Avropa Şurasının ciddi islahatlara ehtiyacı vardır

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının növbəti yığıncağında qurumun islahatlar komissiyasının sədri fransalı deputat Jan-Klod Minonun "Avropa Şurasında islahat" məruzəsi geniş müzakirələrə səbəb olmuşdur.

Məruzə ətrafında müzakirələrdə çıxış etmiş Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir:

- Çox şadam ki, Avropa Şurasında uzun müddət intizarında olduğumuz islahatlarla bağlı müzakirələr başlanmışdır. Bunu ona görə deyirəm ki, AŞ PA-nın keçənilki sessiyalarının birində Avropa Şurasının dəyərləri ilə bağlı tənqidi bir çıxış etdim. Mənim bu çıxışımın əsası var idi. Avropa Şurasında demokratik üsul-idarə ona görə çox vacib və əhəmiyyətlidir ki, başqa üsul-idarələrdən fərqli olaraq təşkilatın daxilindəki demokratik üsul-idarə onu tənqid etməyə imkan verir. Tənqid olmayan demokratik cəmiyyət süquta uğrayır. Biz uzun illər ərzində görmüşük ki, Avropa Şurasında belə bir hakim tezis hökm sürürdü: Biz, yəni Avropa Şurası haqlıyıq, siz - başqa tərəf, başqa ölkə isə haqsız, siz günahkarsınız. Dəfələrlə biz deyəndə ki, belə işləmək mümkün deyil və bu tezisin kökündə yanlış bir fəlsəfə dayanıb, bizi eşitmək, bizə qulaq asmaq fikrində deyildilər. Nəhayət, gec də olsa başa düşdülər ki, Avropa Şurası öz işini özünütənqid formasında qurmalıdır. Avropa Şurasının daxilində islahatlar getməsə, bu təşkilat süquta uğrayacaqdır. Nə üçün? Ona görə ki, müxtəlif ölkələrə müxtəlif dəyərlərlə yanaşmamalıyıq. Avropa Şurasının ümumi dəyərləri və quruma üzv olan müxtəlif ölkələr vardır. Avropa Şurasında eyni meyarlar böyük və kiçik dövlətlərə müxtəlif şəkildə şamil olunmamalıdır. Əksinə, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün ölkələrə eyni şəkildə şamil olunmalıdır. Buna misal olaraq siyasi məhbus probleminə dair ölkəmiz üzrə məruzəçinin təyin edilməsini diqqətinizə çatdırmaq istəyirəm. Əslinə qalsa, bu problem Avropa Şurasının üzvü olan ölkələrin əksəriyyətində mövcud olan problemdir. Amma bunu yalnız bir ölkəyə şamil etmək, digərlərində görməmək Avropa Şurasının nüfuzuna ciddi təsir göstərir. Əlbəttə, mən belə hesab edirəm ki, cənab Jan-Klod Minonun AŞ-da islahatlarla bağlı məruzəsindən irəli gələn müddəalar Avropa Şurasının işi üçün faydalı olacaqdır. Biz - Azərbaycan tərəfi Avropa Şurasında gedən proseslərin təhlilində iştirak etməyə, qurumla bağlı tənqidi məqamları İslahatlar Komissiyasına çatdırmağa hazırıq. Əminəm ki, belə də olacaqdır.

Müzakirələrə qoşulmuş deputat Rafael Hüseynov çıxışında demişdir:

- Artıq 2 ildir ki, Avropa Şurası ömrünün yeddinci onilliyini yaşayır, bir neçə ildir ki, bu təşkilatda müəyyən yeniləşmələr, islahatlar aparılması zərurəti haqqında müzakirələr gedir və bu, çox təbiidir. Çünki insan haqlarının qorunması, demokratiyanın bərqərar olması yolunda Avropa Şurası xeyli uzaqda qalmış 1949-cu ildə mübarizələrə başlayanda dünya indikindən çox fərqli idi. Avropa Şurası bir Avropa təşkilatı kimi yaransa da, lap çoxdan həmin çərçivədən çıxaraq dünyanın taleyüklü məsələlərinin həllinə çalışan, özünü yalnız bir qitənin deyil, bütövlükdə bəşəriyyətin qarşısında məsuliyyət daşıyan qurum kimi tanıdıb. Dünya XXI əsrə, üçüncü minilliyə 60 il, 50 il, 40 il, 30 il əvvəlkindən daha demokratik cəmiyyətlərin mövcud olduğu bir şəkildə çatıbsa, bunda Avropa Şurasının müstəsna xidmətləri var və insanlıq bu xidmətləri həmişə minnətdarlıqla xatırlamalıdır. Bəlkə dünyanın kəskin şəkildə 2 siyasi düşərgəyə ayrıldığı vaxtların artıq keçmişdə qaldığı bir dövrdə Avropa Şurasına daha ehtiyac yoxdur və onu islahatlarla zamana uyğunlaşdırmağa səy göstərməkdənsə, bəlkə başqa daha modern bir təşkilat yaratmaq daha məqsədəuyğun olardı? Zənnimcə, yox! Avropa Şurasının həm Avropaya, həm dünyaya deyiləsi sözü, görə biləcəyi işlər hələ çoxdur və bu təşkilatın həm zəngin təcrübəsi, həm də tarixin sınağından keçmiş dəyərli iş üsulları var. Lakin bir sıra məqamlar da var ki, onlardan qətiyyətlə imtina edilməli, bir sıra qəlibləşmiş və köhnəlmiş iş üsulları da var ki, onlar mütləq dəyişməlidir. Əks təqdirdə bu mühüm təşkilat yalnız özü deyib özü eşidən və əhəmiyyətini, təsir gücünü itirən formal bir quruma dönə bilər. Ən azı arxada qalan böyük yolun naminə buna qətiyyən yol vermək olmaz!

Avropa Şurasında yaxşı nədir, pis nədir?

Avropa Şurası komitələrində hazırlanan məruzələrin, onların qətnamə layihələrinin müzakirələri lap əvvəldən bu təşkilatda müəyyənləşmiş qaydalara görə ən prinsipial və yüksək elmi səviyyədə keçir, bəzən bir sözün, bir deyilişin, bir cümlənin ən dəqiq, ən sərrast ifadə formasını tapmaq üçün diskussiya yarım saat, bir saat davam edir. Heç kəs də bu müzakirələrdə mükəmməlliyə nail olmaqdan ötrü sərf edilən vaxta görə heyfsilənmir. Bu, Parlament Assambleyasındakı təqdirəlayiq cəhətlərdəndir.

Lakin sonra nə baş verir?

Üzərində o qədər zəhmət çəkilmiş, ağıl, enerji sərf edilmiş məruzə və qətnamə arzuolunan davamını, inkişafını tapmır. Sessiyalarımızın son iş günlərinə salınan, həm də adətən vacib problemlərə həsr edilmiş məruzələrin dinlənilib müzakirə edilməsinə vur-tut 25-30 dəqiqə vaxt ayrılması, cümə günü olduğu üçün zalda yaxşı halda 25-30 deputatın toplaşması təəssüf doğurur. Yaxud son dərəcə ciddi qətnamə qəbul edilir, hətta həmin qətnamənin icrasına nəzarət məqsədi ilə ayrıca yardımçı komitə təsis edilir. Ortadasa iş olmur. Hansısa tərəfin qeyri-obyektiv, qanunazidd münasibəti sanki Avropa Şurası kimi mötəbər təşkilatı tərəddüd göstərməyə vadar edir. Beynəlxalq təşkilatın nüfuzunu təmin edən birinci amilsə onun qəbul etdiyi qərarların icrasının mütləqliyidir.

Bu söylənənlərə illüstrasiya olacaq bir nümunə - 2005-ci il yanvarın 25-də Parlament Assambleyası Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 1416 saylı qətnaməsini təsdiqləyib. Bu qətnamədəki müddəaların həyata keçirilməsi ilə əlaqədar müvəqqəti komitə yaradıb. Avropa Şurasının Nizamnamə tələblərini bu quruma üzv olduğu 10 il ərzində müntəzəm olaraq pozan, təcavüzkar olduğunu həm Avropa Şurasının, həm BMT-nin rəsmən elan etdiyi Ermənistan isə qətnaməyə əməl etmir, yaradılmış alt komitənin işinə mane olur. Avropa Şurası da bu özbaşınalığa sərt reaksiyasını vermir, sanksiyalar tətbiq etmir. Bununla da başqalarının oxşar hərəkətlərinə, Avropa Şurası qətnamələrinə biganə münasibətinə əsas yaranmış olur.

Dünya tarixində qalan qüdrətli dövlət adamlarından olmuş Teymurləng "Hökmdarın sözü qılıncından iti olmalıdır", - deyib. Nüfuzunun yüksəlməsini, gərəkliliyinin artmasını və ömrünün uzun olmasını istəyən təşkilatınsa sözü də, iradəsi də, qətiyyəti də qılınc kimi iti olmalı, qərarları kağız üzərindən həyata köçməlidir. Mümkün islahatların başlanğıc nöqtəsi budur!

Digər azərbaycanlı deputat - Qənirə Paşayeva çıxışını əsasən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, bir milyondan çox azərbaycanlının silah gücünə doğma torpaqlarından zorla çıxarılması üzərində qurmuşdur: Biz "Avropa Şurasında islahatlar" deyəndə bu islahatlara geniş şəkildə baxmalıyıq. Bu islahatlar nədən ibarət olmalıdır? İlk növbədə, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) qəbul olunan qərarların yerinə yetirilməsi üçün daha ciddi mexanizmi işə salmalıyıq. Çünki bir çox qərarlar qəbul edirik, amma onlar üzv ölkələrin bir çoxunda yerinə yetirilmir. Sadəcə, bir neçə ölkəni monitorinq altında saxlamaq lazım deyildir. Bütün ölkələrdə monitorinq aparmaq lazımdır. Bu zaman biz bir çox problemlərin qarşısını vaxtında ala bilərik. Əgər AŞ PA-ya hörmət edilməsini istəyiriksə, o zaman qurumun bütün qərar və qətnamələrinin üzv dövlətlərdə yerinə yetirilməsinə nail olmalıyıq. Ermənistan nümayəndə heyətinin üzvü növbəti dəfə ölkəmiz barədə yanlış məlumat vermişdir. Guya Azərbaycan Konstitusiyasında edilmiş dəyişikliklər Avropa Şurasının normalarına cavab vermir, prinsiplərinə ziddir. Xeyr, bizim Konstitusiyada etdiyimiz dəyişikliklər insan haqlarının, demokratiyanın inkişafı baxımından çox vacib bir addımdır. Azərbaycan Avropa Şurasına daim hörmətlə yanaşmış, onunla əməkdaşlığı daim inkişaf etdirmişdir. Görəsən, ölkəmizə qarşı qərəzli mövqe tutmuş erməni deputatının vətəni Ermənistan AŞ dəyərlərinə hörmətlə yanaşırmı, onun qərarlarına əməl edirmi? Avropa Şurasının əsas təməl prinsiplərindən biri, cənab Jan-Klod Minon öz məruzəsində düzgün olaraq qeyd etdiyi kimi, üzv ölkələrdən biri digər üzv dövlətin ərazisini işğal edə bilməməsidir. Amma Avropa Şurasının üzvü olan Ermənistan qurumun üzvü olan Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir və 20 ildir ki, bu işğalçılıq siyasəti davam edir.

AŞ-nin digər prinsiplərindən biri də insan hüquqlarıdır. Ermənistan AŞ-nin bu prinsipinə məhəl qoymur. Əksinə, onu kobud şəkildə pozur. Bir milyon azərbaycanlı 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün kimi yaşayır. AŞ-nin qərarlarına hörmətsizlik göstərən Ermənistan adi insani hüquqlardan məhrum olmuş bu insanların doğma torpaqlarına qayıtmasına imkan vermir. Ona görə də belə bir ölkənin AŞ prinsiplərindən danışmağa haqqı da yoxdur. Bütün bunlar ona görə baş verir ki, Avropa Şurasının qəbul olunmuş qərarlarının yerinə yetirilməsinə dair sərt mexanizmi yoxdur. Bir neçə il bundan əvvəl AŞ PA 1416 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədə AŞ Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini dərhal azad etməyi tələb edirdi. Amma indiyə kimi Ermənistan həmin qətnaməni yerinə yetirməkdən tamamilə imtina edir. Deputatlar belə qətnamələrin yerinə yetirilməsinə seyrçi münasibət bəsləməməlidirlər. Əks halda AŞ-nin gələcək taleyi sual altına düşə bilər və o öz nüfuzunu itirər. AŞ bu hallarda kəskin mexanizmə əl atmalı, itməkdə olan nüfuzunu qorumalıdır. Bu gün biz AŞ-də islahatlar məsələsini müzakirə edirik. Mənim fikrimcə, bu islahatların gələcəkdə əsas prinsiplərindən biri qəbul olunmuş qərar və qətnamələrin dərhal və sözsüz yerinə yetirilməsini təmin etməkdən ibarət olmalıdır. Məhz bu halda AŞ-nin nüfuzu yüksələcək, ona böyük hörmət və ehtiram bəsləniləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 27 yanvar.- S. 5.