Vaşinqtonun meri Qara Yanvar haqqında bəyannamə imzalamışdır

 

Səlahiyyətlərinə yeni başlayan ABŞ paytaxtının meri Vinsent Qrey 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qırğında şəhid olanların xatirəsini anmaq məqsədi ilə bəyannamə imzalamışdır.

Sənəddə bildirilir ki, bu il yanvarın 20-də bütün Amerika azərbaycanlıları Qara Yanvarın 21-ci ildönümünü qeyd etmişlər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana hücum edilmişdir. Təcavüzkarlara qəhrəmancasına müqavimət göstərərkən yüzlərlə azərbaycanlı həlak olmuş yaralanmışdır. Azərbaycanlılar üçün bu qanlı hadisələr ölkənin müstəqilliyinə aparan yolun bir hissəsi olmuşdur.

Vaşinqtonun meri ABŞ paytaxtının sakinlərini Qara Yanvar hadisələrinin qurbanlarını anmağa çağırmışdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 3.