faciəli hadisələrə ilk reaksiyasına diqqəti cəlb edərək xatırlatmışlar ki, bu münasibət soydaşlarımızın Sov.İKP MK-ya ünvanlanmış petisiya ilə MK-nın binasına tərəf yürüş etməsində öz əksini tapmışdır. Həmin petisiyada Azərbaycan vətəndaşlarının mövqeyi şərh edilərək deyilirdi: "Azərbaycan xalqı bu cinayəti bağışlamayacaqdır".

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin o vaxt Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə tarixi səfərinin əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, bu səfər ümumi fəlakət qarşısında xalqın birləşməsi üçün çox güclü təkan oldu. Onlar ulu öndərin aşağıdakı tarixi sözlərini xatırlatmışlar: "Bu matəm günündə mən öz xalqımla olmaya bilmərəm". Qeyd edilmişdir ki, Heydər Əliyev müdrik siyasi xadim idi, onun fikri ilə bütün dünyada hesablaşırdılar.

Tədbirdə Litva, Qazaxıstan, Qırğızıstan, Sudan, Mali səfirləri, Türkiyə, Tacikistan, Ukrayna, Mavritaniya, Zambiya, Moldova, Paraqvay, Belarus, Türkmənistan və Özbəkistan səfirliklərinin müşavirləri, habelə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri,

Moskva

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 4.