Latviya azərbaycanlı sahibkarlar üçün çox əhəmiyyətli bir ölkədir

 

Bu yaxınlarda Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibindəki iş adamları arasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, "Aqrarkredit" Qeyri-Bank Kredit Təşkilatı idarə heyətinin sədri Məmməd Musayev də var idi. Xəbər verdiyimiz kimi, səfər çərçivəsində keçirilən görüşlərdə və Azərbaycan-Latviya biznes forumunda sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsinin hər iki ölkəni qane edən səviyyəyə çatdırılması barədə fikir mübadilələri aparılmışdır.

AzərTAc-ın müxbiri Məmməd Musayevin səfərlə bağlı təəssüratı, Azərbaycan-Latviya əlaqələrinin perspektivlərinə dair fikirləri ilə maraqlanmışdır.

- Sizcə, bu səfər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına hansı töhfəni verəcəkdir?

- 2011-ci ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf strategiyası müəyyən olunmuşdur. Sahibkarlığın inkişafına da xüsusi əhəmiyyət verilir. Sahibkarlığın inkişafında əsas amillərdən biri milli məhsulun ixrac qabiliyyətinin artırılması və iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Bu məqsədlə də ilin əvvəlində Prezident İlham Əliyevin Latviyaya səfəri çərçivəsində Latviya-Azərbaycan biznes forumu keçirilmişdir. Biznes forumunda Azərbaycanı 75-dən çox şirkətdən təxminən 100-ə yaxın sahibkar təmsil edirdi. Məqsəd iki ölkənin sahibkarları arasında işgüzar əməkdaşlığın inkişaf etdirilməsi idi. Forumda Azərbaycandakı investisiya mühitinin, sahibkarlığın inkişafı üçün görülən işlər barədə məlumatlar latviyalı həmkarlarımıza çatdırıldı. Onların arasında Azərbaycanda sərmayə yatırmaq, əməkdaşlıq etməkdə maraqlı olan çoxlu iş adamı var idi. Biz keçirdiyimiz təkbətək və ikitərəfli görüşlərdə də bunun şahidi olduq. Latviya bizim sahibkarlar üçün çox əhəmiyyətli bir ölkədir. Axı Latviya Avropa İttifaqının üzvüdür və ittifaq ölkələri üçün tətbiq olunan güzəştlərdən faydalanır. Bizim sahibkarlar da bu ölkə ilə əməkdaşlıq sayəsində Avropa bazarına çıxıb oradakı investisiya layihələrindən yararlana bilərlər.

- Azərbaycan-Latviya biznes əlaqələri hazırda hansı səviyyədədir və onun perspektivləri necə görünür?

- Bizim Riqadakı görüşlərimiz "İnvestisiya və maliyyə", "Tikinti və tikinti materialları", "Ərzaq emalı və aqrar sahədə şirkətlər" və "İT şirkətlər" bölmələri üzrə "dəyirmi masa"lar şəklində keçirilmişdir. Daha sonra yekun biznes forumu təşkil edildi. Burada Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Latviya Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilə imzalanması əlamətdar bir hadisə oldu. Müqaviləyə əsasən Azərbaycan-Latviya İşgüzar Əməkdaşlıq Şurası yaradılacaqdır. Bu yaxınlarda Şuranın üzvləri təsdiqlənəcək, mart və ya apreldə isə birgə iclas keçiriləcəkdir. İclasda iş adamlarımızın hansı formada əməkdaşlıq edəcəyi məlum olacaqdır. Tədbir Riqada keçiriləcək Azərbaycan-Latviya Hökumətlərarası komissiyasının iclası ərəfəsində baş tuta bilər. Birgə iclasda müzakirə olunacaq məsələlərin Komissiyanın iclasına təqdim olunması da nəzərdə tutulmuşdur. Sonra bu iclasların müntəzəm olaraq ildə iki dəfə keçirilməsi planlaşdırılır.

- Azərbaycan və Latviya iş adamları daha çox hansı sahələrə sərmayə yatırmaqda maraqlıdırlar?

- Əlbəttə, burada əsas maraq ticarət əlaqələridir. Ondan sonra, təbii ki, investisiya yatırılmasıdır. Bu məsələdə həm enerji, həm də qeyri-neft sektorlarına maraq böyükdür. İştirak etdiyim bir görüşdə iri sahibkarların xüsusi olaraq informasiya texnologiyalarına və qida sənayesinə maraq göstərdiklərinin şahidi oldum. Azərbaycanlı iş adamları isə daha çox inşaat, ticarət, xidmət, turizm sahələrinə maraq göstərirlər.

- Bu əməkdaşlıq sahibkarlarımız üçün hansı imkanları açacaqdır?

- Biz hesab edirik bu görüşlər yaxşı nəticələrə yol açacaqdır. Latviyalı həmkarlarımız digər Avropa ölkələri ilə əməkdaşlığın qurulmasında bizim sahibkarlara dəstək olacaqlarını öhdələrinə götürdülər. Biz də onlara qonşularımız - Türkiyə, İran və Qazaxıstanla daha sıx əməkdaşlıq etməkdə yardım göstərəcəyik. Biz bu ölkələrlə Latviyanı əlaqələndirmək istəyirik. Bununla yanaşı, Latviyanın təşəbbüsü ilə yaradılmış Əməkdaşlıq Şurasını yaxın zamanlarda Türkiyə, Rusiya və Gürcüstanla da yaratmağı düşünürük. Yəni biz Latviyanın bu təcrübəsini çox bəyəndik.

- Məlumdur ki, 2011-ci il Azərbaycan Prezidentinin göstərişi ilə "Turizm ili" elan edilmişdir. Konfederasiya turizm sektorunda fəaliyyət göstərən sahibkarlara hansı dəstəyi göstərməyi nəzərdə tutur?

-Latviyadakı tədbirdə Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov da iştirak edirdi. Ölkəmizin turizm imkanları barədə məlumat verildi. Həmkarlarımız bu istiqamətdə əməkdaşlığa da maraq göstərirlər.

Regionumuz turizm ənənələrinə malikdir və hazırda biz güclü rəqabət şəraitindəyik. Bizdə bu sahənin inkişafı üçün münbit şərait vardır. Bu gün iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkarlar üçün mövcud güzəştlər turizm sahəsinə də aiddir. Lakin düşünürəm ki, bununla kifayətlənməməliyik. Əlavə tədbirlər görüləcəkdir. İlk növbədə, turizm sektorunda fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edəcəyik. Qonşu ölkələrin, xüsusilə Türkiyənin təcrübələrindən yararlana bilərik. Bizdə turizm komissiyası vardır. Bu məsələ komissiyada müzakirə olunacaq, razılaşdırılmış təkliflər hökumətə təqdim ediləcəkdir.

 

 

Aygün ƏLİYEVA,

AzərTAc-ın müxbiri

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 2.