Qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə Azərbaycan nümunəvi ölkə hesab olunur

 

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu qəbildən olan insanlarda tezliklə öz doğma yurdlarına qayıdacaqlarına qəti əminlik yaranıb

 

Prezident İlham Əliyev son 7 ildə 17, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirilib və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyulub, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürülüblər.

Mövcud olduğu regionun lider dövlətinə çevrilən və bu statusunu davamlı olaraq yeni uğurlar hesabına möhkəmləndirən Azərbaycanın mövcud inkişaf dinamikası qarşıdakı dövr ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərin miqyasının daha da genişlənəcəyinə əsaslı zəmin yaradır. Bu isə öz növbəsində Azərbaycanın zaman keçdikcə daha qüdrətli bir ölkəyə çevriləcəyindən, Cənubi Qafqazda əvvəlki kimi həlledici söz sahiblərindən biri olaraq qalacağından xəbər verir. Hazırda regionda hadisələrin inkişaf istiqamətinin müəyyən edilməsində əsas subyektlərdən biri kimi çıxış edən Azərbaycanın yaxın tezlikdə ölkənin əsas problemi olan ərazi bütövlüyünün bərpası məsələsinə də birdəfəlik son qoyacağı beynəlxalq ictimaiyyətin özündə belə heç bir şübhə doğurmur.

Diplomatik cəbhədə təcavüzkar dövləti məğlubiyyətə uğradan ölkəmiz lazım gəldiyi vaxt qalibiyyətini hərb meydanında da reallaşdırmaq iqtidarındadır. Bunun üçün Azərbaycan qüdrətli orduya, yenilməz Silahlı Qüvvələrə malikdir və bu reallıq düşmən tərəfin özünə də yaxşı məlumdur. Lakin məsələnin sülh yolu ilə çözümünə ümidlər tükənmədiyindən beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar prosesi davam etdirilməkdədir. Azərbaycan bu problemin beynəlxalq hüquq normalarına uyğun həllində və yenə də beynəlxalq hüquqdan irəli gələn prinsiplərə uyğun olaraq ərazi bütövlüyünün bərpasında israrlı mövqe nümayiş etdirməklə Dağlıq Qarabağ münaqişəsinin hansı formada çözülə biləcəyinə dair həm dünya ictimaiyyətinə, həm də düşmən tərəfə konkret mesajlar verib. Nəticə hasil olmayacağı halda, təbii ki, son söz Azərbaycan Ordusuna, onun Sərkərdəsinə məxsus olacaq. Ordu, eləcə də Silahlı Qüvvələrin digər növləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini müvəffəqiyyətlə icra etməyə, ölkəmizin ərazi bütövlüyünü qısa zaman ərzində bərpa etməyə tam hazırdır.

Hələlik isə ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, dinc yolla çözümünə çalışır. Bu kontekstdə aparılan danışıqlarda problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa biləcəyi və bunun yeganə mümkün həll variantı kimi çıxış etdiyi də beynəlxalq ictimaiyyətə, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna, eləcə də təcavüzkar dövlətə yaxşı məlumdur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində bununla əlaqədar bildirmişdir: "Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır".

Dağlıq Qarabağdan və ona bitişik işğal altındakı digər rayonlardan didərgin düşmüş məcburi köçkünlər isə yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlara aparan nəticəsini aydın görürlər. Bu qəbildən olan insanlar eyni zamanda dövlət qayğısını hər zaman öz üzərlərində hiss edirlər. Elə bu qayğının nəticəsidir ki, əvvəllər dözülməz şəraitdə yaşayan qaçqın və məcburi köçkünlər indi müasir tələblərə cavab verən, infrastruktur səviyyəsi yüksək olan yeni müasir evlərə, qəsəbələrə köçürülür. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir.

Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısı bu gün beynəlxalq miqyasda da geniş təqdir olunur və hətta ölkəmizin adı bu fonda nümunəvi bir dövlət kimi qeyd edilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arun Sala-Nqarmo bununla bağlı bildirir: "Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti məcburi köçkünlərə çox böyük diqqət göstərir və bu mənada bir çox ölkələr üçün nümunə ola bilər. Bu faktı hələ 2007-ci ildə Azərbaycanda səfərdə olmuş BMT Baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin hazırladığı hesabatda da qeyd etmişdi. Əminəm ki, bu hal 2011-ci ilin martında Azərbaycana dair dərc olunacaq yeni hesabatda da öz əksini tapacaq".

Arun Sala-Nqarmo yeni hesabatın da məcburi köçkünlərin durumuna həsr olunacağını təsdiqləyib: "Qeyd etdiyim kimi, cənab Kalin 2007-ci ildə burada olarkən sözügedən sahədə Azərbaycandakı vəziyyəti kifayət qədər ətraflı öyrənmişdi. Daha sonra isə onun səfərlərinin yekunlarına müvafiq tövsiyələrlə hesabat dərc olundu. Azərbaycanda məcburi köçkünlərin vəziyyətinə dair daha bir hesabat isə 2011-ci ilin martında dərc olunacaq və o, 2010-cu ilin mayında ölkəyə edilmiş səfərin nəticələrinə əsaslanacaq".

Məlumdur ki, Azərbaycan hökuməti tərəfindən beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlar ilə birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" Proqramının layihəsinin hazırlanması istiqamətində müəyyən işlər görülüb. Həmin proqramın hazırlanmasında Azərbaycan tərəfinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi də köməkliklər göstərib. Bununla bağlı məlumat verən Arun Sala-Nqarmo qeyd edir ki, hazırda sözügedən proqram müzakirə mərhələsindədir: "Biz, əlbəttə ki, onun qısa zaman ərzində hazırlanmasında çox maraqlıyıq. Digər tərəfdən, hər şeydən əvvəl onu da bilmək lazımdır ki, beynəlxalq ictimaiyyət məsələnin (Dağlıq Qarabağ münaqişəsinin) sülh yolu ilə həll olunacağı təqdirdə Azərbaycana hansı yardımlar göstərə bilər. Dəqiqləşdirmək lazımdır ki, azad olunmuş ərazilərə insanlar qayıdana qədər orada hansı işlər görülməlidir. Bu həm də ərazilərin minalardan təmizlənməsi, ərzaq təhlükəsizliyinin təmin olunması kimi məsələlərə aiddir. İnsanların daimi yaşayış yerlərinə qayıtmasından sonra ərzaq təhlükəsizliklərini təmin edə biləcəkləri, sosial infrastrukturun hansı vəziyyətdə olması, dağıntıların miqyası, yararlı vəziyyətdə ola biləcək sosial obyektlərin, məktəb və ya xəstəxanaların qalıb-qalmaması barədə fikirləşmək lazımdır".

Öz doğma yurd-yuvalarına qayıdana qədər isə dövlət qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasətini davam etdirməkdədir. Düzdür, doğma torpaqlarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Ötən il noyabrın 10-da Prezident İlham Əliyev Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışında iştirakı zamanı bununla əlaqədar bildirmişdir: "Bu gün Azərbaycan uğurla inkişaf edir, imkanımız var, belə gözəl evlər yaradırıq. Biz on minlərlə vətəndaşımızı yeni evlərlə, mənzillərlə təmin etdik. Ümumiyyətlə, 90 minə yaxın köçkünü biz belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Fərdi evlər, mənzillər tikilir, hər yerdə quruculuq, abadlıq işləri aparılır. Ancaq necə deyərlər, bu, müvəqqəti ünvandır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə bundan da gözəl evlər tikəcəyik".

Onu da xatırlatmaq yerinə düşər ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 7 ildə Prezident İlham Əliyev 26 fərman və sərəncam imzalayıb, dövlət proqramı və ona əlavələr təsdiq edilib, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 87 qərar və sərəncamı verilib, Milli Məclisdə qanun qəbul olunub. Dövlət başçısının iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib.

Prezident İlham Əliyev son 7 ildə 17, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirilib və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyulub, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürülüblər.

Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Daha bir mühüm fakt isə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin sürətlə azalmasıdır. Əgər bu gün ölkə üzrə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə salınıbsa, qaçqın və məcburi köçkünlər arasında bu rəqəm 75 faizdən 25 faizə düşüb. Bundan başqa, son 10 ildə qaçqın və məcburi köçkünlər üçün 67 qəsəbə salınıb. Qəsəbələrdə 20 min mənzil, 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi tikilib, yüzlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. Hazırda bu sahədə görülən işlər müvəffəqiyyətlə davam etdirilməkdədir. Ötən il ərzində isə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin yüksək səviyyədə həllini statistik rəqəmlər əyani təsdiqləyir. Belə ki, ötən il bu istiqamətdə 336,9 milyon manat (204,9 milyon manat büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti) sərf edilib .

Bütün bunlar həqiqətən də qaçqın və məcburi köçkünlərə dövlət qayğısının kifayət qədər yüksək olduğunu və Azərbaycanın bu səpkidə nümunəvi bir dövlət kimi çıxış etdiyini əyani təsdiqləyir.

 

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S.1.