Azərbaycanın qüdrətlənməsi dünya miqyasında təsdiqlənir

 

Beynəlxalq ekspertlər bütün resurslar baxımından ölkəmizin işğalçı Ermənistandan böyük üstünlüklərə malik olduğunu açıq bəyan edirlər

 

 Dünyanın ən sürətli inkişaf dinamikasına malik ölkələri sırasında yer alan Azərbaycan ordu quruculuğu prosesində də möhtəşəm nailiyyətlərə imza atıb. Bunun nəticəsidir ki, Cənubi Qafqazda ən güclü orduya malik ölkə kimi məhz Azərbaycan çıxış edir. Ordunun və ümumilikdə silahlı qüvvələrin döyüş hazırlığı, maddi-texniki təminatı baxımından ölkəmiz təkcə mövcud olduğu regionda yox, MDB məkanında da liderlər cərgəsində yer alır. Azərbaycanın artan iqtisadi imkanları, ölkəmizdə demoqrafik vəziyyətin qənaətbəxş səviyyədə olması qarşıdakı dövr ərzində ordumuzun daha qüdrətli olacağına möhkəm təminat yaradır.

Ordunun döyüş qabiliyyətinin daha da yüksəlməsinə yönəlmiş tədbirlər, təbii ki, həm də Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında saxlanmasından irəli gəlir. Düzdür, elə indi də artıq ölkənin silahlı qüvvələri, ölkəmizin ərazi bütövlüyünü qısa zaman ərzində bərpa etmək və bu məqsədlə qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirmək iqtidarındadır. Lakin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə olan ümidlər tükənmədiyindən Azərbaycan hələ ki, güc variantından istifadəyə lüzum görmür. Bununla belə, artan imkanları çərçivəsində ordusunu daha da gücləndirməkdə davam edir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Ordu quruculuğuna ayrılan vəsait, görülən tədbirlər, orduda peşəkarlığın artırılması, mütəmadi qaydada təlimlərin keçirilməsi, yeni silah-sursat, texnikanın alınması və Azərbaycanda istehsal olunmasının məqsədi ondan ibarətdir ki, əgər danışıqlar nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunmalıdır. Bu, reallıqdır və ölkə qarşısında duran bu ən ağrılı, ən çətin problem həllini tapmalıdır".

Azərbaycanın hərbi qüdrəti, iqtisadiyyatının sürətli inkişafı isə Ermənistanda yaranan narahatlığı günü-gündən daha da artırır. Bu məqamla bağlı da Azərbaycan dövlət başçısı olduqca maraqlı fikirlər səsləndirmişdir: "Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanda yaranmış maliyyə imkanları bizə imkan verir ki, istənilən məsələni öz xeyrimizə həll edək. Ermənistan tərəfi, əlbəttə ki, bu reallıqları dərk edir, başa düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində onların isterik hərəkətləri ona gətirib çıxarıb ki, onların qorxu içində olması artıq bütün dünyaya bəllidir. Bu, həqiqətdir və nə qədər ki, Azərbaycan torpaqları işğal altında qalacaq, Ermənistan o qədər qorxu içində yaşayacaqdır".

Proseslərin gedişini qiymətləndirən ekspertlər isə birmənalı şəkildə bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli Ermənistan üçün ciddi fəlakət olacaq. Çünki Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə hərbi gücü, nə də ki digər resursları var. Beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssis olan israilli analitik Arye Qut bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi və bu məsələdə prinsipial mövqeyi Ermənistana da yaxşı məlumdur: "Prezident İlham Əliyev ATƏT-in Astana sammitində də bir daha Azərbaycanın prinsipial mövqeyini ifadə etdi. Sammitdə Azərbaycan Prezidentinin çıxışından yenidən tamamilə aydın oldu ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması üçün Ermənistana imkan verməyəcək. O da aydındır ki, heç kim müharibə istəmir, lakin indiki vəziyyət uzun müddət davam edə bilməz. Ermənistan və bu ölkənin rəhbərliyi başa düşməlidir ki, ərazi bütövlüyünü bərpa etməsi üçün Azərbaycanın digər imkanları da var və bu imkanlardan mütləq istifadə olunacaq".

Ekspert bildirir ki, müharibənin başlamaması üçün dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı sülhə məcbur etməlidir: "Azərbaycan dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan sülh prosesinə sadiqdir. Sülh yolu ilə həll prosesinin uzanması isə müharibə ehtimalını artırır. Çünki Azərbaycan xalqının səbri hüdudsuz deyil. Bakı müdafiə xərclərinə milyardlarla dollar vəsait ayırır və hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Ermənistanın isə buna imkanları yoxdur. Digər tərəfdən öz qonşuları ilə sülh şəraitində yaşaya bilmir. Konkret olaraq Azərbaycanla müharibə aparması üçün Ermənistanın heç bir resursu yoxdur. Halbuki Azərbaycan bu ölkədən hərbi, iqtisadi və demoqrafik say baxımından əhəmiyyətli üstünlüyə malikdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün qarşıya qoyulan missiyanı uğurla yerinə yetirmək iqtidarında olduğunu göstərir".

Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş Rəşad Doğru da qeyd edir ki, hazırda bir çox problemlərlə üz-üzə qalan Ermənistan olduqca ağır vəziyyətdədir. Rəşad Doğru bildirir ki, ağır vəziyyət üzündən əhali Ermənistanı tərk edir: "Bu səbəbdən hesab edirəm ki, Ermənistanın daha fikirləşməyə vaxtı yoxdur və o, nəhayət Azərbaycanın işğal altında saxladığı ərazilərini azad etməlidir". Deputat onu da vurğulayıb ki, Ermənistan daxilində ölkə rəhbərliyi ilə bağlı müəyyən ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət təsir göstərə bilər: "Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin taleyi bizim üçün çox vacibdir. Bundan başqa, Ermənistan başa düşməlidir ki, işğal altındakı ərazilər azad olunmayana qədər Türkiyə-Ermənistan münasibətləri inkişaf etməyəcək. Bu səbəbdən iki ölkə arasında sərhəd də açılmayacaq. Biz öz mövqeyimizdən geri çəkilməyəcəyik. Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapdıqdan, Ermənistan Xocalıda dinc sakinlərə qarşı soyqırımı törətdiyini etiraf etdikdən, eləcə də bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə münasibətdə ədalət təmin olunduqdan sonra Türkiyə Ermənistanla dostluq münasibətlərini bərpa edəcək. Başqa çıxış yolu yoxdur və biz bunu qəbul etməliyik".

Rəşad Doğru onu da vurğulayır ki, müharibə başlayacağı təqdirdə Ermənistanın məğlubiyyətə düçar olacağı birmənalıdır: "Biz məsələnin müharibə yox, sülh yolu ilə həllini istərdik. Lakin unutmaq lazım deyil ki, Azərbaycan əraziləri işğala məruz qalıb. Ermənistan heç bir şərt olmadan işğal altındakı əraziləri tərk etməlidir. Ortada böyük bir ədalətsizlik var və bu, aradan qaldırılmalıdır".

Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış rusiyalı politoloq Aleksandr Duqin bildirir ki, 2010-cu il də daxil olmaqla ötən müddət ərzində güc balansı əhəmiyyətli dərəcədə Azərbaycanın lehinə dəyişib: "Azərbaycan öz hərbi-strateji potensialını artırır. O da təəssüf doğurur ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər münaqişənin həllinin ölü nöqtədən tərpənməsi üçün ciddi səy göstərmir".

Kentukki Universitetinin professoru Robert Farle da diqqəti ona çəkir ki, Azərbaycan Ermənistanla müqayisədə hərbi məqsədlər üçün daha böyük xərc ayırır: "Azərbaycanın hərbi xərcləri Ermənistanla müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Orta və uzunmüddətli perspektivdə isə Azərbaycanın üstünlüyü daha da artacaq".

Beləliklə, beynəlxalq ekspertlərin də yekun qənaəti bundan ibarətdir ki, Azərbaycan hərbi, iqtisadi, demoqrafik və digər bu qəbildən olan mühüm parametrlər üzrə Ermənistandan dəfələrlə üstündür. Belə bir şəraitdə Dağlıq Qarabağ münaqişəsinin sülh yox, hərb variantında həlli prosesi başlasa, bu, şübəhsiz ki, Ermənistanın tam məğlubiyyətinə, sözügedən dövlətin iflasına gətirib çıxaracaq. Əslində, bu reallıq Ermənistana da yaxşı məlumdur və ermənilər onu da aydın dərk edirlər ki, Azərbaycanın səbri tükənmək üzrədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 7.