Türkiyə-Azərbaycan Dərnəyinin I Konqresi keçirilmişdir

 

Ankarada Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) I Konqresi keçirilmişdir.

Konqres iştirakçıları Türkiyə və Azərbaycanın şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Türkiyədə yaşayan azərbaycanlılara dərnəyin fəaliyyətinə göstərdikləri köməyə görə təşəkkürünü bildirmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov bildirmişdir ki, dərnəyin fəaliyyəti Azərbaycanda da diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyevin də vurğuladığı kimi, "bir millətin iki diasporu olmamalıdır". Qeyd edilmişdir ki, Türkiyədəki diaspor təşkilatları Avropa və Amerikadakı təşkilatlarla da yaxın əlaqələr qurmalıdırlar. Dərnəyin Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına üzv olmaq qərarı da mühüm bir addımdır.

Konqresdə təşkilati məsələlərə də baxılmışdır. Politoloq Sinan Oğan yenidən TAD-ın sədri seçilmişdir. Ənvər Türkoğlu dərnəyin sədr müavini, Əyyub Qartalqaya baş katibi olmuşdur.

TAD-ın sədri Sinan Oğan gələcək fəaliyyət barədə geniş məlumat vermişdir. O, ilk olaraq diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. Onun sözlərinə görə, bu il də Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi və digər dərnəklərlə birlikdə geniş tədbirlər keçiriləcəkdir. Bundan başqa, bu cür tədbirlər Fransanın Strasburq şəhərində də təşkil olunacaqdır. Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyənin 50 şəhərində konfransların keçirilməsi də planlaşdırılır. Bütün bu tədbirlərin əsas məfkurəsi böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ulu öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" kəlamlarına uyğun təşkil olunacaqdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 25 yanvar.- S.5.