Nazirlər Kabineti mövcud qərarlara bəzi əlavələr etmişdir

 

Yanvarın 25-də Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" mövcud qərarlara bəzi əlavələr edilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumatda bildirilir ki, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Nazirlər Kabineti İqtisadi İnkişaf Nazirliyinin Maliyyə, Kənd Təsərrüfatı, Vergilər, Ədliyyə nazirlikləri Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" mövcud qərara bu məzmunda yarımbənd əlavə etmişdir: "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı təsdiq edilsin".

Bundan başqa, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Nazirlər Kabinetinin mövcud qərarına da belə bir yarımbənd əlavə olunmuşdur: "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı təsdiq edilsin".

2011-ci il martın 1-dən qüvvəyə minən bu qərar üç il müddətində qüvvədə olacaqdır.

Qərarın tam mətni ilə, o cümlədən, mətnə əlavə edilmiş siyahılarla Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda ətraflı tanış olmaq mümkündür.

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 4.