Yaxşı əməllər, işıqlı düşüncələr sahibi

 

Dünya şöhrətli müğənni, SSRİ xalq artisti Rəşid Behbudov Azərbaycan teleməkanının parlaq simalarından biri kimi tanınan Elşad müəllim haqqında yazırdı: "Azərbaycan televiziyasının ən nadir tapıntısı Elşad Quliyevdir. Bu adam necə yetişib, hardan gəlib mən indiyə qədər anlaya bilmirəm". Mənə elə gəlir ki, bu sözlər əsl telefenomen haqqında həqiqəti tam əks etdirir.

Qiyabi də olsa, bir-birimizi yaxşı tanıyırdıq. Məhz televiziyaya qayıtdığı ilk günlərin birində Elşad müəllim məni yanına çağırıb televiziyada yenicə açdığı xarici filmlərin dublyajı redaksiyasına müdir vəzifəsini təklif etdi. Razılığımı alandan sonra o, istər dublyaj, istərsə də kino haqqında çox maraqlı fikirlər söylədi, tapşırıqlar verdi.

Əslində, dublyaj redaksiyası burada yenidən bərpa olunurdu. Televiziyada filmlərin dublyaj şöbəsi 1966-cı ilin ilk aylarında təşkil edilmişdi. Moskvadan Bakıya göndərilən bütün filmlər, istər bədii olsun, istərsə də sənədli, Azərbaycan dilində səsləndirilirdi. Filmin rus variantı isə başqa bir kanalla efirə verilirdi. E.Quliyev AzTV-yə 1966-cı ildə məhz dublyaj şöbəsinə tərcüməçi vəzifəsinə işə qəbul olunmuşdu. O, filmlərin mətnlərini Azərbaycan dilindən rus dilinə, yaxud əksinə tərcümə edirdi.

Elşad müəllim işıqlı şəxsiyyət idi. O, istedadı olan insanlara xüsusi hörmətlə yanaşır, onlara böyük qiymət verirdi. Təsadüfi deyil ki, 1983-cü ildə AzTV-yə sədr təyin olunandan sonra "Retro" kinozalı verilişini açdı. Həmin ildən başlayaraq hər şənbə künoşünas A.Salayev bu verilişi aparır, sonda haqqında danışdığı film bütünlüklə nümayiş olunurdu.

E.Quliyev telestudiyada böyük təşkilati işlər aparmaqla yanaşı, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində televiziya filmlərinin həm kəmiyyət, həm də keyfiyyət baxımdan yaxşılaşmasına bir sədr kimi xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi dövründə istər respublika, istərsə də Ümumittifaq televiziyası üçün onlarla dəyərli film istehsal olunmuşdur.

E.Quliyev, özünün dediyi kimi, televiziyaya gəldiyi gündən teleməkanın "qaynar qazan"ında qaynayıb. İlk gündən başlayaraq bütün dövrlərdə televiziyanın inkişafında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Azərbaycan mətbuatı həmin dövrdə də, bu gün də 80-ci illəri kinonun və televiziyanın intibah, çiçəklənmə dövrü adlandırır. Maraqlıdır ki, Azərbaycan televiziyası SSRİ televizionçuları arasında dördüncü yerdə idi. Məhz 80-ci illərdə televiziyanın yaddaqalan verilişləri özünə yer aldı.

Elşad müəllim arada vaxt tapdıqca özü də ssenarilər, hekayə və şeirlər yazırdı, yazdıqlarını başqa adla radioda səsləndirirdi. Onun ssenarisi əsasında 1977-ci ildə çəkilmiş "Sovet Azərbaycanı" sənədli filmində (rej. V.Babayev) Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra ötən illər ərzində xalqımızın əldə etdiyi uğurlar, respublikamızın şəhər və kəndlərində aparılan tikinti işləri, zavod və fabriklərdə çalışan insanların, kənd təsərrüfatı işçilərinin əmək uğurları poetik bir dillə vəsf olunur.

Filmdə bəstəkarlardan V.Adıgözəlovun və M.Kajlayevin musiqisindən yerində istifadə olunmuşdur. Musiqinin müşayiəti ilə ekranda təsvir olunan hadisələrin vəhdəti, filmin kompozisiyası üçün maraqlı forma axtarılıb tapılması səviyyəli publisistik kino əsərinin yaranmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, 1977-ci ildə Leninqradda (indiki Sankt-Peterburqda) VII Ümumittifaq televiziya filmləri festivalında tammetrajlı "Sovet Azərbaycanı" televiziya filmi mövzunun publisistik həllinə görə SSRİ Jurnalistlər İttifaqının prizinə layiq görülmüşdür.

1982-ci ildə E.Quliyevin ssenarisi əsasında rejissor V.Babayev daha bir "Sovet Azərbaycanı-60" sənədli filmini lentə aldı. Bu film SSRİ-nin yaradılmasının 60 illiyinə həsr olunmuşdu.

E.Quliyevin qələmə aldığı "Şəki" ssenarisi Şəki şəhəri, onun sakinləri, nailiyyətləri və özünəməxsus mədəniyyəti haqqında lirik hekayədir. Bu ssenarini rejissor V.Babayev 1977-ci ildə lentə almışdı. Filmdə qədim Şəkinin tarixindən, Azərbaycanın inkişaf etmiş şəhərlərindən birinə çevrilməsindən, onun ipək sənayesinin mərkəzi olmasından, bura gəzməyə gələnlərin xüsusilə diqqətini cəlb edən Şəki xanlarının sarayından, Gələsən-Görəsən qalasının qalıqları olan memarlıq abidələrindən, şəkililərin bugünkü qayğılarından, bu torpaqda doğulub məşhurlaşmış insanlarından məhəbbətlə söhbət açılır. Film üç hissəli olsa da, material bolluğu baxımından müəlliflər tamaşaçıda bu bölgə haqqında ətraflı təəssürat yarada bilmişlər.

"Şəki" filmi 1978-ci ildə Vladivostokda keçirilən Ümumittifaq televiziya filmləri festivalında nümayiş etdirilmiş və festivalın prizini almışdır.

Bundan başqa, E.Quliyevin ssenariləri əsasında daha bir neçə sənədli film, o cümlədən "Xuraman" (1978), "Muğanda bir kənd var" (1978), "Qızılı yamaclar" (1984), "Nəbi Xəzri" (1986), "Oxu, tar" (1989) və s. televiziya filmləri çəkilmişdir.

...Ucsuz-bucaqsız görünən qızılı-sarı taxıl zəmiləri göz oxşayır. Bol məhsul yığan kombaynların səsi ətrafa yayılır. Ön planda durmuş qadın əlini gözünün üstünə qoyub işin gedişini diqqətlə izləyir. Sonra o, əlini yelləyib yaxınlıqdakı kombayn sürücüsünü yanına çağırır və deyir: "Bir bax, sən çox səliqəsiz işləyirsən. Gör bir nə qədər yığılmamış taxıl qaldı..."

Sonra biz bu qadını müxtəlif şəraitdə - bayram mərasimində, toyda və öz evində görürük. Hər yerdə o, dəyişməzdir, qətiyyətli və işgüzardır, sevimli anadır. Bu qadını ekranda görən kimi tanıyırsan. Xuraman Abbasova, məşhur təsərrüfat başçısı və bacarıqlı təşkilatçı, Ağdam rayonundakı Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı. Filmin müəllifləri çox düzgün olaraq ilk kadrlardan bu əməksevər qadını iri planda tamaşaçılara təqdim edirlər. Ona görə də Xuraman xanım əvvəlcədən yaddaşa həkk olunur.

Film-portret janrında çəkilmiş sənədli filmdə əmək mövzusu, vəzifə sahibinin işə can yandırması, onun məsuliyyəti ön plana çıxarılmışdır. 1979-cu ildə Bakıda keçirilən VIII Ümumittifaq televiziya filmləri festivalında "Xuraman" sənədli filmi qran-pri mükafatına layiq görülmüşdür.

Elşad müəllimin ssenarilərinin əksəriyyəti film-portret janrındadır, o cümlədən "Qızılı yamaclar" filmi də. Rejissor V.Babayevin çəkdiyi bu film Azərbaycanın məşhur kolxoz sədri N.Nikitinin həyat və fəaliyyətindən bəhs edir. Lakin müəlliflər burada nəinki İsmayıllı bölgəsində, hətta bütün ölkədə tanınan bu bacarıqlı rəhbərin tərcümeyi-halı vasitəsilə əslində İsmayıllı rayonunun İvanovka kəndi, onun zəhmətsevər əməkçiləri barəsində məhəbbətlə söhbət açırlar.

Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar aqronomu, Böyük Vətən müharibəsi iştirakçısı, adi kolxozçudan təsərrüfat rəhbərliyinədək yüksələn Nikolay Nikitinin həyat materialı mövzunun formalaşmasına imkan vermiş, təbii və maraqlı film yaradılmasına səbəb olmuşdur.

Azərbaycanın xalq şairi Nəbi Xəzrini C.Cabbarlının ev-muzeyində tez-tez görmək olardı. Böyük dramaturqa həsr olunmuş tədbirlərdə o, məmnuniyyətlə iştirak edərdi. O vaxtlar şair Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri vəzifəsində çalışırdı. Nəbi müəllim maraqlı həmsöhbət idi. O, deyirdi ki, dünyanın hansı ölkəsində olursa-olsun geri qayıdanda mütləq Xırdalandakı ata evinə baş çəkərdi. Valideynləri rəhmətə getsə də bacısı Şirin həmin evin ocağını sönməyə qoymurdu. Şair hətta bacısına poema da həsr etmişdi. Bu xeyirxah və sədaqətli qadın öz həyatını qura bilmədiyi üçün ata evində qardaşının kitablarını, əlyazmalarını, saysız-hesabsız fotoşəkillərini, məktublarını, qəzetlərini göz bəbəyi kimi qoruyub saxlayırdı. Qəribə də olsa, 1941-ci il iyunun 22-də kənddə Şirin xanımın toyunu edirlər. Səhəri gün isə əri cəbhəyə yola düşür və bir daha geri qayıtmır.

Təsadüfi deyil ki, yenə də E.Quliyev və V.Babayev yaradıcılığının məhsulu olan "Nəbi Xəzri" sənədli filminin ilk kadrları şairin Xırdalandakı evində bacısı Şirinlə başlayır. Sonra qırx dəqiqə ərzində mavi ekranda biz Nəbi Xəzri poeziyasını dinləyir, onun poema və şeirlərinin qəhrəmanları ilə tanış oluruq. Çinarlı bağ, Abşeron çimərliyi, Xəzərin şıltaq dalğaları, pambıq tarlaları. Sumqayıtın qaynar həyatı, əfsanəvi Neft daşları biri digərini əvəz edir. Bütün bunları görkəmli şair öz əsərlərində böyük məhəbbətlə vəsf etmişdir. Nəbi Xəzrinin yaradıcılıq ab-havasına qatılaraq düşüncələrə dalmasını, şeirin yaranması prosesini müəlliflər sənətkarlıqla lentə köçürə bilmiş və ekranda şairin obrazını yaratmışlar.

Tanınmış şairlərdən Y.İsayev, R.Həmzətov, O.Şestinski və M.İsmayılın qələm dostları Nəbi Xəzri haqqında hər cür sözçülükdən uzaq fikir söyləmələri, səmimi, ürəkdən gələn söz demələri filmin ən qiymətli kadrlarıdır.

Filmin diqqəti cəlb edən cəhətlərindən biri də Mərkəzi Televiziya ilə gəstərilməyinə baxmayaraq şairin öz şeirlərini doğma ana dilində söyləməsidir. Həmin şeirlər eyni zamanda, tərcümədə rusca da səslənir. "Nəbi Xəzri" filminə baxarkən və şairi, onun şerlərini dinləyərkən bu insanın, onun düşüncə və hisslərinin sənə nə qədər yaxın və doğma olduğunu bir daha yəqin edirsən.

Kinodramaturq E.Quliyevin "Oxu, tar" ssenarisi adından da göründüyü kimi, burada Azərbaycanın qədim musiqi alətini ustalıqla dilləndirən məşhur tarzən Ramiz Quliyevin yaradıcılığından, onun qastrol səfərlərindən, ifaçılıq sahəsində qazandığı böyük uğurlarından söhbət açılır.

Rejissor B.Ağayevin çəkdiyi bu filmin kompozisiyası çox tutumludur. Yəni, 4 hissədən ibarət olan sənədli filmdə virtuoz ifaçının məharəti bütün əlvanlığı ilə açılıb göstərilir, tarı sinəsinə sıxıb onu dilləndirən R.Quliyevin sanki qəlbinin səsini eşidirik.

Deyirlər ki, istedadlı insan hərtərəfli istedada malik olur. Bu, həqiqiətən, belədir. E.Quliyev ADU-nun (indiki BDU) filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. Tarix elmləri namizədidir (1991). 1990-2008-ci illərdə "Bilik" maarifçilik cəmiyyətinin sədri olmuşdur. Maarifçilik sahəsindəki uğurlu işi akademik Vavilov adına Beynəlxalq medala layiq görülmüşdü. Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü idi. Onun "Telekamera və mikrofonla" (1985), "Televiziya iki əsrin ayrıcında" (1993) və "Televiziya: nəzəriyyə, inkişaf meyilləri" (2004) kitabları çap olunmuşdur.

Təsadüfi deyil ki, zəmanəmizin böyük bəstəkarı Qara Qarayev E.Quliyevlə görüşlərinin birində uzaqgörənliklə onun barəsində demişdir: "Çox məmnun oldum ki, Azərbaycan Teleradio Komitəsində sənin kimi gənc bir kadr yetişib və sabah idarə etməyə hazırdır".

Sədr olandan sonra günlərin birində digər görkəmli sənətkarımız, böyük dramaturq və yazıçı İlyas Əfəndiyev ilk dəfə E.Quliyevlə rastlaşarkən diqqətlə üzünə baxıb dedi:

- Televiziyanın Elşad Quliyevi səniymişsən?

- Bəli, mənəm, - deyə Elşad müəllim cavab verir.

- İgidin adını eşitmişdim, amma özünü görməmişdim. İndi görürəm ki, adın özünə, özün də adına yaraşırsan...

Bu igidin - Elşad Quliyevin adı Azərbaycan mədəniyyət və incəsənət tarixinə əbədi həkk olunub. Onun haqqında "Telefenomen Elşad Quliyev ilə 16 saat söhbət" adlı sanballı kitab işıq üzü görüb, AZ.TV-də onun həyat və fəaliyyətinə həsr olunmuş "Ömrün teleformatı" sənədli filmi çəkilib. İllər ötüb keçsə də, nurlu əməllərə, unudulmaz yaxşılıqlara imza atan müəllimimiz Elşad Quliyevin nurlu xatirəsi yazdığı əsərlərdə, çəkdiyi filmlərdə, yetirmələrinin qəlbində daim yaşayacaqdır.

 

 

Aydın KAZIMZADƏ,

əməkdar incəsənət xadimi

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 7.