Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq uğurlu bəhrələrini verir

 

Akademik Ramiz MEHDİYEV: "İki ölkənin dövlətlərarası münasibətləri çox dinamik inkişaf edir"

 

Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlər zəminində əldə edilmiş nəticələr son dərəcə əhəmiyyətlidir. Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaradan respublikadır. Qonşu ölkənin praqmatik siyasi dairələri Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirirlər. Azərbaycan-Rusiya münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlir. Bu kursu mümkün alternativlər sırasından Azərbaycanın perspektivi və milli təhlükəsizliyi baxımından ən uğurlu seçim hesab etmək olar.

Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev dünya siyasətində xüsusi yeri olan Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini də ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin əvvəllərində Rusiya Federasiyasına ilk rəsmi səfəri də təsadüfi olmayıb, bir sıra reallıqlarla şərtlənmişdir. Sovetlər Birliyi dövründən mövcud olmuş iqtisadi əlaqələrin davam etdirilməsi hər iki dövlətin strateji maraq dairəsindədir. Azərbaycan Prezidentinin Rusiyaya ardıcıl rəsmi səfərləri bir daha təsdiqləmişdir ki, rəsmi Moskvanın Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa olan marağı kifayət qədər səmimidir. Keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir.

Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar vermişdir. Rusiya Federasiyasının Həştərxan şəhərində bir müddət əvvəl ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi: "Bu gün ölkələrimiz arasında münasibətlərin tarixində, həqiqətən, əlamətdar, tarixi gündür. Bu gün Həştərxanda, simasını dəyişən və modernləşən bu gözəl şəhərdə Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi açılır. Heydər Əliyev bütün ömrü boyu öz xalqının rifahı naminə çalışmış, eyni zamanda, o, Rusiyaya, rus xalqına həmişə çox böyük məhəbbət bəsləmişdir. Onun ömrünün bir hissəsi Rusiya ilə bağlı olmuşdur. O, gənclik illərində Leninqradda, indiki Peterburqda təhsil almış, 80-ci illərdə Moskvada Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olmuş, Azərbaycan və rus xalqları arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görmüşdür.

Bu, bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bunu çox qiymətələndiririk. Bu cür münasibətə, Heydər Əliyevin abidəsi üçün şəhərin mərkəzində belə gözəl yerin ayrılmasına görə bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir".

Ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Rusiya dövlətinin iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasındakı nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Mübadilə proqramları vətəndaşlar, elm, mədəniyyət və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə kömək etmişdir. Həmin tədbirlərin uğurla nəticələnməsi xalqların tarixi talelərinin yaxınlığını, mədəniyyətlərin dialoqunda varisliyin saxlanılmasına səy göstərildiyini bir daha təsdiq etmişdir. Bu təşəbbüslər dövlət səviyyəsində humanitar sahədə əməkdaşlıq proqramı ilə dəstəklənir. Proqram həm qarşılıqlı əlaqələrin ənənəvi formalarını, həm də incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın yeni istiqamətlərini nəzərdə tutur.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin bu günlərdə ölkəmizə səfəri də əlamətdar olmuşdur. Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbərini qəbul etmişdir. Xatrıladaq ki, bu il Bakıda növbəti Beynəlxalq Humanitar Forumun keçirilməsi nəzərdə tutulub.

Bu tədbirlərin təkcə Rusiya-Azərbaycan deyil, həm də beynəlxalq xarakter daşıyacağını deyən dövlətimizin başçısı prosesin əsasının Azərbaycan və Rusiya tərəfindən qoyulduğunu, ölkələrimizin təsisçi və təşəbbüskar olduqlarını qeyd etmişdir. Azərbaycan ilə Rusiya arasında münasibətlərin geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevlə keçirdiyi görüşlərin önəmini vurğulamışdır. Qeyd edək ki, Rusiya Prezidentinin ölkəmizə son səfəri çərçivəsində bir sıra mühüm razılıqlar əldə edilmişdir. Xəzəryanı ölkələrin Bakı sammiti də çox yüksək səviyyədə keçirilmiş, regional məsələlərdə ölkələrimiz arasında qarşılıqlı anlaşma əldə edilmişdir.

Sergey Narışkin də ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın iqtisadi və siyasi sahələrdə böyük perspektivlərə malik olduğunu bildirərək, humanitar sahədə də geniş proqramların həyata keçirildiyini bildirmişdir.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə də görüşmüşdür. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə ötən ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin müvafiq qurumları arasındakı əlaqələr müzakirə predmeti olmuşdur. Forumun Bakı Beynəlxalq Humanitar Forumu kimi bu ildən etibarən mütəmadi surətdə təşkil olunmasına və dövlətlərimizin başçılarının təşəbbüsünə uyğun olaraq keçirilməsinə diqqət yetirilmişdir.

Müzakirələr zamanı Rusiya və Azərbaycan ilə yanaşı, xarici ölkələrədən dəvət olunacaq nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi xadimlərin və digər nümayəndələrin iştirakı ilə keçiriləcək foruma hazırılıq məsələləri ilə əlaqədar işçi qrupunun tərkibi də müəyyənləşdirilmişdir. Tədbirin əhəmiyyətini və mahiyyətini nəzərə alaraq onun beynəlxalq təşkiltlarda qeydiyyatının vacibliyi vurğulanmışdır.

Qeyd edək ki, Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi keçirilmişdir. Mərkəzin fəaliyyəti Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə qazandığı uğurlarla, onun mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanış etməyə, eləcə də ikitərəfli mədəni, təhsil, elmi-texniki proqramların, işgüzar əlaqələrin güclənməsinə kömək etməyə yönəlmişdir. Mərkəzin yeni binasının istifadəyə verilməsi Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində atılımış mühüm addımdır. Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iki ölkə arasındakı mövcud əlaqələri belə xarakterizə etmişdir: "Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyəti Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələri daha yüksək səviyyəyə qaldırır. Heç şübhəsiz, bu mərkəz əvvəlki kimi, Azərbaycan-Rusiya əməkdaşlığının, xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir... Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlər çox dinamik inkişaf edir. Bunu təsdiq edən çoxlu rəqəmlər və faktlar göstərmək olar. Lakin bugünkü mərasimə oxşar hadisələr bunun daha əyani sübutudur. Əgər iki ölkənin nümayəndələri bu cür mədəniyyət ocaqları yaradılması üçün vaxt tapırsa, bu, onları bir-birinə bağlayan tellərin möhkəmliyini, qarşılıqlı anlaşma və əməkdaşlıq istəklərini bir daha sübut edir".

Ümumiyyətlə, Rusiya-Azərbaycan əlaqələri son 7 ildə daha da inkişaf etmişdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın güclənməsinə ölkə başçılarının qarşılıqlı səfərləri də mühüm təsir göstərmişdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-26 yanvar.- S. 2.