Berlində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur

 

Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, yanvarın 19-da Almaniya Federal Hökumətinin mətbuat və informasiya zalında Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbiri keçirilmişdir.

"Donmuş münaqişələr: beynəlxalq siyasətin mövzusu" adlı tədbirdə alman parlamentinin deputatları, müxtəlif təşkilatların və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak etmişlər. Tədbirə məruzəçi qismində isə Almaniya Bundestaqının deputatı, parlamentin xarici siyasət komissiyasının üzvü Karl Qeorq Velman dəvət olunmuşdur.

Tədbiri açan Almaniya Bundestaqının keçmiş üzvü və Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin icraçı direktoru E.Lintner müasir dünyamızda mövcud olan münaqişələrə nəzər salmış, onların həllinin beynəlxalq ictimaiyyətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd etmişdir. O, keçmiş SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazın da həyəcanlı dövrə daxil olduğunu və burada bir çox etnik-ərazi münaqişələrinin baş qaldırdığını qeyd etmişdir. O, regionda mövcud olan əsas münaqişənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi olduğunu vurğulayaraq, bu münaqişə nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, böyük insan kütləsinin qaçqın və məcburi köçkün düşdüyünü dilə gətirmişdir. O, təəssüflə bildirmişdir ki, bu vəziyyət hələ də davam edir və sülhə nail olmaq məqsədilə beynəlxalq ictimaiyyətin göstərdiyi səylər heç bir nəticə verməmişdir. Bundestaqın keçmiş üzvü tədbirin adını şərti olaraq seçdiklərini, Cənubi Qafqazda mövcud olan münaqişələrin, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini heç də "donmuş" hesab etmədiklərini diqqətə çatdırmışdır.

Sonra Alman Bundestaqının üzvü Karl Qeorq Velman keçən ilin dekabrında Astanada keçirilmiş və özünün də qatıldığı ATƏT-in növbəti sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar barədə məlumat vermişdir. O, bu sammitdən Qafqazdakı münaqişələrlə bağlı müsbət gözləntilər olduğunu, hətta AFR-in Federal Kansleri Angela Merkelin də bu ümidlə sammitdə iştirak etdiyini ifadə etmişdir. Sammitdə heç bir irəliləyişin olmadığını təəssüf hissi ilə bildirən Bundestaq deputatı danışıqların sanki dalana dirəndiyini və bu vəziyyətin təmsil etdiyi qurumda narahatlıq doğurduğunu söyləmişdir. Onun fikrincə, tərəflərin mövqeləri hələ də bir-birindən radikal şəkildə fərqlənir. O, Azərbaycanın danışıqlarda tutduğu mövqenin qəbul edilən olduğunu, münaqişənin həllinin mərhələli əsasda "yenilənmiş Madrid prinsipləri"nə əsaslandığını qeyd etmişdir. Natiq Ermənistanın mövqeyinin bunun əksinə olaraq anlaşılmaz olduğunu vurğulamışdır. O, bu ölkəyə münaqişənin həllində hansı səbəblərin mane olduğunu Ermənistan təmsilçiləri ilə keçirdiyi görüşlərdə anlamağa çalışsa da, bununla bağlı heç bir nəticə əldə etmədiyini diqqətə çatdırmışdır.

Müzakirələrdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların son vəziyyəti barədə məlumat vermiş, Ermənistanın tutduğu destruktiv mövqe ucbatından aparılan danışıqların heç bir nəticə vermədiyini dilə gətirmişdir. Səfir Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal etdiyi ərazilərlə, eləcə də etnik təmizləmə nəticəsində öz yurdlarından qovulmuş 1 milyondan artıq qaçqın və məcburi köçkünün durumu ilə bağlı vəziyyətin dəyişməməsini regionun gələcək inkişafı üçün mühüm təhlükə kimi səciyyələndirmişdir. O, Minsk qrupunun son təklifi olan "yeniləşmiş Madrid prinsipləri"nin Azərbaycan tərəfindən qəbul olunduğunu, Ermənistanın isə bu vaxta qədər həmin prinsipləri qəbul etmədiyini bildirərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün həm Aİ-nin, həm də Almaniyanın Ermənistana təzyiq etməsinin vacibliyini diqqətə çatdırmışdır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 6.