Türkiyənin "Todays Zaman" qəzeti "Dağlıq Qarabağ: həmişəkindən daha təhlükəli" sərlövhəli məqalə dərc etmişdir

 

Türkiyənin ingilisdilli "Todays Zaman" qəzetində jurnalist Amanda Paulun "Dağlıq Qarabağ: həmişəkindən daha təhlükəli" sərlövhəli məqaləsi dərc olunmuşdur.

Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən müəllif bildirir ki, bu problem Cənubi Qafqazda təhlükəsizliyə ən böyük təhdiddir. Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu yazan müəllif qeyd edir ki, Azərbaycanın bu bölgəsi və ətrafındakı yeddi rayonu Ermənistan tərəfindən işğal edilmişdir.

ATƏT-in Minsk qrupu vasitəsilə aparılan sülh danışıqlarının təxminən 20 ildir davam etdiyini deyən müəllif, xüsusi vurğulayır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından danışıqlar bu günə qədər nəticə vermir.

Məqalədə qeyd edilir ki, Ermənistan xam xəyallarla yaşayır. Müəllif yazır ki, bu ölkə Cənubi Sudanın müstəqilliyi ilə nəticələnən son referendumdan ruhlanıb. Jurnalist yazır: "Bu və Kosovo nümunəsi ermənilərə xam xəyallara qapılmağa cəsarət verib. Ancaq onlar unudurlar ki, gündən-günə inkişaf edən Azərbaycan Sudan deyildir. Bu münaqişələrin arasındakı fərqlərdən başqa, sənin arxanda həm də dünya birliyi dayanmalıdır. Bu gün Azərbaycan həm enerji sahəsində, həm də terrorizmlə bağlı mübarizədə Qərbin ən mühüm tərəfdaşı hesab edilir. Ona görə də, dünya güclərinin Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməsi heç bir normal məntiqə sığmır".

Yazıda o da deyilir ki, buna baxmayaraq, beynəlxalq birlik Azərbaycanın ümidlərini doğrultmur. Məqalədə deyilir: "Ölkənin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, NATO və Avropa İttifaqı tərəfindən tanınmasına, BMT Təhlükəsizlik Şurasının erməni təcavüzkarlarının işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən dörd qətnaməsinin qəbul etməsinə baxmayaraq, münaqişə hələ də həll edilməmiş qalır. Rəsmi Bakı hesab edir ki, beynəlxalq ictimaiyyət Ermənistanın danışıqlar prosesini uzatmaqda davam etməsinə göz yummaq əvəzinə, bu ölkəyə baza prinsiplərini qəbul etməsi üçün təzyiq göstərməlidir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanatlardan sitat gətirən müəllif yazır: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, rəsmi Bakı heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Dövlət başçısı ölkənin Silahlı Qüvvələrinin güclənməsi barədə danışarkən deyib ki, Azərbaycanın builki müdafiə xərcləri 3 milyard dollardan artıqdır. Bu da o deməkdir ki, nəyin bahasına olursa-olsun, Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəkdir".

Məqalə müəllifi, yazısının sonunda beynəlxalq birliyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ən böyük təhlükə olan Qarabağ probleminin həllinə daha çox diqqət ayırmağa çağırır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 2.